Məhkəmə qərarları › İş №2(103)-3972/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3972/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3972/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlu sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən qanunsuz məhrum olunmağa görə 19.200 manat maddi zərər, 40.000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 69.230 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamdən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməklə yanaşı, həm də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqındakı ərizə də vermiş, həmin ərizədə göstərmişdir ki, qətnamə elekton kabinetə 10.03.2022-ci il tarixdə yerləşdirilsə də, o, səhhəti ilə bağlı üzrlü səbəbdən apellyasiya şikayətini 12.04.2022-ci il tarixdə vermişdir, bu səbəbdən buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir (i/v 98). Birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilmədən mülki iş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Məcəllənin 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, prosessual qanunvericiliyə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Hazırkı mülki iş üzrə rayon məhkəməsi iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə münasibət bildirmədiyindən, mülki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş materialları iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, mülki iş materialları iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar