Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3972/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası mübahisə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “dividendin və digər vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 200000 manat ziyanın onlardan tutularaq kompensasiya şəklində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun 1996-cı ildən indiyə kimi hər il Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, həmçinin digər dövlət instansiyalarına və məhkəmələrə ailəsinin özəlləşdirmə çeklərinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tabeliyindəki özəlləşdirməyə çıxarılmiş müəssisələrdən birinə qoyulmasının təmin olunması üçün etdiyi müraciətləri nəticəsiz olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində qəbulda onun ərizəsi, özəlləşdirmə payları-çekləri alınmış və söz vermişlər ki, tabeliklərindəki özəlləşdirməyə çıxarılmış müəssisələrin birinə qoyulmasını təmin edəcək və onu məlumatlandıracaqlar. Sözlərə əməl edilməmiş, eyni zamanda onun özəlləşdirmə payları - çekləri qaytarılmamışdır. İstifadə müddəti bitdikdən sonra, 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən cavab verilmiş, məsələ ilə bağlı Dövlət Əmlak Komitəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Özəlləşdirmə payları ancaq müəssisələrə qoyulur və onun müəssisə almaq niyyəti və imkanı olmadığından Dövlət Əmlak Komitəsinə müraciəti yersizdir. Ailə tərkibi 3 nəfər olmaqla 3 ədəd özəlləşdirmə paylarının hər birində 4 ədəd özəlləşdirmə çeki olduğundan və hər özəlləşdirmə çeki ildə ən az 500 manat dividend (gəlir) gətirdiyindən 26 il ərzində hər il vaxtında ödənilməklə 156000 manat gəlirləri olardı. Vaxtında ödənilmədiyindən bütün illər üzrə istehlak qiymətləri indeksinə görə əlavə dəymiş ziyanla birlikdə 185000 manat ödənilməlidir. 15000 manat vaxt itkisinə, nəqliyyat xərclərinə, minlərlə ərizənin komputerdə yazılması, on minlərlə arayışların surətlərinin çıxarılması xərclərinə, fiziki və mənəvi ziyana görə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə cəmi vurulmuş 200000 manat ziyan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən, yaxud dövlət büdcəsindən kompensasiya şəklində ödənilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını üçüncü şəxs kimi göstərməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən ona vurulmuş 200000 manat ziyanın tutularaq kompensasiya şəklində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və ona dəymiş əlavə ziyana görə də cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən 15000 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən 100000 kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3402/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilərək qətnamə ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş 60.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmiş, lakin sözügedən qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4920/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan əlavə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3834/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş 98.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmiş, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5077/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3834/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda baxılan iş üzrə iddia tələbinin ifadəsi hər nə qədər dividend və maddi ziyanın ödənilməsi kimi göstərilsə də, iddianın yönəldiyi şəxs və konkret tələb, həmçinin onun yaranma əsası yuxarıda adları çəkilən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə eynilik təşkil edir və buna görə də həmin tələbə qeyd olunan məhkəmə qərarları ilə artıq qiymət verilmiş, iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehlərin dairəsini düzgün göstərməmiş, o cümlədən iddia tələbini konkret olaraq müəyyənləşdirməmişdir. Belə ki, iddia ərizəsi ilkin olaraq məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iş üzrə cavabdeh qismində qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etmiş və bundan sonrakı bütün tələblərini də məhz qeyd edilən formada və həmin şəxslər dairəsinin prosessual statuslarına uyğun olaraq müdafiə etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının qeyd edilən dəqiqləşdirilməsinə diqqət yetirməmiş, öz qətnaməsində bunu qeyd etməmiş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını iş üzrə cavabdeh qismində göstərmişdir. Bundan əlavə iddiaçı ilkin olaraq məhkəmədən ona dəymiş maddi ziyan qismində 200.000 manat və əlavə zərər qismində 15.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan xx.xx.2023-cü il tarixli ərizəsi ilə isə iddia həcmini azaldaraq cavabdehdən tutulmasını xahiş etdiyi məbləği 100.000 olaraq göstərmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamədə xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən yenidən iddiaya əlavə təqdim edildiyini və iddia tələbinin yenə də 200.000 manat məbləğində göstərildiyini qeyd etsə də, iş materiallarında belə bir ərizə aşkar edilməmişdir. Bu da iddianın həcminin birinci instansiya məhkəməsi tərəfindən yanlış müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən prosessual pozuntularla yanaşı iddia tələbinin mahiyyəti ilə bağlı işə baxılmasının mümkünlüyünə dair göstərilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, “dividentin və maddi ziyanın ödənilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3402/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv olunsun və İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası mübahisə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3972/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3972/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver