Məhkəmə qərarları › İş №2(103)-3985/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3985/2020

05.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3985/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Həmdulla qızının, onun nümayəndəsi və vəkil X5, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsindən İddiaçı Həmdulla qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həmdulla qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2016-cı il tarixdə 10 saylı notariat kontorunda 4Ə-71 nömrəli reyestrlə qeydə alınmış bağışlanma müqaviləsinin ləğv edilməsini və cavabdehə verdiyi 10110 manat dəyərində qızıl zinət və ev əşyalarının və 600 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ev və mətbəx əşyaları olan Piano “S moleks”, qədimi qoz ağacından güzgülü termo, ingilis servisi, alman servisi 2 ədəd, qədimi çəngəl gümüş 6 ədəd, qədimi bıçaq gümüş 6 ədəd, qədimi qaşıq gümüş 6 ədəd, bahalı qazanlar 3 ədəd, xrustal çexiya konyak pribor, gül qabı, konfet qabları 4 ədəd, xrustal Çexiya meyvə qabı 1 ədəd, çexiya külqabı, qu tükündən yorğan 1 ədəd, atasının Birinci Dünya müharibəsindən qalan medalları, qədim padnos ikili dəstə, nikelli padnos - 1 ədəd, qədim mis qablar, Hindistan bardaqı - 1 ədəd, qədim fiqurlar - 5 ədəd, kompüter, şifoner, servant, taxta çarpayı, termos Hindistan, termos Almaniya mallarının Cavabdeh alınaraq İddiaçı Həmdulla qızına qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Həmdulla qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin öhdəliklə bağlanmasını sübuta yetirə bilməməyi ilə əsaslandırılmışdır. İddiaçı bağışlanma müqaviləsini bağlayarkən yaşlı qadın olduğunu düşünmüş, bacısı qızının ona baxacağını, qayğısına qalacağını zənn edərək, bu müqaviləni bağlamışdır. Lakin hazırda o, çıxılmaz vəziyyətdədir. Cavabdeh nəinki iddiaçının qayğısına qalmır, onu təhqir edir və alçaldır. İddiaçı məhkəməyə bu haldan xəbəri olan qohumlarını şahid kimi dəvət etmək istəsə də, onlar qohumlar arasında söz-söhbətə səbəb olmamaq və düşmənçilik yaranmaması üçün bu təklifdən imtina etmişlər. İddiaçı bir ziyalı qadın kimi öz hüquqlarını qorumaq, bu yaşında hər kəs barəsində düzgün qərar vermək qabiliyyətindədir. Cavabdeh iddiaçının qızıl əşyalarını satmış və digər dəyərli əşyalarını da sataraq gəlir əldə etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir ki, bu da bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün yetərincə mühüm bir səbəbdir. Belə ki, cavabdeh iddiaçıya ölənə kimi qulluq edəcəyini söyləyərək, vəd vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10167/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı Həmdulla qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Həmdulla qızı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-302/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10167/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-302/2020 saylı qərarında qeyd edilmişdir ki, işin mübahisə edilməyən hallarına görə xx xxxx 2016-cı il tarixli notarial qaydada təstiq edilmiş bağışlama müqaviləsi ilə İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan-Həsənov döngəsi 4 ünvanda yerləşən fərdi yaşayış evini bacısı qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə iddiaçı tənha olmaqla əmək qabiliyyətinə malik olmadığından ona Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tərəfindən başqasının köməyinə ehtiyacı olan şəxs kimi sosial-məişət xidmətinə götürülmüşdür. İddiaçı bildirir ki, Bakı şəhəri, Əmircan qəs, E.Həsənov küç, dön 1, ev 4 mərhum atası X3 məxsus olmuşdur. X1 10 saylı Notariat Kontorunda vərəsəliyini qəbul etdiyi zaman bacılarının təkidinə və xahişinə əsasən öz vərəsəlik payından Cavabdeh Seymur qızının xeyrinə imtina etmişdir. Vərəsəlik payından Cavabdeh xeyrinə imtina etməsinə səbəb cavabdehin ona rəhmətə gedəcəyi günə qədər qulluq etməsinə soz verməsidir. Evi cavabdehə bacıları X6 və X4 iştirakı ilə vermişdir. Cavabdeh söz verdi ki, xəstə olduğu üçün ona öz anası kimi qulluq edəcəkdir. Mirasdan onun xeyrinə imtina etdiyi zaman ev əşyalarını, qızıl-zinət əşyalarını və üstəlik 600 manat pulu cavabdehə vermişdir. Ona görə də ümid edirdi ki, cavabdeh müqavilə bağlandıqdan sonra da ona qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Ancaq bir müddət keçdikdən sonra cavabdehin ona münasibəti tamamilə dəyişmişdir. Cavabdeh nəinki onun qayğısına qalmır, onu təhqir edir və alçaldır, hətta ayağının yanmasına baxmayaraq ona hər hansı bir yardım göstərməmişdir. Cavabdeh bildirir ki, iddiaçının ev əşyaları həqiqətən ondadır, lakin qızıl-zinət əşyaları və 600 manat pul ona verilməmişdir. O, iddiaçıya baxmaq, ona qulluq etməkdən imtina etməmiş, lakin sonuncu onunla mübahisə etdiyindən və özünə yaxın buraxmadığından bunu edə bilmir. