Məhkəmə qərarları › İş №2(103)-3984/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3984/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3984/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7501,43 manat məbləğində əsas, 518,88 manat məbləğində faiz borcu olmaqla cəmi 8020,31 manat məbləğində borcun və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Hüseynli, iş 2(003)-1535/2025) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək kredit borcumun hissə-hissə ödənilməsi üçün aylara bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmiş, həmçinin dövlət rüsumunun ödənilməsindən azad olunduğu iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Beləliklə, cavabdeh apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməyərək Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinin tələbinə də tam əməl etməmişdir. Bundan başqa, MPM-ə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir (363.1.5). Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hansı maddi və prosessual hüquq normalarını pozulmasını, qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmişdir. Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklik edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-ə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2). Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.5). Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-ə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). İşdən göründüyü kimi, şikayət 2 saylı Əlavədə müəyyən olunmuş formaya uyğun verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-in tələblərinə uyğun (2 saylı Əlavəyə uyğun) verilmədiyindən işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar