Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3967/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2320/2024 nömrəli 13 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahlarından 04 avqust 2013-cü il təvəllüdlü X4 və 02 mart 2016-cı il təvəllüdlü X6 doğulmuşdur.
2. Zərdab Rayon Məhkəməsinin 2(035)-228/2022 nömrəli 01 mart 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, 02 mart 2016-cı il təvəllüdlü X5 Cavabdeh, 04 avqust 2013-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması, İddiaçı 02 iyul 2020-ci il tarixdən başlayaraq 02 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin tutularaq Cavabdeha qızına ödənilməsi qət edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq iddiaçı Cavabdeha qızına ödənilməsi qət edilmişdir.
4. Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsi ilə Cavabdeha qızından 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 85 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir, onun aylıq əmək haqqı məbləği 1369 manat təşkil edir.
6. Cavabdeha qızının rəsmi gəlir məlumatları mövcud deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsinə əsasən 22 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh onun xeyrinə hər ay 85 manat olmaqla tutulması qət edilmiş alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 228/2022 nömrəli 01 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında rəsmiləşdirilmiş nikah pozulmuş, 04 avqust 2013-cü il təvəllüdlü X3 onun, 02 mart 2016-cı il təvəllüdlü X5 isə anası Cavabdeh yanında saxlanılması, X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sabit pul məbləğində 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Zərdab Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək X1 üçün Cavabdeha qızının xeyrinə hər ay onun qazancı və başqa qəlirlərinin ¼ hissəsində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2384/2023 nömrəli 03 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsinə əsasən 22 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh onun xeyrinə hər ay 85 manat aliment tutulması qət edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 mart 2023-cü il tarixli 2(011)-2320/2024 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən dəyişdirilə bilər. İddiaçı isə özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. İddianın dəlilləri əsasən ondan ibarət olmuşdur ki, cavabdeh onunla yaşayan uşaqla ünsiyyətdə olmağa maneələr yaradır, bununla da ona əlavə maddi zərər yetirir. Bundan başqa iddiaçı özü ilə qalan uşağa tək başına baxır və cavabdehin xeyrinə qazancı digər gəlirlərin ¼ hissəsində alimenti ödəyir. Lakin qeyd edilən dəlillər, alimentin miqdarının artırılması ilə bağlı iddianın təmin olunması əsas ola bilməz. Belə ki, aliment yetərli maddi imkanı malik olmayan valideynin yanında qalan uşağın tələbatlarını ödənilməsi məqsədi ilə tutulur. Alimentin məbləği isə uşağın tələbatlarını ödəyəcəyi qədərdə müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi, Cavabdeh yanında qalan uşağın tələbatlarını ödəmək məqsədi ilə hər iki tərəfin maddi vəziyyəti də nəzərə alınmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq iddiaçı Cavabdeha qızına ödənilməsi qət edilmişdir. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin artırılması Cavabdeh yanında qalan uşağın maraqlarına xələl gətirmiş olacaq.
11. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1-75.4, 78, 100, 112.1, Mülki Prosessual Məcəllənin 119-cu maddələrinə, “Uşаq hüquqlаrı hаqqındа” Аzərbаycаn Respublikаsının Qаnununa, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırmadan iddianı təmin etməməklə düzgün etməmişdir. Birinci instansiya məhkəməsi uşaqların saxlanılmasında cavabdehin də onunla bərabər hüquq daşıdığını və onun himayəsində olan uşağının yaxşı yaşamasının cavabdehin də borcu olduğunu qiymətləndirməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Hazırki vəziyyətdə qanunvericiliyin tələbinə uyğun olaraq alimentin artırılmasına imkan verən hal, yəni cavabdehin maddi vəziyyətinin yaxşılaşması yönündə dəyişiklik baş verməsi müəyyən edilməmişdir. Ona görə də alimentin artırılması əsasları yaranmamışdır.
31. İddiaçı apellyasiya baxışı zamanı bildirmişdir ki, hazırki iddianın qaldırılmasında məqsəd cavabdehin onunla yaşayan uşağı ilə görüşməsinə mane olması, məhkəmə qərarı olsa da, icra edilməmiş qalması, uşağı ilə görüşməsinə maneələr yaradılması təşkil edir.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq bu dəlillərlə bağlı göstərmişdir ki, qeyd edilən dəlillər, alimentin miqdarının artırılması ilə bağlı iddianın təmin olunması əsas ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2320/2024 nömrəli iş üzrə 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.