Məhkəmə qərarları › İş №2(103)-3970/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3970/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3970/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC (BOKT) Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT-la cavabdehlər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 2000 manat, Cavabdeh1 2000 manat məbləğində kredit verildiyini, öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən Cavabdeh2 2098,04 manat, Cavabdeh1 isə 2094,56 manat borclarının yarandığını, borcun qaytarılması barədə onlara dəfələrlə xəbərdarlıq olunduğunu, lakin öhdəliklərini icra etmədiklərini bildirmiş, buna görə də Cavabdeh2 2098,04 manat (əsas hissə-1739 manat, faiz hissə -193,03 manat, cərimə - 166,01 manat), Cavabdeh1 2094,56 manat (əsas hissə-1739 manat, faiz hissə- 189,55 manat, cərimə - 166,01 manat) məbləğində vəsaitin tutulması, borcalanların xx xxxxxx 2011-ci il tarixli müqavilənin 7-ci bəndi ilə üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmələri, onlardan müştərək qaydada cəmi 4192,60 manat borcun və 30 manat dövlət rüsumunun tutulub BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx xxxxxx 2011-ci il tarixli 87-11/Fİ saylı kredit müqaviləsinə əsasən cəmi 4192,60 (dörd min yüz doxsan iki manat altmış qəpik) manat (əsas kredit borcu olaraq 3478 manat, faiz borcu olaraq 382,58 manat, cərimə borcu olaraq 332,02 manat olmaqla) məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun alınıb “xxxx” BOKT MMC-nə verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, işə iştirakı olmadan baxdığı, borcun məbləğinin artmasında iddiaçı təşkilatın özünün də təqsirli olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Çünkü qətnamədən Cavabdeh2 şikayət verməsə də, iddianın ona və Cavabdeh1 qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən hallarına görə BOKT-la Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxx 2011-ci il tarixdə qrup kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ticarət sahəsinin və quşçuluğun inkişafı üçün Cavabdeh2 2000 manat, Cavabdeh1 2000 manat olmaqla 18 ay müddətində, illik 36 faiz dərəcəsi ilə kredit verilmiş, cavabdehlər müqavilə üzrə borc verənə çatmalı olan krediti, ona hesablanmış faizləri və bütün digər məbləğləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməyi öhdəsinə götürmüş, hər bir borcalanın borcu ödəmə qrafiki və müddəti ayrı-ayrılıqda müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, Cavabdeh2 2098,04 manat (əsas hissə- 1739 manat, faiz hissə -193,03 manat, cərimə - 166,01 manat), Cavabdeh1 2094,56 manat (əsas hissə-1739 manat, faiz hissə- 189,55 manat, cərimə - 166,01 manat) borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, cavabdehlərin hər birinə ayrıayrılıqda pul vəsaiti verilmiş olsa da, kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən onlar, birbirilərinin öhdəliyi üçün zamin qismində öhdəlik götürmüşlər. Məhkəmənin borcun məbləğini dəqiqləşdirmədiyi ilə bağlı apellyasiya şikayətində irəli sürülənlərlə bağlı kollegiya qeyd edir ki, apellyator borc məbləğinin düzgün hesablanmadığına dair heç bir sübut təqdim etməmiş və arqumentini sadəcə formal mülahizələrlə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyatorun arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, bildirişlərdən birini şəxsən aldığı aydın olur - məlumatlı olduğu məhkəmə prosesinə getməməsinin, yaxud məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-601/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən Cavabdeh1 ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar