Məhkəmə qərarları › İş №2(103)-3970/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3970/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3970/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetlərinə yönəldilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetlərinə yönəldilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-83/2023 nömrəli 01 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinə əsasən “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,BanKL1CD26U9FB033) “avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 16950.00 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,BanKL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur.

3. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 30000 manat, likvid dəyəri isə 28000 manat məbləğində müəyyən edilmişdir.

4. Cavabdehə bank tərəfindən borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin “Nərimanov” filialı ilə cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə 16846.86 AZN əsas, 290.24 AZN faiz, 0.49 AZN cərimə və iş üzrə ödənilmiş 142 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,BanKL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC-nin “Nərimanov” filialı ilə cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinə əsasən “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili- 2015,BanKL1CD26U9FB033) “avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 16950.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,BanKL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-ci il tarixli, sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi görə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021ci il tarixli, **********637 saylı və xx.xx.2021-a il tarixli, **********634 saylı məktubların, xx.xx.2022-ci il tarixli, **********361 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.

7. İddiaçının təqdim etdiyi maliyyə arayışdan görünür ki, borclunun banka xx.xx.2022-ci il tarixə 16846.86 manat əsas, 290.24 manat faiz, 0.49 manat cərimə borcu olmaqla, ümumilkdə borcu 17137.59 manatdır.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 9/8432 saylı ekspert rəyi ilə “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 23000,0 manat, likvid qiyməti 22000,0 manat müəyyən olunmuşdur.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-83/2023 nömrəli 01 mart 2023-cü il qətnaməsi ilə (hakim Zaur Tağıyev) (qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə məhkəmənin 31 mart 2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 16846.86 manat əsas, 290.24 manat faiz, 0.49 manat cərimə və iş üzrə ödənilmiş 142 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,Ban-KL1CD26U9FB033) **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, predmetinin ilkin satış qiyməti 22000 manat məbləğində müəyyən olunmaqla həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İddia tələbi əsaslıdır və təmin edilməlidir.

11. Məhkəmə göstərmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında məhkəmə tərəfindən 22000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 448.1, 467, 317.1, 319.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.3, 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin 22000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyinin “TƏDQİQİ HİSSƏ”sində qeyd edilir ki, “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin istismar nəticəsində hansı vəziyyətdə olmasını müyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilsə də, nədənsə qərardadda ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün ipoteka predmeti olan “Chevrolet Captiva” minik markalı (buraxılış ili 2015, BanKL1CD26U9FB033) 9**-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertə təqdim edilməsi və ona vizual baxışın keçrilməsi barədə ekspert tərəfindən nə məhkəməyə, nə də ki, iddiaçıya hər hansısa bir vəsatət göndərilməmiş və ekspertizanın keçirilməsinə şərait yaradılması barədə iddiaçıya məlumat verilməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında bildirilmişdir ki, ipoteka predmeti “Chevrolet Captiva” minik markalı (buraxılış ili 2015, Ban- KL1CD26U9FB033) **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə hazırlıq iclasından sonra iddiaçının saxlancına verilmişdir. Avtomobilin hazırki likvid qiymətininin müəyyən edilməsi və ekspertə təqdim edilməsi üçün artıq heç bir maneə yoxdur. Ekspert tərəfindən qiymətləndirmə aparılan zaman avtomobilin bütün detalları nəzərə alınmalı idi. Bunlara avtomobilin texniki vəziyyəti, istehsal və istismar ili, yürüşü və s. göstərmək olar. Lakin ekspert avtomobilə heç bir vizual baxış keçirmədən və onun texninki göstəricilərini öyrənmədən şifahi olaraq, şəkil üzərində, nəzəri hesablama yolu ilə şərti olaraq avtomobilin hazırki likvid qiymətini müəyyən etmişdir. İş materiallarında olan sübutlardan və elektron məhkəmə informasiya kabinetinə əlavə etdiyi şəkillərdən göründüyü kimi avtomobil təyinatı üzrə istifadəyə yararlı avtomobil deyil, olduqca yararsız vəziyyətdədir və avtomobilin hazırki likvid qiymətinin müəyyən edilməsi xüsusi bilik tələb olunan ekspert tərəfindən həll edilməlidir. Məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün obyektiv rəy almalı və təkrar ekspertiza keçirməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə razıdırlar.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə - ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. İddiaçı apellyasiya şikayətində yalnız ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməklə, göstərmişdir ki, avtomobilə baxış keçirilmədən rəy verilmişdir, buna görə də təkrar ekspertiza keçirilməli idi. Həmçinin göstərmişdir ki, avtomobil hazırda Bankın saxlancına verilmişdir.

31. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 9/8432 saylı ekspert rəyi ilə “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 23000,0 manat, likvid qiyməti 22000,0 manat müəyyən olunmuşdur.

32. Rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. İstismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nətiləsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsdiq olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birca kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq mərumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən qərarda göstərilən “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 23000,0 manat, likvid qiyməti 22000,0 manat müəyyən olunur.

33. Apellyasiya şikayətinin dəlilinin yoxlanılması üçün Kollegiyanın 20 iyun 2023-cü il tarixli qərardadı ilə mübahisənin düzgün və obyektiv həlli üçün ipoteka predmeti olan avtomobilə baxış keçirilməklə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

34. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli 9/5317 nömrəli ekspert rəyinə əsasən ekspert baxışınza təqdim edilmiş 2015-ci il buraxılışlı “Chevrolet Captiva” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki, yəni istifadəyə qismən yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 15000 manat, likvid qiyməti təxminən 12000 manat müəyyən olunmuşdur.

35. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi zamanı ekspert avtomobilə baxış keçirmədən rəy vermişdir ki, bu da həmin rəyin obyektivliyinə şübhə yaradır.

36. Hazırki ekspertiza zamanı isə ekspert tərəfindən avtomobilə baxış keçirilmiş və avtomobilin hazırki, yəni istifadəyə qismən yararlı vəziyyətdə olan dəyəri müəyyən edilmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 9/5317 nömrəli rəyini daha mötəbər hesab edərək, belə nəticəyə gəlir ki, həmin rəyə əsasən ipoteka predmet olan avtomobilin ilkin satış qiyməti onun likvid qiymətinə əsasən 12000 manat məbləğində müəyyən edilməldir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-83/2023 nömrəli 01 mart 2023-cü il qətnaməsi (qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə məhkəmənin 31 mart 2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Cavabdeh mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015, BanKL1CD26U9FB033) **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 12000 manat müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar