Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3987/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı mülki iş (Açar sözlər: «icra qeydinin ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-197/2023 saylı, 17 mart 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən X8 65000(altmış beş min) manatı borcalan İddiaçı verib, sonuncu isə həmin məbləği qəbul edib xx.xx.2012-ci il tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən qəbul olunmuş xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu X4 tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinə əsasən İddiaçı cəmi 65000(altmış beş min) manat X2 xeyrinə tutulması ilə bağlı icraata başlanılmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı 65000(altmış beş min) manatın alınmasına dair bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2168/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri 38 saylı Xüsusi Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı Talib oğlu ilə X9 arasında bağlanmış 10 noyabr 2012-ci il tarixdə 3M-03-521 nömrə ilə reyestrdə rəsmləşmiş kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından vətəndaş X3 müraciəti əsasında 14 may 2015-ci il tarixdə 7E3937 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş icra qeydi tərtib edilmiş və məcburi icrası üçün müvafiq icra və probasiya şöbəsinə göndərilmişdir. Bu müraciət əsasında icra qeydin ləğv edilməsi mümkün deyildir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı, X8 və Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Notariat kontorunun notariusu X4 tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiada göstərilir ki, atası X6 təqribən 2012-ci ildən başlayaraq sahibkar kimi ev quşlarının (broyler) yetişdirilməsi və satışı ilə məşğul olmağa başlamışdır. Bu səbəbdən Biləcəri qəsəbəsində quşlar üçün yemin topdansatışı ilə məşğul olan Vüqar adlı şəxslə tanış olmuşdur. Həmin vaxtlar (2012-ci il) İddiaçı 18 yaşı yenicə tamam olmuşdur. 2012-ci ilin ortalarında atası ilə Vüqar razılığa gəlmişlər ki, əvvəlcədən razılaşdıqları qiymətə Vüqar atasına quşlar üçün nisyə yem satır, atası nisyə satılmış yemin pulunu təqribən iki ay ərzində ev quşlarını yetişdirib realizə etdikcə hissə-hissə ödəyir və növbəti mərhələ üçün yenidən ondan yem məhsulları alır. Nisyə yem almaq üçün Vüqarın şərti belə olub ki, nisyə veriləcək yemin dəyərinə uyğun atası ilə o, əvvəlcədən kredit müqaviləsi bağlayır və müqavilə bağlandıqdan sonra yem məhsullarını nisyə verir. Atası həmin şərtlə işləməyə razı olur. Beləliklə, ilk dəfə 2012-ci il avqust ayının 22-də Vüqarın göstərişinə əsasən onun işçisi (fəhləsi) X7 adlı şəxs atası Talıb Əsgərovla formal olaraq 20.000 manat məbləğində borc müqaviləsi bağlamışlar. Guya atası müqaviləyə görə, X1 20.000 manat məbləğində borca pul götürübdür. Halbuki atası ilə Şahidin heç tanışlıqları da olmamışdır. Həqiqətdə isə bu müqavilə yuxarıda da göstərdiyi kimi atasının Şahidin müdiri Vüqar adlı şəxsdən gələcəkdə nisyə götürmək istədiyi yem məhsulunun dəyəri idi. Nisyə mal verən olmadığından atası məcbur olub Vüqarla belə bir razılığa gəlmişdi. Atası ilk dəfə borc müqaviləsi bağladıqdan sonra ev quşları üçün Vüqardan yem məhsulları almağa başladı. Əvvəldən gəlinmiş razılığa uyğun olaraq aldıqları yem məhsullarının dəyəri Vüqara tam ödənildi. Təsərrüfatın bir az da böyüdüb daha çox məbləğdə yem məhsulları almaq üçün Vüqarın təklifi ilə 10 noyabr 2012-ci il tarixində onunla Vüqarın digər işçisi (fəhləsi) X8 arasında daha böyük məbləğdə - 65.000 manat məbləğində kredit müqaviləsi bağlanıldı. Kredit müqaviləsi notariat kontorunda bağlanılsa da, müqavilə tərəfləri notariat ofisində birbirlərini görməmişlər. Belə ki, müqaviləni iştirakları olmadan ayrı-ayrılıqda imzalamışlar. İkinci kredit müqaviləsini bağlayıb Vüqardan quşlar üçün yem alışını davam etdirmişlər və daha çox yeni partiya ev quşlarını yetişdirib, bu dəfə də Vüqara olan borcu tam ödəmiş və hətta özləri də xeyli miqdarda qazanc əldə etmişlər. 2013-cü ilin ortalarında Vüqar nisyə satdığı yem məhsullarının qiymətini qaldırdı. O səbəbdən atası başqa satıcılarla əlaqə yaratmağa qərar verdi və yem məhsullarını başqa satıcılardan almağa başladı. Vüqar bir neçə dəfə onunla işi davam etdirməyi tələb etsə də, qiymətdə razılaşmadıqlarından onun təklifindən imtina olundu. İddiaçı bildiyinə görə, yem məhsulunun qiymətinə və dəyərinə görə aralarında məhkəmə mübahisəsi baş vermiş, sonda mübahisə məhkəmədən kənar həll edilmişdir. Daha sonra onlar arasında hər hansı mübahisə olmamış və atası Vüqardan yem məhsulları almamışdır. Bununla belə, İddiaçı 2015-2017-cü illərdə (İyul 2015-Yanvar 2017) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2017ci ilin oktyabr ayında doğulduğu Gürcüstan Respublikasına getmək istəyərkən “Sınıq Körpü” sərhəd keçid məntəqəsində İddiaçı bildirildi ki, Suraxanı rayon İcra şöbəsi tərəfindən axtarışa verilmişdir. Axtarışın səbəblərini öyrənərkən məlum oldu ki, tanımadığı, heç vaxt borc almadığı X8 adlı şəxslə 2012-ci noyabr ayında formal olaraq imzaladıqları borc müqaviləsindən onun müdiri Vüqar istifadə edərək, 38 saylı notariat kontorunda icra qeydi yazdırmış və icra qeydinə əsasən 65.000 manat vəsaiti İddiaçı tələb edir. Baxmayaraq ki, həmin məbləğ borc olmamış, götürülmüş yem məhsullarının dəyəri olmuşdur ki, həmin məbləğ də 2012-2013-cü illərdə tam ödənilmişdir. Bundan sonra İddiaçı 2017-ci ilin oktyabr ayında X5 qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə qeydiyyatda olduğu Goranboy rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 fevral 2018-ci il tarixli 2(045)-38/2018 saylı qiyabi qətnaməsinə əsasən müqavilə etibarsız hesab edildi. Lakin cavabdeh Azər Həsənov sonrakı vaxtlarda qeydiyyat ünvanını Bakı şəhərinə dəyişdirərək, ona təyin olunmuş nümayəndə vasitəsi ilə 2019-cu ilin sonlarında İddiaçı xəbərsiz Goranboy Rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qiyabi qətnaməsini ləğv etdirmiş və iddia ərizəsi baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərdirmiş, bu Məhkəmə isə özünün 24 fevral 2021-ci il tarixli 2(006)- 149/2021 saylı qətnaməsi ilə İddiaçı iştirakını təmin etmədən iddia tələbini rədd etmişdir. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla belə, İcra qeydi özündə 65.000 manat əks etdirsə də, tələbkar qismində çıxış edən X8 2016-cı ildən başlayaqaraq nümayəndəsdi vasitəsi ilə müxtəlif dövlət orqanlarına şikayətlər verərək borcun 65.000 yox, 19237 manat olduğunu və həmin hissədə borcun alınaraq ona verilməsini tələb edir. İşin bütün bu halları onu deməyə əsas verir ki, borcla bağlı mübahisə mövcud olmuşdur. O səbəbdən mübahisənin mövcudluğu icra qeydinin yazılmasını istisna edir. Hesab edir ki, Bakı şəhəri 38 saylı Notariat Kontorunda yazdırılmış icra qeydinin icra edilməməli olması barədə qətnamə çıxarılmalıdır. Belə ki, işin mahiyyətindən görünür ki, aralarında borc münasibətlərinin olmasına dair mübahisə vardır. İcra qeydi isə ödənilməsi mübahisəsiz qaydada həyata keçirilməli olduğu hallara şamil edilir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-197/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə əsas kimi tərəflər arasında mübahisənin qalmasını göstərir. Halbuki iddia ərizəsinə əlavə edilmiş qətnamə və qərarlardan icra qeydinin verilməsinə əsas olmuş öhdəlik münasibətlərinə yetərincə aydınlıq gətirilmiş, həmin qətnamələr və qərar qanuni qüvvəsini almışdır. Tərəflər arasında olan hüquq münasibətlərində qeyrimüəyyənlik qalmamışdır. İddiaçının vəkili məhkəmə iclasında İddiaçı icra qeydinə dair bildirişi almadığını əsas gətirərək icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, İddiaçı və X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 38 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinin nümayəndəs, eləcə də üçüncü şəxslər(nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada danotariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunuvə ya borclunun tələbkar qarşısında digər məsuliyyətinitəsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı:
İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Əvvəla, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndi də nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Göründüyü kimi, tələbkar tərəfindən qeyd olunan normaların tələblərinə riayət edilmişdir. Bu faktı iddiaçının cavabdeh Azər Həsənova qarşı kredit müqaviləsinin etibarsızlığı tələbi üzrə çıxarılmış məhkəmə aktları ilə də təsdiq olunur. Çünki, tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsəydi iddiaçı kredit müqaviləsinin etibarsızlığını tələb edərkən iddia ərizəsində və məhkəmə iclaslarında bu barədə ən azından məlumat verərdi, ancaq bu məsələ həmin vaxt ümumiyyətlə onun yadına düşməmişdir. Eyni zamanda, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra,... borclu şəxsə təqdim olunmuş sayılır.
24. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Təqdim edilmiş sənədlər mübahisəsiz olduqda və iddia müddəti keçmədikdə icra qeydi verilir. Göründüyü kimi, tələbkar tərəfindən həmin siyahıda göstərilən sənədlər notariusa təqdim olunmasaydı icra qeydi verilməsi üçün əsas da olmazdı, üstəlik hər üç instansiya məhkəməsindən keçmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə kredit müqaviləsinin etibarlı və borcun mübahisəsiz olması öz təsdiqini tapmışdır. Demək ki, notarius icra qeydi verməmişdən əvvəl bu halları yoxlamışdır. Qanunvericiliyə əsasən bu tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsidir. Borclu hazırki işdə də kredit müqaviləsinin etibarlılığını mübahisələndirməyə cəhd edir. Bu cür vəziyyətdə borcun məbləğinin mübahisəsiz olduğunu sübut etmək yükü cavabdehin üzərinə düşsə də qanuni qüvvəyə minmiş məhkəmə aktları borcun məbləğinin mübahisəsiz olduğunu mahiyyət etibarı ilə təsdiq etmiş olur. Düzdü, üçüncü şəxs tərəfindən hazırki iş üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi xahiş edilsə də, iddia mahiyyəti üzrə əsassız olduğuna görə də təmin edilə bilməzdi. Çünki, iddiaçı açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə edərək üçüncü şəxsə zərər vurmağa çalışır. Əks halda 10 ildən artıq müddətdə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini bugünədək qismən də olsa icra edə bilərdi, ancaq etmir və bu davranışı ilə də icra etmək istəmədiyini büruzə vermiş olur.
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 197/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-197/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.