Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3986/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-311/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2063 (iki min altmış üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank heabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli 217-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli 277-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin “tam maddi məsuliyyət” haqqında müqavilə də imzalanmışdır. xx.xx.2021-ci il tarixli 25-K saylı əmrlə işdən azad olunmuşdur. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin-3 MKR 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyə zərər vurması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 3249 (üç min iki yüz qırx doqquz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əksik gəlməyə görə 1004 (1318- 62742*0.5%) manat, ikinci əksikgəlmədən 1543 (1931-77596*0.5%) manat, yəni ümumilikdə 2547 manat qalmışdır. Ümumi kənarlaşma məbləğindən 484 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2063 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(006)-311/2022 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-311/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “Tam maddi məsuliyyət haqqında” müqavilə nə deyir bizə: müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilirki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi tam maddi məsuliyyət daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inventarizasiya yoxlamaları həyata keçirilmişdir. xx.xx.2020ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1318 (bir min üç yüz on səkkiz) manat, xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən isə yekun ziyan məbləği 1931 (bir min doqquz yüz otuz bir) manat məbləğində zərər vurması məlum olmuşdur. Həmin inventarizasiya yoxlamaları birbaşa Cavabdeh iştirakı ilə keçirilmiş və cavabdeh ziyanla bağlı çıxarılan nəticəyə razılığını öz imzası ilə təsdiq edilmişdir. Bununla da cavabdeh şirkətə vurduğu ziyanı etiraf etmişdir. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əksik gəlməyə görə 1004 (1318-62742*0.5%) manat, ikinci əskik gəlmədən 1543 (1931-77596*0.5%) manat, yəni ümumilikdə 2547 (iki min beş yüz qırx yeddi) manat qalmışdır. Ümumi kənarlaşma məbləğindən 484(dörd yüzsəksən dörd) manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2063(iki min altmış üç) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Odurki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Nəsimi Rayon Məhkəməsibu qənaətə gəlmişdir ki, guya iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli arayışda isə 2547 manat çatışmazlıq olduğu qeyd edilsə də, bu çatışmazlığın necə yaranması və nə ilə təsdiq olunması,arayışın nəyə əsasən verilməsi göstərilməmişdir. Lakin, Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanmış və iş materiallarına əlavə edilmiş “Tam maddi məsuliyyət haqqında” müqavilənin 3.3-cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. Həmin inventarizasiya yoxlamaları birbaşa Cavabdeh iştirakı ilə keçirilmiş və aktlarda cavabdeh ziyanla bağlı çıxarılan nəticəyə razılığını öz imzası ilə təsdiq etmişdir. Bununla da cavabdeh şirkətə vurduğu ziyanı etiraf etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara və “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələri, iş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara, 24 yanvar 2022-ci il tarixli 9/8778 saylı ekspert rəyinə və administrator vəzifəsinə aid “Tam maddi məsuliyyət haqqında” müqavilədə qeyd edilən hallara uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı MMC tərəfindən verilən cəmiyyət üzrə xx.xx.2020-ci il tarixli 078-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 6 şöbəsinə xx.xx.2020-ci il tarixdən satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Bu əmək müqaviləsinə əsasən, tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan müqavilənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh baş satıcı vəzifəsinə, daha sonra isə administrator vəzifəsinə keçmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilən cəmiyyət üzrə xx.xx.2021-ci il tarixli 25-K saylı əmrdən çıxarışdan görünür ki, cəmiyyətin satış departamentinin satış 6 şöbəsinin baş satıcısının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən, cəmiyyətə vurulan yekun ziyan məbləği 3249 (üç min iki yüz qırx doqquz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və əksikgəlmə aşkar edilmişdir. Hazırda faktiki qalıq borcu 2062.65 manat təşkil edir. Qeyd olunan məbləğin 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2020-ci il tarixində 1318 manat və xx.xx.2020-ci il tarixində 1931 manat, ümumi olaraq 3249 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövdə dövriyyəsinə dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əksik gəlməyə görə 1004 (1318-62742*0.5%) manat, ikinci əksikgəlmədən 1543 (1931- 77596*0.5%) manat, yəni ümumilikdə 2547 manat qalmışdır. Ümumi kənarlaşma məbləğindən 484 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2063 manat borcu qalmaqdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən verilən məktubdan görünür ki, Cavabdeh işlədiyi İddiaçı MMC-dən 68 manat dəyərində olan “Vestgold” markalı yağın oğurlanması barədə ərizə ilə polis şöbəsinə müraciət etmiş, lakin araşdırılma aparılmış cinayət tərkibinin olmadığı müəyyən edilmiş, cinaəy işinin rədd olunması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən ünvanlanan məktublardan görünür ki, o, dəfələrlə MMC rəhbərliyinə müraciət etmişdir ki, mağazanın deposu zirzəmidə yerləşdiyindən burada həm su sızması olduğundan, həm də depodakı qida və qeyri-qida malları siçanlar tərəfindən məhv edilir. Bununla bağlı tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5329/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, hazırki mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya Məhkəməsinə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 24 yanvar 2022-ci il tarixli, 9/8778 №-li ekspert rəyindən görünür ki, iş materiallarında olan (cild i.v 35-45; 47-57) İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” larda göstərilən müxtəlif adda, müxtəlif markalı əksik gəldiyi qeyd edilən ərzaq mallarının orta azar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3249 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya Məhkəməsinin iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və əksikgəlmə aşkar edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövdə dövriyyəsinə dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əksik gəlməyə görə 1004 (1318-62742*0.5%) manat, ikinci əksikgəlmədən 1543 (1931- 77596*0.5%) manat, yəni ümumilikdə 2547 manat qalmışdır. Ümumi kənarlaşma məbləğindən 484 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmış, ümumi borc məbləği isə 2063 manat təşkil edir. Mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş, müxtəlif markalı əksik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3249 manat müəyyən edilmişdir. Ekspertiza rəyində İddiaçı MMC-yə vurulmuş maddi ziyanın məbləği 3249 manat müəyyən edilməsinə baxmayaraq, İddiaçı MMC vurulmuş maddi ziyanın Cavabdeh tərəfindən vurulması konkret olaraq göstərilməmişdir. Cavabdeh isə dəfələrlə İddiaçı MMC-yə mağazanın deposu zirzəmiyə su sızması, həm də depodakı qida və qeyriqida malların siçanlar tərəfindən məhv edilməsi barədə məlumat vermiş, bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Lakin, İddiaçı MMC tərəfindən hec bir tədbir görülməmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli arayışda (i.v.59) isə 2547 manat çatışmazlıq olduğu qeyd edilsə də, bu çatışmazlığın necə yaranması və nə ilə təsdiq olunması, arayışın nəyə əsasən verilməsi göstərilməmişdir. Beləliklə, iddiaçı tərəfindən maddi ziyanın Cavabdeh tərəfindən vurulması sübuta yetirlə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(006)-311/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3986/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3986/2022
06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver