Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3966/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2 Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(009)-50/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 1845 nömrəli, 14 dekabr 1998-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin X4 adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir, sərəncama eskiz əlavə edilməmişdir.
2. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Badamdar qəsəbəsində fərdi evlərin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 2259 nömrəli, 14 iyul 1994-cü il tarixli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 921 nömrəli, 01 iyul 1994-cü il tarixli Sərəncamına istinad edərək və “Bibiheybətneft” NQÇİ-nin rəhbərliyinin təqdim etdiyi fəhlə və qulluqçuların siyahısına əsasən /01.Х.454 №-li, 11 iyul 1994-cü il tarixli məktub/ aşağıda qeyd olunan vətəndaşlara fərdi evlərin tikintisi üçün torpaq sahələri hərəsi /600 /altı yüz/ kv.m ayrılması, Badamdar qəsəbəsində 600 /altı yüz/ kv.m fərdi ev tikmək üçün X5 ayrılması qərara alınmışdır, sərəncama eskiz əlavə edilməmişdir.
3. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Səbail RİHB-nın 2259 №-li, 14.07.94-cü il tarixli Sərəncamının 2.12-ci bəndində düzəliş edilməsi barədə” 3472 nömrəli, 24 oktyabr 1994-cü il tarixli Sərəncamından görünür ki, “Bibiheybətneft” NQÇİ-nin vx. 2951 №-li, 11.10.94-cü il tarixli məktubuna istinad edilərək, “Bibiheybətneft” NQÇİ-nin fəhlə və quluqçularına Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2259 №-li, 14.07.94-cü il tarixli Sərəncamının 2.12-ci bəndinə əsasən X9 ayrılmış torpaq sahəsi, onun oğlu X10 adına sənədləşdirilməsi qərara alınmışdır.
4. X15 12 aprel 2022-ci il tarixdə vəfat etmişdir.
5. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə üzrə nümayəndəsinin 372 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, X15 vəfat edən günə qədər Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 268 ünvanında qeydiyyatda olmuş və qonşuların aktına əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə bu ünvanda qeydiyyatsız yaşayır.
6. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsəlik işi ilə əlaqədar ərizəçi tərəfindən notariat ofisinə müraciət daxil olmuş, o və qardaşı Cavabdeh miras qoyanın vərəsəsi kimi tanınmışlar. Hal-hazırda vərəsəlik işi ilə əlaqədar Notariat ofisinə onlardan başqa heç bir müraciət daxil olmamışdır.
7. Bakı şəhəri 45 saylı Notariat ofisi tərəfindən İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 135 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı mütaciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2015-ci ildə vəfat etmiş X8 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X8 adına olan Bakı şəhəri, Səbail rayonu, Badamqar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunmuşdur.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11 yanvar 2024-cü il tarixli, 3-21-2-30/2- 71580-8/202-**********15 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti ilə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələr qeyd edilməmişdir. Bundan əlavə, təqdim edilmiş Səbail Ryaon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1845 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərin aparılması və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planların hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun atasına məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmə və çöl ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Sonradan İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh iddiaçının atasına məxsus ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmə və çöl ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1845 saylı xx.xx.1998-ci il tarixli Sərəncamla ünvan 5 ərazisində torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və həmin İdarədən mütəxəssis onun atasına məxsus torpaqda baxış keçirərkən cavabdeh tərəfindən torpağın həyət qapısı qaynaqlanaraq ora qıfıl bağlanmış və mütəxəssis tərəfindən hər hansı işlərin görülməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq ona 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən rəsmi məktub da göndərilmişdir. Ona görə də, maneəni aradan qaldırmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli, 3-21-3-30/2-49434/2024 nömrəli məktubundan görünür ki, torpaq sahəsinə baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 670,0 m2 təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi digər 660,0 m2 olan sahə ilə bir hasar daxilindədir (ara sərhədləri daş divarın bünövrəsi ilə sərhədlənib). Mübahisəli olan torpaq sahəsi üzərində