Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3967/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-16365İB/2019 Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda (ÜŞT) qeyd edilmiş şərtləri qəbul edir. ÜŞT-yə əlavə olan 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik 26 % dərəcəsi, illik 180% cərimə dərəcəsi olmaqla 2000 manat məbləğdə kredit verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 0024075AZN00243 saylı maliyyələşdirmə ərizəsi üçün yaranmış 1291.58 manat əsas borc, 379.02 manat faiz borcu, 1280.71 manat cərimə borcu olmaqla, cəmi 2951.31 manat pulun, 41010AZNFK********** saylı sms məlumatlandırma üzrə yaranmış 8 manat əsas borcun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ASC-dən tutulmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan qeyd edilən ərizə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğlərdə borcu yaranmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia qismən təmin olunaraq, cavabdehdən 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə 1291,58 manat əsas, 379,02 manat faiz, 150 manat cərimə, sms məlumatlandırma xidmətinə görə 8 manat olmaqla, cəmi 1828,60 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, ümumilikdə 1878,60 manat alınaraq iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə əsas və faiz borcun, azaldılmış dəbbə pulunun və məhkəmə xərclərinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 467, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv, iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən 0024075AZN00243 saylı maliyyələşdirmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 830 gün olduğundan cərimə məbləğinin 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 10.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 12.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 13.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya baxışının hədləri 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 15.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən cərimə borcunun təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 17.İddiaçının şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən tələb olunan 1280.71 manatdan dəbbə pulunun məbləğini 150 manata endirməkdə haqlı olmuşdur. 18.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə - 150 manat dəbbə pulunun tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 19.Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Dəbbə pulunun təmin olunmuş hissəsi tərəflərin əmlak mənafelərinə uyğun, əsas borca mütənasibdir. 20.Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 21.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). 22.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.