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir: 1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Ona görə də iddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin mövcud olub-olmamasının yoxlanılması əhəmiyyət kəsb etdiyi halda həmin hallar tam araşdırılmamış və həmin hallara müvafiq hüquqi qiymət verilməmişdir. İşin mübahisə edilməyən hallarından göründüyü kimi iddiaçı tənha olmaqla əmək qabiliyyəti olmadığına görə onun köməyə və qayğıya ehtiyacı vardır. İddiaçının bildirdiklərindən görünür ki, mübahisəli mənzili bacısı qızı olan cavabdehə ona görə bağışlamışdır ki, sonuncu onun qulluğunda durmaqla daim ona xidmət göstərir, gündəlik məişət qayğılarını həll edirdi. Ona görə də ümid edirdi ki, cavabdeh müqavilə bağlandıqdan sonra da ona qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh onun ümid etdiklərinin əksinə hərəkət etməyə başlamış onun nəinki məişət qayğılarını çəkməmiş, hətta ayağının yanmasına baxmayaraq ona hər hansı bir yardım göstərməmişdir. Göründüyü kimi iddiaçı müqavilənin ləğvinə dair dəlillərini onunla əsaslandırır ki, cavabdeh müqavilə bağlanmamışdan əvvəl tənha və köməyə ehtiyacı olan xalasına qulluq etməklə ailə münasibətlərindən doğan bir öhdəliyi könüllü olaraq üzərinə götürmüş, lakin müqavilə bağlandıqdan sonra bu öhdəliklərdən imtina etmişdir. Həmçinin işin halları ilə müəyyən edilir ki, cavabdeh müqavilə bağlandıqdan bir müddət sonra iddiaçıya qulluq göstərmədiyini və onun qayğısına qalmadığını etiraf edir, lakin bunu iddiaçının ona qarşı törətdiyi maneəçiliklə əlaqələndirir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, bu halların aydınlaşdırılması üçün iddiaçı ilə cavabdeh arasındakı bağışlama müqaviləsindən əvvəl və sonrakı münasibətlərin xarakteri və məzmunu araşdırılmalı, bağışlamadan əvvəl cavabdehin iddiaçıya qulluq edib-etməməsi və əgər qulluq edibsə bağışlamadan sonra cavabdehin iddiaçıya qarşı münasibətinin dəyişib-dəyişməməsi, dəyişdiyi halda bunun səbəbləri araşdırılmalı, araşdırılmış hallara uyğun mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında İddiaçı Həmdulla qızı bildirdi ki, iddianın təmin olunan hissəsi ilə razıdır, təmin olunmayan hissəsindən isə narazıdır. Çünki, cavabdehə həddindən artıq qızıl və pul vermişdir. Mənzili bağışlamadan əvvəl cavabdehlə elə də yaxın münasibəti olmamış və sonuncu ona qulluq etməmişdir. Bağışlamadan əvvəl cavan oğlu, əri vəfat etmiş, atası isə xəstə idi. Həmin vəziyyətindən də istifadə edib bu müqaviləni ona imzaladıblar. Çünki, həmin vaxt heç özündə deyildir. İndi isə cavabdeh onu ümumiyyətlə saymır və ona hansısa formada qulluq etmir. Ona görə də bağışlama müqaviləsinin ləğv edilməsini təkid edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkil X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı ona pul verməmişdir. Qızıllar isə iddiaçının özündədir. İddiaçıya qulluq etmək istəyir, lakin buna imkan vermir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin yalnız bağışlama müqaviləsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və iddiaçının izahatından görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməyən hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının şikayəti üzrə iddianın təmin edilməyən hissəsi üzrə yoxlanılır, təmin edilən və cavabdehə münasibətdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, iddianın bağışlama müqaviləsinin ləğvi hissəsi üzrə faktiki əsası(faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissə üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə... mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. ...Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Əvvəla, Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Bu cür öhdəlikdən biri hədiyyə alan üçün Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Demək həmin maddənin tələbinə əsasən cavabdehin iddiaçı qarşısında bir öhdəliyi, həmdə mənəvi borcu olmuşdur. Əks halda iddiaçının da xüsusi mülkiyyətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıydı. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan xalasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan və mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İkincisi, bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olmayan şəxsələrə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili bacısı qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsini istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirlməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir.Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin digər hissələrəi, yəni qızıl-zinət və pul tələbi hissələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, iddiaçı həqiqətən tələbin bu hissələri üzrə məhkəməyə mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kassasiya instansiya məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv etsə də qərarında tələbin bu hissələri ilə bağlı hansısa maddi və prosessual hüquq normalarının pozulmasını göstərməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsi bağışlama müqaviləsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Həmdulla qızının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsi bağışlama müqaviləsinin ləğv olunmasının rədd edilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilsin. İddiaçı Həmdulla qızı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov döngəsi 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış və xx xxxx 2016-cı il tarixdə 10 saylı notariat kontorunda təsdiq edilmiş bağışlanma müqaviləsi ləğv edilsin. Qətnamə, iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar