Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3979/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48500 (qırx səkkiz min beş yüz) manatın alınmış malın dəyəri olaraq, 2020 (iki min iyirmi) manatın malın dəyərinin ödənilməsinin geçikdirilməsi üçün faiz olaraq, 30 manatın dövlət rüsumunun əvəzi olaraq – yəni cəmi 50 550 (əlli min beş yüz əlli) manatın xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi iddia ərizəsinə iddianı təmin etmə tədbiri barədə ərizə də əlavə edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 230 saylı, 230a saylı, 231 saylı bağ sahələrinin (hərəsi 1200 kv.m. torpaq sahəsi) üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçıların nümayəndələri tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin xx xxxx 2021-ci tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir (iddiaçıların nümayəndələri prosesin təxirə salınması barədə ərizə göndərsə də, kollegiya şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2 və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya qeyd edir ki, əmlak üzərinə həbs qoyulması növündə iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçıların iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, mübahisənin maddi obyekti, üzərinə həbs qoyulması xahiş edilən bağ sahəsi də deyildir. İddianın predmeti pul tələbindən ibarətdir, yəni, iddianın mümkün təmin edilməsi halında cavabdeh iddiaçılara pul ödəməli olacaqdır. Gələcəkdə cavabdehin ondan pul tutulmasına dair məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması halında isə iddianı təmin etmə tədbiri qismində deyil, məcburi icra tədbiri kimi onun əmlakı üzərinə həbs qoyulması mümkündür, bu cür tədbirin tətbiqi əsası da icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur və şikayətdə irəli sürülənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1794/2021 saylı iş üzrə xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3979/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3979/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver