Məhkəmə qərarları › İş №2(103)-3987/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3987/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3987/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(001)-216/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə Cavabdeh1 Əbülxan qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması bardə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 2 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilindən çıxarılmasını, vurulmuş maddi zərərin əvəzi kimi 12400 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, cəmi 17400 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın ləğv edilməsini, ünvan 1 ünvanının təmirinə xərcləmiş olduğu 6000 manat dəyərində pul vəsaitinin ilkin iddia üzrə iddiaçıdan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(001)-216/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilindən çıxarılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, 440 (dörd yüz qırx) manatın İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə Cavabdeh1 Əbülxan qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir, onun hüquqlarını pozur, məhdudlaşdırır, ona görə də ləğv edilməlidir. Qətnamədən ilk iddia üzrə İddiaçı da apellyasiya şikayəti verərək, qətnaməni dəyişdirərək iddia tələbinin tam təmin edilməsi və həmçinin qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz olaraq mənzilindən çıxmaması səbəbindən 10 000 manat məbləğində maddi zərərə məruz qalmışdır.Məhkəməyə müraciət etdiyi tarixdən bu günə kimi 1 il müddət keçmişdir. Həmin müddət ərzində o, mənzilini kirayəyə verərək maddi qazanc əldə edə bilərdi. Lakin cavabdehlərin hələ də həmin mənzildən çıxmamaları onun öz mənzilini kirayayə verərək gəlir əldə etməyinə mane olur ki, bu da öz növbəsində ona dəyən maddi zərərin həcminin artmasına gətirib çıxarır. Həmin 1 il müddətində cavabdehlər mənzilini tərk etmiş olsaydılar mənzilini aylıq 200 manatdan kirayəyə verərək 1 il müddətində 200x12=2400 manat gəlir əldə etmiş olardı. Bununla da ona dəyən maddi zərərin miqdarı ümumilikdə 12 400 manat təşkil edir. Cavabdehlərin mənzilindən çıxmaması səbəbindən oğlu kirayələrdə qalır və bu da onların maddi zərər almalarına eləcə də bütün bu qanunsuz hərəkətlərin nəticəsində psixi sarsıntı əsəb keçirmələrinə səbəb olmuşdur. Bu uzun sürən ağır psixi sarsıntı iztirablardan dolayı aldığı mənəvi zərəri 5000 manat kimi qiymətləndirir. Həmçinin Binəqədi Rayon Məhkəməsi öz qətnaməsində qarşılıqlı iddia tələbini qismən təmin etməklə, yəni ondan 440 manat məbləğində pul tutularaq Cavabdeh1 xeyrinə ödənilməsini qət etmişdir. Məhkəmənin öz qətnaməsində apardığı əsaslandırma və qarşılıqlı iddia tələbini qismən təmin etməsi onun hüquqlarının pozulması faktıdır. Belə ki, məhkəmə öz qətnaməsində bildirir ki, nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə nümayiş etdirdiyi video yazıda mənzilə plastik qapıların nisbətən təzəlikcə qoyulması aydın seçilir və məhkəmədə plastik qapıların qoyulmasına dair xərclərin Cavabdeh1 tərəfindən çəkilməsinə daxili inam yaranır. Xərclərin dəfələrlə Cavabdeh1 tərəfindən deyil onun tərəfindən çəkilməsini bildirsə də məhkəmə heç bir sübut və əsas olmadan xərcləri cavabdeh tərəfindən çəkildiyinə dair daxili inam yarandığını bildirmişdir. Plastik qapılar onun tərəfindən alınaraq qoyulmuşdur. Qarşılıqlı iddia, üzrə iddiaçılar isə sözü gedən plastik qapıların onlar tərəfindən qoyulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdirlər və bununla belə sözügedən mənzilin onun mülkiyyətində olduğu halda Binəqədir Rayon Məhkəməsi əsassız olaraq qətnaməsində ondan 440 manat pul tutularaq Cavabdeh1 xeyrinə ödənilməsini qət etmişdi. Sözügedən mənzil onun mülkiyyətindədir və mənzil hal-hazırda yaşanılmayacaq dərəcədə təmirsiz olduğuna görə təmir işləri aparmaq istəyir, lakin cavabdehlərin mənzildən çıxmamasına görə halhazırda təmir işləri apara bilmir və hüquqları kobud şəkildə pozulmaqdadır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirdi ki, qapının cavabdeh tərəfindən qoyulmasını bildirməmişlər. Qarşı tərəfin iddia etdiklərinin sübutetmə yükü onların üzərinə düşür. Birmənalı olaraq evdə təmir olmayıb. Yalnız qapı qoyulub. Qapı da onların tərəfindən qoyulub. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzil İddiaçı mülkiyyətindədir və qeyri-rəsmi olaraq 2015-ci ildən Cavabdeh1 və onun ailə üzvlərinə kirayə verilmiş, iddiaçı cavabdehlərin mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə 5 il sonra - 22.01.2020-ci il tarixdə müraciət etmişdir. Yəni, göründüyü kimi, Cavabdeh1 və onun ailə üzvləri İddiaçı məxsus mənzildə yaşamaqla hər hansı qanunazidd hərəkət etməmiş, tərəflər arasında qarşılıqlı razılaşma mövcud olmuş və bunu hər iki tərəf qəbul edir. Belə olan halda ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsi iş materialları ilə təsdiq olunmur. İlk iddia ərizəsinin maddi ziyanla bağlı tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamış, maddi ziyanın çəkilməsini və çəkilmiş maddi ziyanın məbləğini təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia ərizəsinin dəlillərinin araşdırılması məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 2(001 )-1511/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: ünvan 3 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzildə son beş il ərzində hər hansı təmir işləri aparılmışdırmı? Qeyd olunan mənzildə hər hansı təmir işləri aparılmışdırsa həmin təmir işləri nədən ibarət olmuşdur? Təmir işləri aparılmışdırsa görülmüş təmir işlərinin (ustaların əmək haqqı və materialların qiyməti göstərilməklə) manatla nə qədər təşkil edir? Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə nümayiş etdirdiyi video yazıdan görünür ki (həmin video yazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 2(001)-1511/2020 saylı qərardadı ekspert tərəfindən icra olunarkən mübahisəli mənzildə çəkilmişdir), qeyd olunan mənzildə yaxın keçmişdə hər hansı təmir işlərinin aparılması şübhə doğurur, yalnız mənzilə plastik qapıların nisbətən təzəlikcə qoyulması aydın seçilir və məhkəmədə plastik qapıların qoyulmasına xərclərin Cavabdeh1 tərəfindən çəkilməsinə daxili inam yaranır. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Məcəllənin 680.2-ci maddəsinə əsasən, ... kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 1090.1-ci maddəsinə müvafiq olaraq, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. otaqlı 142 saylı mənzilindən çıxarılmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 440 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İlk iddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən hissəsi və qarşılıqlı iddianın təmin edilən hissəsi, qarşılıqlı iddiaçı isə apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, onun şikayətinin obyektini də qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilən hissəsi və qarşılıqlı iddianın təmin edilməyən hissəsi, şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə ilkin və qarşılıqlı iddiaçının apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrinin faktiki əsası (faktiki hallar), tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdehlər iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehlərin ilk iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud ilk iddiaçının cavabdehlərin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İlk iddiaçı cavabdehlərin ona zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. İkincisi, qarşılıqlı iddianın qismən təmin edilən hissəsi də əsassız olmamışdır. Belə ki, qeyd olunan mənzildə plastik qapının quraşıdırılaraq qoyulması və dəyərinin 440 manat olması iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur. Həmin qapının həqiqətən mövcudluğunu və bu dəyərdə olmasını tərəflər də mübahisələndirmir. Mübahisələndirilən hal həmin qapının ilk yaxud qarşılıqlı iddiaçı tərəfindən quraşdırılması ilə bağlıdır. Qeyd olunduğu kimi qarşılıqlı iddiaçının ilk iddiaçının razılığı ilə 2015-ci ildən həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. İlk iddiaçı tərəf qeyd olunan qapının onun tərəfindən quraşdırıldığını bəyan edirsə ən azından bunun hansı dövrdə etməsini və digər halları şikayətində göstərməli idi. Ancaq ilk iddiaçı bu barədə(qapının nə vaxt , kimdən alması, nə qədər vəsat ödəməsi və.s)məhkəməyə heç bir sübut təqdim etmir. İlk iddiaçı qarşılıqlı iddianın təmin olunan bu hissəsinə etiraz edərək mübahisəli qapının onun tərəfindən mənzildə quraşdırıldığını bəyan edirsə artıq bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin o, bu barədə yalnız söz-kəlmə olaraq məlumat verir. Bu isə qarşılıqlı iddianın təmin olunan bu hissəsnin ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın rədd olunması üçün əsas ola bilməz. Üçüncüsü, qarşılıqlı iddiaçı qətnamənin qanunsuz və ədalətsiz olduğunu, onun hüquqlarını pozduğunu və məhdudlaşdırdığını göstərsə də, bu qanunsuzluğun nədən ibarət olduğunu, ədalətsizliyin nədə ifadə olunduğunu açıqlamır. Qətnamənin hansı hissəsinin onun hüquqlarını pozduğunu və məhdudlaşdırdığını da göstərmir. Bu cür vəziyyətdə yalınz şikayətdə göstərilən, şəxsi mülahizələrə əsaslanan həmin fikirlərə görə qətnamə onun mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(001)- 216/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar