Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3969/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1053/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. 29 oktyabr 2020-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən cavabdehə 5 il müddətinə 30.000 manat kredit kart limiti (kredit xətti) ayrılmışdır.
2. 20 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 21,820.88 manat əsas, 1,669.99 manat faiz, 2,192.28 manat cərimə, 1 manat komissiyalar üzrə borc olmaqla ümumilikdə 25,684.15 manat borcu vardır.
3. 24 sentyabr 2024-cü il tarixli mobil telefon tətbiqi ilə göndərilmiş pretenziyadan görünür ki, iddiaçı müqavilə üzrə yaranmış 21,820.88 manat əsas, 1,669.99 manat faiz, 811.67 manat cərimə, 1 manat komissiyalar üzrə borc olmaqla ümumilikdə 24,303.54 manat borcun tam şəkildə 5 iş günü müddətində ödənilməsini tələb etmişdir.
4. 29 oktyabr 2020-ci il tarixli bank hesabı müqaviləsi üzrə hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh kartla ona ayrılmış məbləği şəxsi istehlak, gündəlik məişət məqsədləri üçün müxtəlif məbləğlərdə istifadə etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı «X6 Azərbaycan» QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 21,820.88 manat, hesablanmış və ödənilməmiş faiz borcu : 1,669.99 manat cərimə borcu: 2,192.28 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 1.00 manat, olmaqla cəmi borc: 25,684.15 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30.66 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2020-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X2 istehlak yönümlü 30 000 (otuz min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1053/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh 21,820.88 (iyirmi bir min səkkiz yüz iyirmi manat səksən səkkiz qəpik) manat əsas, 1,669.99 manat (min altı yüz altmış doqquz manat doxsan doqquz qəpik) faiz, 811.67 (səkkiz yüz on bir manat altmış yeddi qəpik) manat cərimə, 1 (bir) manat komissiyalar üzrə borc olmaqla, ümumilikdə 24,303.54 (iyirmi dörd min üç yüz üç manat əlli dörd qəpik) manat pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində pulun alınaraq iddiaçı «X6 Azərbaycan» QSC-yə verilməsi, qalan hissədə (cəriməyə münasibətdə) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 220, 284-6.1-284-6.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin qismən yəni iddia tələbinin təmin edilən hissəsində rədd edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-qanuni olmaqla birtərəfli qaydada çıxarılmış , iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir və bu səbəbdən ləğv edilməlidir. Belə ki, həqiqətən tərəflər arasında bağlanmış 29 oktyabr 2020-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşılıqlı müqaviləyə əsasən Cavabdeh 5 il müddətinə 30 000 manat kredit kart limiti (kredit xətti) ayrılmışdır. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən kredit xəttinin tamam olma müddəti 5 il müddətinə yəni 29 oktyabr 2025-ci il tarixinə müəyyən edilmişdir. Başqa sözlə desək borclunun müqavilə üzrə yaranan öhdəliyinin yerinə yetirilməsi imkanları hələ tükənməmiş və bundan sonrakı 5 aya nəzərdə tutulmuşdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmiş, bununla bağlı müqavilənin ləğv edilməsinə dair qarşılıqlı razılaşma əldə olunmamışdır. Digər tərəfdən hesab edir ki, məhkəmənin , iddiaçı tərəfindən göndərilən pretenziya məktubu ilə müqavilənin birtərəfli ləğv olunması barədə gəldiyi nəticəni də əsaslı hesab etmək olmaz. Belə ki, müqavilənin müddəti bitmədiyi halda onun ləğv olunması yalnız tərəflərin qarşılıqlı razılaşması ilə həyata keçirilməli idi. Eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğin özündə də yanlışlıqlara yol verilmişdir. Belə ki, Cavabdeh tərəfindən qeyd olunan kredit xətti ilə bağlı müəyyən ödənişlər həyata keçirilsə də iş materialları ilə nəzərə alınmamışdır və bu halda hesab edir ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmalı və 29 oktyabr 2020-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşılıqlı müqaviləsi ilə real borc müəyyən edilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı "xxxx" QSC apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, "Qərar birtərəfli və qeyri-qanuni çıxarılmışdır" iddiasına münasibət bildirərək qeyd edir ki, bu iddia əsassızdır. Məhkəmə qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq obyektiv sübutlara əsaslanaraq çıxarılmışdır. Cavabdeh prosesə cəlb olunmuş, ona öz mövqeyini bildirmək üçün bərabər imkanlar yaradılmış, lakin o, öhdəliklərini təsdiq edən heç bir hüquqi sübut təqdim etməmişdir. MPM-in tələbinə görə, “şəxs iddia irəli sürərkən onu əsaslandırmalıdır", lakin cavabdeh öz mövqeyini sübut edən alternativ hesablama, ödəniş qəbzi və ya ekspertiza rəyi təqdim etməmişdir. "Müddət bitmədiyindən öhdəlik yoxdur" arqumenti: Bu arqument maddi hüquq normalarının səhv başa düşülməsinə əsaslanır. Borclunun öhdəliyi müqavilə müddətindən deyil, kredit xəttindən istifadə etdiyi tarixdən yaranır. Yəni borclu istifadə etdiyi məbləğ üzrə kreditor qarşısında dərhal borclu olur. Bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən tənzimlənir: borc götürülən andan etibarən müqavilə şərtlərinə əməl edilməli, aylıq ödənişlər və faizlər vaxtında ödənilməlidir. Kredit xəttinin 5 il olması borcun geri qaytarılmaması və faizlərin yığılmasına göz yumulması mənasını vermir. Borclu ödənişləri vaxtında etmədikdə borcun məcmusu dərhal tələb oluna bilər. "Müqavilə birtərəfli ləğv edilə bilməzdi" iddiasına münasibət bildirərək qeyd edir ki, cavabdehin bu iddiası qanunvericilik və məhkəmə presedenti ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərhində açıq şəkildə göstərilmişdir ki: "Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədənkənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubu Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinə, habelə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin presedentinə uyğun olaraq müqavilənin məhkəmədənkənar qaydada ləğv olunması üçün hüquqi əsas təşkil edir. Müqavilənin ləğv edilməsi üçün məhkəmə qərarı və ya qarşılıqlı razılaşma tələb olunmur; iradə ifadəsinin cavabdeh tərəfə bildirilməsi kifayətdir. Bu baxımdan, cavabdehə pretenziya göndərildiyi andan müqavilə ləğv edilmiş hesab olunur. Məhkəmənin birinci instansiyada gəldiyi nəticə qanunvericiliyə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə tam uyğundur. "Ödənişlər nəzərə alınmamışdır" arqumentinə cavab olaraq bildirir ki, bu iddia da əsassızdır. İş materiallarında ödəmə cədvəlləri, hesab çıxarışları, gecikmə faizləri və pretenziya məktubu təqdim olunmuşdur. Cavabdeh ödəniş etdiyini bildirir lakin ödəmənin tarixi məbləği təyinatı barədə heç bir sübut təqdim etmir. Bank tərəfindən təqdim olunmuş mühasibat sənədləri real borc məbləğini əks etdirir. Cavabdeh tərəfindən təqdim olunan heç bir alternativ rəy yoxdur. "Ekspertiza təyin olunmalı idi" iddiasına münasibətdə bildirir ki, bu tələb gec təqdim olunmuş, sübut olunmamış və ehtiyacsızdır. MPM-in tələblərinə görə, ekspertiza yalnız "işin tam və obyektiv araşdırılması üçün zəruri olduqda" təyin edilir. Halbuki, bank tərəfindən təqdim olunan çıxarışlar, müqavilələr, ödəniş cədvəlləri artıq işin faktiki tərəflərini aydınlaşdırır. Ekspertiza sadəcə cavabdehin sübut təqdim edə bilməməsini ört-basdır etməyə yönəlmişdir. Bu, hüquqi taktikadır, lakin faktiki əsaslandırma daşımır. Cavabdehin apellyasiya şikayəti hüquqi və faktiki əsaslardan məhrumdur; Məhkəmənin qətnaməsi Mülki Məcəllə və Mülki Prosessual Məcəlləyə tam uyğundur. Cavabdehin müqavilə üzrə yaranmış borcu dəqiq və əsaslı şəkildə hesablanmış, pozuntu halları sübut edilmişdir. Müqavilənin müddətinin başa çatmaması öhdəliyin yerinə yetirilməməsinə haqq qazandırmır. Bu səbəbdən, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 741. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə yalnız iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1053/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
28. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
29. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit kartı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən mövcud borcu 21820.88 manat əsas, 1669.99 manat faiz, 811,67 manat cərimə, 1 manat komissiyalar üzrə borc olmaqla ümumilikdə 24303.54 manat məbləğində pul «X6 Azərbaycan» QSC-yə ödənilməlidir.
30. Kollegiya apellyasiya şikayətinin “ödənişlərin nəzərə alınmaması” dəlilinə münasibətdə hesab edir ki, cavabdeh ödənişlərin nəzərə alınmamasını qeyd etsə də, ödəniş məbləğlərini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
31. Kollegiya apellyasiya şikayətinin “ekspertiza təyin olunması” ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, bank tərəfindən təqdim olunan müqavilələr, çıxarışlar, ödəniş cədvəlləri əsaslı hesab olunduğundan hazırki iş üzrə ekspertizanın təyin edilməsi zərurəti müəyyən edilmir.
32. Belə olan halda kollegiya hesab edir ki, şikayətdə göstərilənlər qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
34. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
37. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1053/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.