Məhkəmə qərarları › İş №2(103)-3976/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3976/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3976/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair 2(002)-701/2022 saylı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı cavabdehə 10000 manat pul verdiyini, lakin indiyədək cavabdeh tərəfindən həmin pul vəsaitinin ona qaytarılmadığını əsas gətiərək, yeganə sübut vasitəsi qismində sadə yazılı formada tərtib edilmiş 14 noyabr 2020-ci il tarixli borc müqaviləsinə istinad etmişdir. Cavabdeh iddia tələbinə etirazın əsası kimi iddiaçı ilə belə bir müqavilə bağlamadığını, imzanın ona məxsus olmadığını, iddiaçı tərəfindən ona heç bir məbləğdə borc pul verilmədiyini, aralarında heç bir borc münasibətinin olmadığını bildirmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 noyabr 2020-ci il tarixdə sadə yazılı formada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10000 manat məbləğində borc alsa da, borcunu qaytarmamışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-701/2022 saylı iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim X1)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2, 739, 740, 1091-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddiaçıdan borc götürməsi barədə öz xətti ilə yazdığı və imzaladığı borc müqaviləsini mötəbər sübut kimi qəbul etməməklə səhvə yol vermişdir. 14 noyabr 2020-ci il tarixli borc müqaviləsində olan yazı və imzaların cavabdehə məxsusluğunu müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası keçirməklə obyektiv qərar qəbul etmək olardı. Məhkəmə qeyd olunanları nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında İddiaçı izahatında cavabdehlə aralarında borc müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 10000 manat borc verdiyini, cavabdehin həmin borcdan 600 manat hissəsini qaytardığını, hal-hazırda cavabdehin ona 9400 manat borcunun qaldığını bildirdi və iddianın həmin hissədə təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında borcu İddiaçı yox, onun Rəşad İbrahimov adlı tanışından aldığını, 14 noyabr 2020-ci il tarixdə Qubadlı rayonunda hərbi xidmətdə olduğuna görə həmin tarixdə iddiaçı ilə borc müqaviləsi bağlamasının mümkün olmadığını, müqavilədə olan xətt və imzaların ona məxsus olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.4 Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

14. İş materiallarından görünür ki, tərəflər arasında 14 noyabr 2020-ci il tarixli sadə yazılı formada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 10000 manat borc vermişdir. Cavabdeh izahatında iddiaçı ilə hər hansı müqavilə imzalamadığını, müqavilədə olan xətt və imzanın ona məxsus olmadığını bildirsə də, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 4/1075 saylı rəyi ilə bunun əksi sübut olunmuşdur. Belə ki, ekspertin həmin rəyinə əsasən, iş materiallarında olan xx.xx.2020-ci il tarixli borc müqaviləsində (i.v.7) müqavilənin yuxarı hissəsində “14 11 20 rəqəmləri”, müqavilənin 1-ci və 2-ci bölmələrində “Cavabdeh ” sözləri, müqavilənin 2.4.2-ci bəndində borcalan qrafasında “10.000” rəqəmləri və imza, 2.4.3-cü bəndində “Cəmil 10.000” söz və rəqəmləri, 3.1-ci bəndində “on min” sözləri, 4.1-ci bəndində “istənilən vaxt” sözləri, tərəflərin hüquqi ünvanları və rekvizitləri bölməsində “Cavabdeh Sumqayıt şəhər sakiniyəm 991N-li H/H-də xidmət edirəm və yaşayıram. xx.xx.1985-ci il AZE 17906770” söz və rəqəmləri və altındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli borc müqaviləsinin yuxarı hissəsində “borcverən” qrafasında “X2” sözləri, 2.4.2-ci bənddə borcverən qrafasında “10.000” rəqəmləri və imza, tərəflərin hüquqi ünvanları və rekvizitləri bölməsində “X2. Hal-hazırda Ağcabədi rayonu Hindarx qəsəbəsi” sözləri və qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Apellyasiya baxışı zamanı Cavabdeh borcu iddiaçıdan yox, onun Rəşad İbrahimov adlı tanışından götürdüyünü bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 10000 manat məbləğində borc götürməsi sübut olunduğundan, iddiaçı həmin borcun 600 manat hissəsinin qaytarılmasını etiraf etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları və məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş ekspert xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-701/2022 saylı iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 9400 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 45 manat pul Cavabdeh alınıb İddiaçı verilsin. Apellyasiya icraatı zamanı məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 126 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar