Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-398/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi (vəkili) X5 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 aprel 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana 21 ay müddətinə qaytarmaq şərti ilə, illik 16% hesablanmaqla 45000 ABŞ dolları məbləğdə kredit verilməsi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.4cü bəndində kreditin təminatı olaraq hesabda olan nağd 50000 ABŞ dolları qeyd olunmuşdur. 3 mart 2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh 45000 ABŞ dolları məbləğdə pul verilmişdir.
2. Həmçinin "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 15-D-2-0-180-15 nömrəli kredit müqaviləsinə əsasən tərəflər Cavabdeh 21 ay müddətinə, illik 17.5 % hesablanmaqla 25650 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmiş, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.4-cü bəndində kreditin təminatı olaraq hesabda olan nağd 28500 ABŞ dolları qeyd olunmuşdur. 10 aprel 2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh 25650 ABŞ dolları məbləğdə pul verilmişdir.
3. Kreditor xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli və 10 aprel 2015-ci il tarixli, 15-D-2-0-180-15 nömrəli kredit müqavilələrinə əsasən Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 21 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli, 2(006)-3183/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" ASC və X2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Cavabdeh cəlb edilməklə) qarşı bankla əmanətçi arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən bankın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair bankla əmanətçi arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, bankla əmanətçi arasında bağlanmış xx.xx.2014- cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən bankın 15-83478-110- 41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair bankla əmanətçi arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və 28500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh bank tərəfindən iddiaçıya ödənilməsi tələbi təmin edilmişdir.
5. Həmin iş üzrə müəyyən edilmişdir ki, X1 atası X6 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmanət müqaviləsinə əsasən 50000 ABŞ dolları məbləğində əmanəti faiz dərəcəsi 13% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə, xx.xx.2014-cü il tarixli əmanət müqaviləsinə əsasən 28500 ABŞ dolları məbləğində əmanəti faiz dərəcəsi 12,5% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə əmanət qoymuşdur. Məhərrənm Məhərrəmov, xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 144623 nömrəli etibarnaməyə əsasən bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək səlahiyyətlərini on il müddətinə oğlu X2 etibar etmişdir. X3, atası tərəfindən verilmiş etibarnamə əsasında əmanət olaraq qoyulan məbləğləri, arvadı Cavabdeh "xxxx" İKB ASC ilə bağlanmış kredit müqavilələrinin təminatı kimi bank qarşısında girovla yüklü etmişdir. xx.xx.2016-cı il tarixində birinci əmanət üzrə 45000 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından X3 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə və girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixində ikinci əmanət üzrə 25650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından X3 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə əsasən, girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçının xeyrinə 10 aprel 2015-ci il tarixli, İ5-D-2-0-180-15 nömrəli kredit müqaviləsi üzrə 25650 ABŞ dolları əsas borc, 34136,25 ABŞ dolları faiz borcu, 2768,27 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi 10 yanvar 2017-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 7556,06 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 70110,58 ABŞ dolları borcun, 03 mart 2015-ci il tarixli, 15-D1-0-158-15 nömrəli kredit müqaviləsi üzrə 45000 ABŞ dolları əsas borc, 55020 ABŞ dolları faiz borcu, 5347,50 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi 3 dekabr 2016-cı il tarixdən 1 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 13487,50 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, cəmi 118855 ABŞ dolları borcun və ödənilmiş 612 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
8. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-768/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdehdən 3 mart 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 45000 ABŞ dolları, faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları olmaqla, cəmi 70847,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 25650 ABŞ dolları, faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları olmaqla, cəmi 41361,37 ABŞ dolları, ümumilikdə 112208,87 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 612 manat pulun 363 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 120 manatının cavabdehdən, 80 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kredit müqaviləsinin bağlanması və bank tərəfindən cavabdehə hər biri 21 ay müddətinə olmaqla, illik 16 və 17.5 faiz olmaqla 45000 və 25650 ABŞ dolları məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqavilələri, maliyyə arayışları, hesabdan çıxarış, kassa məxaric orderləri ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ cavabdehə verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
10. Məhkəmə keçirilmiş ekspertizanın rəyinə istinad edərək hesab etmişdir ki, əsas borca görə iddia ərizəsində tələb edilən məbləğdə, yəni 3 mart 2015-ci il tarixli müqavilə üzrə 45000 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə 25650 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutulmalıdır.
11. Həmçinin faiz borcu ilə əlaqədar məhkəmə hesab etmişdir ki, ekspert rəyində göstərilən məbləğ, yəni 3 mart 2015-ci il tarixli müqavilə üzrə 11860 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə 7855,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutulmalıdır.
12. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə cavabdehdən 3 mart 2015-ci il tarixli müqavilə üzrə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə 7556,06 ABŞ dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, eksert rəyi ilə iddia ərizəsində göstərilən məbləğlər eynidir.
13. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 3 mart 2015-ci il tarixli müqavilə üzrə 500 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə 300 ABŞ dolları məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 445.1, 445.7, 449.1, 467, 739, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 103.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İddia ərizəsini imzalamış Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri İsa Hacıyevin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə işə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə olunan ertibarnamə başqa şəxsə verilmiş etibarnamədir. Bundan başqa, girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair X3 tərəfindən verilmiş xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli ərizələrlə cavabdehin borcundan silinmə aparılmışdır. Lakin sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli, 2(006)- 3183/2019 nömrəli qətnaməsi ilə girov müqavilələrinin etibarsız hesab edilməsi və əmanətlərin qaytarılması barədə iddia təmin olunub. Göründüyü kimi, bu hal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3183/2019 nömrəli mülki işi üzrə məhkəmə iclasları davam etdirilərkən iddiaçıya məlum olmuşur. Bank tərəfindən Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələbi nəzərə alınmadan apellyasiya və kassasiya şikayətləri verilərək mülki işin baxışı əsassız olaraq uzadılmışdır. İddiaçı etibarnamənin qüvvədən düşməsi hissəsi ilə bağlı məsələni müəyyən etdikdən sonra, mülki iş üzrə iddianı etiraf edə bilər və daha sonra, “pul tələbi” ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Hazırki iddia tələbi üzrə müddətin axımı Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli, 2(006)- 3183/2019 nömrəli qətnaməsi çıxarıldığı tarixdən başlanmış, 05avqust 2022-ci il tarixdə bitmiş olur ki, bununla da iddia müddəti bitdiyinə görə iddiaçının tələbi təmin edilməməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş poçt qəbzlərindən, göndəriş sənədlərindən də göründüyü kimi, istər bank, istərsə də məhkəmə tərəfindən müvafiq qayada göndərilmiş xəbərdarlıq, bildiriş və qətnamələr cavabdehin qeydiyyatda olduğu ünvan söküldüyü üçün gəlib çatmamış və barəsində iddia tələbi ilə bağlı məhkəmədə mülki işin mövcudluğundan və bankın xəbərdarlıq məktublarından xəbərdar olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2431/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2711/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov, V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2024-cü il tarixli qətnaməsi qismən - «Cavabdeh 03 mart 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi» hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
21. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı iş üzrə apellyasiya baxışının predmetini (hədlərini) Cavabdeh 03 mart 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları və 10 aprel 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi təşkil edir. Belə ki, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız həmin hissədə ləğv edib yeni apellyasiya baxışına qaytarmış, qalan hissədə isə dəyişdirilmədən saxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, bank girov qoyulan əmanət məbləğini xx.xx.2022-ci il tarixdə qaytarmış, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə yazmış, lakin cavabdehin qeydiyyatda olduğu bina söküldüyünə görə məktub geri qaytarılmışdır (1-ci cild, səh 16-18). Bu halda məhkəmə, iddia tələbinin həmin hissədə təmin olunma imkanını məhz xx.xx.2022-ci ildən yaxud bildirişin cavabdehə xəbərdarlıq məktubunun çatdığını hesab etdiyi tarixdən xx.xx.2022-ci il tarixədək mümkünlüyünü araşdırmalı idi.Cavabdehdən 03 mart 2015-ci il tarixli müqavilə üzrə xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun tutulması barədə gəlinən nəticə, işin hallarına açıq-aşkar uyğun deyildir. Həmçinin, kreditdən istifadəyə görə gəlinən nəticə də kifayət qədər əsaslandırılmamışdır.
27. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
28. İddiaçı hazırki iddia tələbində digər tələblərlə yanaşı, 3 mart 2015-ci il tarixli müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun ödənilməsini tələb edir.
29. Halbuki, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə borc məbləği müqavilə müddəti bitdiyi ayda girov qoyulan əmanətin hesabına tam ödənilmişdi. Həmin məbləğ xx.xx.2022-ci il tarixədək bankın sərəncamında olub və bu hal gecikdirilmiş vaxt üçün əldən çıxmış faydaya görə faizlərin ödənilməsi tələbinin həllində mütləq nəzərə alınmalı olan, daha dəqiq desək bu, əldən çıxmış faydaya görə faizlərin ödənilməsi tələbini istisna edən haldır.
30. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin normanın müəyyən etdiyi şərtlər borclunun hər bir halda deyil, icranı gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyəti müəyyən edir.
31. Məsuliyyətin yaranmasının şərtlərindən birinin təqsirliliklə bağlı olması həmin normada da müəyyən edilərək göstərilir ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır (445.5-ci maddə).
32. Mülki Məcəllənin 445.7-ci maddəsi ilə yaranan məsuliyyətin xüsusiyyətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında aydınlıq gətirilərək qeyd olunmuşdur ki, «banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
33. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.
34. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
35. Həmin Qərarda ifadə olunmuş hüquqi mövqelər əsasında işin hallarına qiymət verildikdə görünür ki, 3 mart 2015-ci il tarixli və 10 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə borc müqavilə müddətləri bitən zaman ödənilmiş, bank həmin vəsait üzərində faktiki hakimiyyətə malik olmaqla, bu məbləği yenidən kredit verməklə faizlər şəklində gəlir əldə etmək imkanına malik olmuşdur. Bu halda, məhkəmənin cavabdehdən 3 mart 2015-ci il tarixli müqavilə üzrə xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun tutulması barədə iddianı təmin eməsi qanunazidd olmuş, cavabdehin üzərinə əsassız olaraq ağır öhdəliyin qoyulmasına, habelə bankın əsassız varlanmasına şərait yaratmışdır.
36. Ali Məhkəmənin də qeyd etdiyi kimi, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, bank girov qoyulan əmanət məbləğini xx.xx.2022-ci il tarixdə qaytarmış, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə yazmış, lakin cavabdehin qeydiyyatda olduğu bina söküldüyünə görə məktub geri qaytarılmışdır (1-ci cild, səh 16-18). Bu halda məhkəmə, iddia tələbinin həmin hissədə təmin olunma imkanını məhz xx.xx.2022-ci ildən yaxud bildirişin cavabdehə xəbərdarlıq məktubunun çatdığını hesab etdiyi tarixdən xx.xx.2022-ci il tarixədək mümkünlüyünü araşdırmalı idi.
37. Bundan başqa, cavabdehdən 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixə faiz borcu 7.855,31 ABŞ dolları, 3 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 dekabr 2022-ci il tarixə faiz borcu 11860 ABŞ dolları tutulması qət edilmişdir .
38. Məhkəmə həmin məbləğdə borcu müəyyən edərkən, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 4 avqust 2023-cü il tarixli 9/4382 nömrəli rəyinə əsaslanmışdır.
39. Nəzərə alınmalıdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
40. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 13-cü maddəsində görə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.
41. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin.
42. Bu baxımdan iş materialları təhlil olunduqda görünür ki, işə əlavə olunmuş cavabdehin şəxsi hesabından çıxarışda olan məlumatlara görə cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və s. tarixlərdə müxtəlf məbləğdə ödənişlər edilmişdir (91-ci cild, səh. 81-93). Lakin ekspertin rəyindən şəxsi hesabda əksini tapmış faiz ödənişlərinin nəzərə alınması müəyyən olunmur və bunun səbəbi də ekspert tərəfindən izah olunmamışdır.
43. Yeni apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 9/9062 saylı, 07 mart 2025-ci il tarixli ekspert rəyi ilə 3 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 50.000 ABŞ dolları məbləğində pul vəsaitinə hesablanmış faizdən köçürmə yoli ilə ödənilmiş 7.043,77 ABŞ dolları məbləğində kredit ödənişi nəzərə alınmaqla Banka olan faiz borcu 4816,23 ABŞ dolları, həmin ödəniş nəzərə alınmamaqla 11.860,00 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli, 15-D-2-0- 180-15 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 28500,00 ABŞ dolları məbləğində pul vəsaitinə hesablanmış faizdən köçürmə yoli ilə ödənilmiş 5754,72 ABŞ dolları məbləğində kredit ödənişi nəzərə alınmaqla 2982,70 ABŞ dolları, həmin ödəniş nəzərə alınmamaqla 7855,31 ABŞ dolları müəyyən edilir.
44. Mülki Məcəlləyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1).
45. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbi faiz borcu hissəsində əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
46. Göründüyü kimi, ekspert tərəfindən verilmiş rəydə müəyyən edilmiş faiz borcu ilə iddiaçı Bankın tələb etdiyi borcun məbləği üst-üstə düşmür.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, müvafiq ekspert rəyi iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri hissəsində müvafiq müqavilə üzrə borclu tərəfindən edilmiş bütün kredit ödənişləri, bu ödənişlərin hansı hissəsinin əsas, hansı hissəsinin faiz borcuna çıxıldığı və yekunda nə qədər qalıq faiz borcu qaldığı cədvəl şəklində təsvir edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur.
48. Odur ki, Kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsi üzrə 4816,23 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli, 15-D-2-0- 180-15 nömrəli kredit müqaviləsi üzrə 2982,70 ABŞ dolları olmaqla, cəmi 7798,93 manat məbləğində borc tutulmalıdır.
49. Tələb edilən cərimə borcuna münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: cərimə məbləğinin ödənilməsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Göründüyü kimi, dəbbə pulunun (cərimə, penyanın) yaranma əsası öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsidir və müəyyən olunan cərimənin məbləği də məhz icra edilməmə və ya lazımınca icra edilməmə ilə düz mütənasib olmalıdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğ ekspert rəyi ilə müəyyən edilmədiyindən və işin müəyyən edilmiş halları ilə də öz təsdiqini tapmadığından təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə hazırkı apellyasiya baxışının predmeti olan hissədə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən - «Cavabdeh 03 mart 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi» hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh 3 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsi üzrə faiz borcuna görə 4816,23 ABŞ dolları və 10 aprel 2015-ci il tarixli, 15-D-2-0- 180-15 nömrəli kredit müqaviləsi üzrə faiz borcuna görə 2982,70 ABŞ dolları olmaqla, cəmi 7798,93 (yeddi min yeddi yüz doxsan səkkiz dollar, doxsan üç sent) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatı Cavabdeh, 100 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.