birmərtəbəli qeyri-yaşayış obyekti mövcuddur. Digər 660,0 m2 olan sahə üzərində isə ikimərtəbəli yaşayış evi var. Bundan əlavə sahə üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Əlavə olaraq bildirilir ki, torpaq sahələrinə dair heç bir sənəd təqdim edilmədiyindən qərardadda qeyd olunan sualların cavablandırılması tərəflərindən mümkün olmamışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisinin 3-21-3-30/2-5171/2025 saylı, 10 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 m2 olsa da, faktiki olaraq 670,0 m2 təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi digər 660,0 m2 olan sahə ilə bir hasar daxilindədir (ara sərhədləri daş divarın bünövrəsi ilə sərhədlənib). Mübahisəli olan torpaq sahəsi üzərində birmərtəbəli qeyriyaşayış obyekti mövcuddur. Digər 660,0 m2 olan sahə üzərində isə ikimərtəbəli yaşayış evi var. Bundan əlavə sahə üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik hava xətti keçir. Torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər və dəqiq istinadlar qeyd olunmayıb. Mübahisəli olan faktiki olaraq göstərilən 670,0 m2 torpaq sahəsinin koordinatları əlavə olunur. Bir hasar daxilində yerləşən 660,0 m2 torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, sahələrdən birinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən, digər sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını və sahələrin yanaşı qonşu olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/760 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrəli Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-5171/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 m2 olsa da, faktiki olaraq 670,0 m2 təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi digər 660,0 m2 olan sahə ilə bir hasar daxilində olduğu müəyyən edilmişdir (ara sərhədləri daş divarın bünövrəsi ilə sərhədlənib). Mübahisəli olan torpaq sahəsi üzərində birmərtəbəli qeyriyaşayış obyekti olduğu müəyyən edilmişdir. Bundan əlavə sahə üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik hava xətti keçdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər və dəqiq istinadlar qeyd olunmayıb. Mübahisəli olan faktiki olaraq göstərilən 670,0 m2 torpaq sahəsinin koordinatları əlavə olunur.
15. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi, yəni Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 600 (0,06 ha) kv.metr torpaq sahəsi cavabdehin babası X5 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərancamına əsasən ayrılmışdır. Sonradan Bakı şəhəri Səbail Rayon icra Hakimiyyəti başçısının 24 oktyabr 1994-cü il tarixli, 3472 nömrəli sərancamına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərəncamının 2.12-ci bəndində düzəliş edilərək, həmin torpaq sahəsi cavabdehin mərhum atası X7 adına sənədləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və cavabdeh və ailə üzvləri həmin evdə yaşamağa başlamşlar və hal - hazırda da cavabdeh ailə üzvlərilə birlikdə həmin mübahisəli torpaq sahəsində inşa edilmiş evdə yaşayırlar. Bunu Səbail RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 372 saylı arayışı da təsdiq edir. Cavabdehin mərhum atası X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra cavabdeh və onun bacısı X14 notariat ofisinə miras əmlakın qəbulu ilə əlaqədar müraciət etmişlər və onlar ataları X7, yəni miras qoyanın vərəsəsi kimi tanınmışlar. Bakı şəhəri 40 sayİı notariat ofisinin xx.xx.2022-ci il tarixli arayışı da bunu təsdiq edir. Həmin arayışdan həmçinin aydın olur ki, hal-hazırda vərəsəlik işi ilə əlaqədar notariat ofisinə onlardan başqa heç bir müraciət daxil olmamışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilk olaraq cavabdehin babası, yəni iddiaçının da atası X5 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərancamına əsasən ayrılsa da, sonradan Bakı şəhəri Səbail Rayon icra Hakimiyyəti başçısının 24 oktyabr 1994-cü il tarixli, 3472 nömrəli sərancamına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli, 2259 nömrəli sərəncamının 2.12-ci bəndində düzəliş edilərək, həmin torpaq sahəsi cavabdehin mərhum atası X7 adına sənədləşdirilmişdir. Bundan sonra həmin əmlak üzərində olan bütün hüquqlar cavabdehin mərhum atası X1 və onun da birinci növbəli vərəsələri cavabdeh və bacısı olduğundan, onların mərhum atalarının bacısının, yəni hazırkı İddiaçı həmin əmlak, torpaq üzərində heç bir subyektiv hüququ mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək ümumiyyətlə mümkün deyildir. Eləcə də bildirir ki, iddiaçının iddia etdiyi “Köhnə bağlar” ərazisində torpaq sahəsi cavabdehin torpaq sahəsinin yerləşdiyi yerdə deyil, tamamilə başqa istiqamətdə yerləşir.
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(009)- 50/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
17. Qətnamənin əsaslarına görə, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin mərhum atasına ayrılmış torpaq sahəsi ilə eyni ünvanda yerləşməsinin müəyyən edilməsi, mübahisəli sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən, mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üzrə mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və sübutlar təsdiq edirdi ki, bu iki Sərəncamla ayrılmış torpaq sahəsi mərhum atası X5 “Bibiheybətneft”NQÇİ-də 55 illik ağır əmək fəaliyyətinə və ev növbəsində olduğuna görə verilib. Atası həmin torpaq sahəsini təkcə iddiaçının mərhum qardaşı Vafiq üçün deyil, bütün övladları üçün almışdı. O, 1979-cü ildə ev növbəsinə duran zaman 49 m2-lik gecəqondu özütikili evdə 8 nəfər ailə üzvü qeydiyyatda idi. 1994-cü ildə atasının ev növbəsi çatanda qeydiyyatda olan ailə üzvlərinin sayı 23 nəfərə çatmışdı. Ailə üzvlərinin çox olmasını və iddiaçının atasının çox illik əmək fəaliyyətini nəzərə alaraq, 600 m2 torpaq sahəsi əvəzinə iddiaçının atasına 1330 m2 torpaq sahəsi ayırdılar. Bu boş torpaq sahəsini iddiaçının ailə üzvləri zəhməti, alın təri, maddi dəstəyi ilə ərsəyə gətirmişdilər. İddiaçı əvvəlcə torpağı daş hasara almış, orada əvvəlcə bir mərtəbəli, iki otaqlı ev, sonra isə ikimərtəbəli, beş otaqlı ev tikmişdir. Bu torpaq sahəsi əlindən alınıb, zəbt edən iddiaçının mərhum qardaşı oğlu və anasının bu torpaqda nə zəhməti nə də maddi köməkləri olmuşdur. 15 il bundan əvvəl 2007-ci ildə cavabdehin anası Nümayəndə1 özü şəxsən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum qardaşı Vaqifdən boşandı. Onların ataları ləyaqətli insan idi. İddiaçının qardaşı rəhmətə getdikdən sonra, qarşı torpağı zəbt edib, iddiaçı tərəfin hüquqlarını pozurlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı və onun nümayəndəsi Nümayəndə2 Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişlər.
23. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
24. Üçüncü şəxs (onun nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
25. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlamış 18 noyabr 2025-ci il tarixli, 5-19/2-1946/2025 tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 14 dekabr 1998-ci il tarixli, 1845 saylı Sərəncamının verilməsi üçün əsas olmuş bütün sənədlərin (eskiz layihə və digər sənədlərin) Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuş, lakin sözügedən sənədlər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Birinci instansiya məhkəməsi tərəfindən nəticəyə gəlinərkən hər hansı bir maddi hüquq normasına istinad olunmasa da, mahiyyəti üzrə düzgün nəticəyə gəlindiyindən, həmçinin, maddi və prosessual hüquq normalarının pozulması halları mövcud olmadığından Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələbi baxımından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
31. İşin müəyyən olunmuş halları bundan ibarətdir ki, iddiaçı mərhum atası X4 adına olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 14 dekabr 1998-ci il tarixli, 1845 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydə alunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir.
32. Həmin sərəncamda isə qeyd olunur ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsi X4 adına sənədləşdirlsin və orada fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Dövlət Arxivinin Bakı filialının 19 dekabr 2023-cü il tarixli məktubunda qeyd olunur ki, sərəncama eskiz əlavə olunmamışdır.
33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 yanvar 2024-cü il tarixli məktubunuda (iş materiallarının 4-5-ci vərəqələri) hüquqların döalət qeydiyyatına alınmasından imtina edilməsinin səbəbləri kimi aşağıdakılar qeyd olunmuşdur: - təqdim edilmiş yerləşmə cizgisində istinadların, istinad məsafələrinin qeyd olunmaması; - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 14 dekabr 1998-ci il tarixli, 1845 saylı sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd olunmaması; - torpaq sahəsinə texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması.
34. Göründüyü kimi imtinanın yeganə səbəbi torpaq sahəsinə texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması deyildir. Arxiv məlumatına əsasən sərəncama eskizin əlavə olunmadığı, həmin sərəncamda torpaq sahəsinin ölçüsünün belə göstərilmədiyi, hətta iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində istinadların, istinad məsafələrinin qeyd olunmadığı halda mütəxəssisin hansı sənəd, texniki göstəricilər əsasında ölçmə işlərinin apararacağı məlum deyildir və mümkünsüzdür.
35. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunaraq Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1845 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə X5 Badamdar qəsəbəsi “Köhnə bağlar” ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 2259 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X5 ayrılmış 600 kv.m. torpaq sahəsinin qonşu torpaq sahələri olub – olmamasını və digər halların müəyyənləşdirilməsi ilə bağlı suallar qoyulmuşdur.
36. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş mütəxəssis rəyində (iş materiallarının 142- 143-cü vərəqələri) torpaq sahəsinə hakim, iddiaçı və cavabdehlərin iştirakı ilə birgə baxış keçirildiyi, torpaq sahəsinin yerləşmə cizgisində peritetrik ölçülərin və digər istinadların qeyd olunmadığı səbəbindən sənədin göstərilən sahəyə aid olmasının müəyyənləşdirməyin mümkün olmadığı qeyd olunmuşdur.
37. Göründüyü kimi tələbin mahiyyətini “ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmə və çöl ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması” təşkil edir və məhz həmin idarənin mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilsə də, yuxarıda göstərilən səbəblərdən sənədin göstərilən sahəyə aid olmasının müəyyənləşdirməyin mümkün olmamışdır. Yəni, imtina məktubunda qeyd olunan və hazırkı mübahisənin əsasını təşkil edən “torpaq sahəsinə texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması” əsası aradan qalxmışdır, hüququn qeydə alınmasından imtina olunması üçün digər səbəblər (təqdim edilmiş yerləşmə cizgisində istinadların, istinad məsafələrinin qeyd olunmaması, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 14 dekabr 1998-ci il tarixli, 1845 saylı sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd olunmaması) mövcud olduğundan imtina olunmuşdur.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığı ilə bağlı hər hansı bir dəlil irəli sürülməsə də, apellyasiya instansiyası məhkəməsində də əlavə araşdırma aparılaraq mübahisənin əsasını təşkil edən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 14 dekabr 1998-ci il tarixli, 1845 saylı Sərəncamının verilməsi üçün əsas olmuş bütün sənədlərin (eskiz layihə və digər sənədlərin) məhkəməyə təqdim olunması xahiş edilmişdir. Qeyd olunan sorğunun verilməsində məqsəd ondan ibarət olumşdur ki, digər texniki sənəd mövcuddursa, həmin sənədlər əsasında araşdırmanın aparılması təmin və ya iddianın təmin olunması üçün digər əsasların olub – olmadığı müəyyən edilsin. Lakin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlamış 18 noyabr 2025-ci il tarixli, 5-19/2- 1946/2025 tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, həmin sənədlər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Yəni, iddiaçı tərəfindən də birinci instansiya məhkəməsinə təqdim olunmuş və mütəxəssis tərəfindən aparılmış araşdırmanın predmeti olmuş texniki sənədlər belə arxivdə mövcud deyildir.
39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(009)-50/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(009)-50/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.