Məhkəmə qərarları › İş №2(103)-3977/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3977/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3977/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə əsasında nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2.241,14 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumunun, cəmi 2.571,14 manat pulun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında 01.12.2017-ci il tarixli, AK-2/19927 saylı “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00038 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən xəttin üzərində Smart G-4 İtron Diafraqma markalı mexaniki, 1702AZ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir: 28.12.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat, 28.11.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat, 31.10.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat. Cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə “Azəriqaz” İstehsalat Birliyinə cəmi 2.241,14 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin da ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2.241,14 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən iddia ərizəsinə əlavə edilmiş aktlara görə borcların Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə silindiyinə istinad edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)- 1045/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə bir neçə aktlar üzrə borc silinsə də, iddia ərizəsində göstərilən 24 avqust 2018-ci il tarixli, ******* nömrəli akt həmin qətnamədə öz əksini tapmamış və bu akt üzrə borc silinməmişdir. Məhkəmə həmin akta hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, düzgün hüquqi qiymət verməmiş və tam qərəzli və qununsuz qətnamə qəbul edərək hüququn tətbiq edilməsində səhv buraxmışdır. Belə ki, 24 avqust 2018-ci il tarixli ******* nömrəli akta əsasən Cavabdeh tutulmalı olan məbləğ tutulmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh iddiaçı “Azəriqaz” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Fərid Məmmədli tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə əsasında nümayəndəsi və vəkili Fərid Məmmədli apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsası kimi istinad edilən aktlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilib ləğv edildiyinə görə, həmin aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı tələb əsaslı hesab edilə bilməz və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Fərid Məmmədli qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kоllegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Fərid Məmmədlinin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AK-2/19927 saylı, 01 dekabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş 25.01.2018-ci il tarixli ******* saylı, 21.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı, 17.05.2018-ci il tarixli ******* saylı, 28.06.2018-ci il tarixli ******* saylı, 25.07.2018-ci il tarixli ******* saylı, 19.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı aktların təsdiq edilmiş surətlərindən görünür ki, “Azəriqaz” İB tərəfindən Cavabdeh məxsus evə sayğacdan kənar qeyri-qanuni qoşulma aşkarlanmışdır. İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnamənin surətindən görünür ki, “Azəriqaz” İB tərəfindən tərtib olunmuş 30.04.2018-ci il, 17.05.2018-ci il, 25.07.2018-ci il, 19.09.2018-ci il, 31.10.2018-ci il, 30.11.2018-ci il, 28.12.2018-ci il, 30.03.2018-ci il, 21.02.2018-ci il və 25.01.2018-ci il tarixli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən Cavabdeh (abonent kodu **********00038) itirilmiş qaz sərfinə görə hesablanmış borcun silinməsi qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 06 noyabr 2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2019 saylı, 07 avqust 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kоllegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2019 saylı, 07 avqust 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən olunan hallar hazırki işdə preyudisial əhəmiyyətə malik olduğundan, yəni iddiaçı məhkəmə qətnaməsi ilə ləğv edilmiş aktlara görə hesablanmış ziyanı tələb etdiyindəb birinci instansiya məhkəməsi hazırki tələbi əsaslı hesab etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.03.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini tərəflər arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01 dekabr 2017-ci il tarixli müqavilənin şərtlərini əsas tutaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları araşdırmış, tərəflərin təqdim etdiyi sübutları tədqiq etmiş və iş üçün əhəmiyyətli olan halları araşdıraraq düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Azəriqaz” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Fərid Məmmədlinin apelyasiya şikayətində 24 avqust 2018-ci il tarixli ******* nömrəli akta əsasən Cavabdeh tutulmalı olan məbləğin tutulmadığını göstərsədə, həmin tarixli akt iş materiallarında aşkar edilməmiş, iddiaçı həmin halı təsdiq edən mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş, apеlyasiya instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı “Azəriqaz” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Fərid Məmmədlinin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı “Azəriqaz” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Fərid Məmmədlinin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə əsasında nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-421/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar