Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3988/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(008)-2299/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli ,2(008)- 7409/2021 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh 23 sentyabr 2021-ci il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş X9, X7 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət edildiyi gündən yetkinlik yaşına çatmayan 12 sentyabr 2012-ci il tarixdə doğulmuş X9, 01 dekabr 2014-cü il təvəllüdlü X7 və 11 noyabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, qətnaməyə əsasən alimentin məbləği hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat müəyyən olunsa da, hazırda övladlarının orta məktəbdə təhsil alması, hazırlığa getməsi ilə bağlı ehtiyaclarını qarşılmaq maddi imkanı olmadığına görə ona çətinlik yaradır. Alimentdən başqa heç bir yerdən maddi yardımla bağlı köməyi yoxdur. Bu səbəbdən də, alimentin artırılması övladlarının tələbatlarını ödəmək üçün çox vacibdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(008)- 2299/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 12 sentyabr 2012-ci il tarixdə doğulmuş X5, 01 dekabr 2014-cü il təvəllüdlü X3 və 11 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
5. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, mülki iş üzrə iddiaçının himayəsində olan 3 azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəs, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 112.1 -ci maddələri, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa və “Uşaq hüquqları haqqında” Qanuna istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən şikayət verərək, dəyişdirilərək, iddianın tam təmin olunmasnı xahiş etmişdir.
8. Şikayətinin dəlillərinə görə, aylıq gəliri sabit olmayan cavabdehin hər uşaq üçün sabit pul məbləği olmaqla cəmi 510 manat aliment ödəməsi uşaqların maddi tələbatlarını ödəməyinə kifayət etmir. Məhkəmə sübutları araşdırarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, tədqiq edilən sübutları tədqiq edilməli olan hüquq normalarına müvafiq qiymətləndirməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfin maddi imkanı yaxşıdır, bu vəziyyətdə qarşı tərəfin aylıq qazancı bildirdiyi gündəlik 20 manat olmaqla ayda 600 manatdan artıqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnamə dəyişdirilməklə iddianın tam təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, onun özü heç bir yerdə işləmir, cavabdeh isə su nasoslarının təmiri sexini işlədir, yay aylarında aylıq gəliri 1000 manat da olur.
11. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayəti ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, onun işi su nasoslarının təmiri ilə bağlı olduğundan iş mövsümidir. Qış aylarında bəzən ümumiyyətlə qazanc olmur, yay aylarında isə aylıq 600-800 manat gəlir əldə edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. ... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamə təmin olunmayan hissədə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
17. Hazırkı iddianın faktiki əsası kimi uşaqların tələbatlarının artması göstərilmişdir. İddiaçının apellyasiya şikayətinin məzmunu da bu faktın onun maddi vəziyyətini çətinləşdirməsi barədə dəlillərdən ibarətdir.
18. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq, qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilmiş tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi əsası ilə artıq təyin edilmiş alimentin məbləği dəyişdirilərkən ailə və ya maddi vəziyyətdə hansı dəyişikliyin olduğunu müəyyən edilməli, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır.
19. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarət olmuşdur ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.
20. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının himayəsində olan 3 azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır.
21. İddiaçının özünün məhkəmə iclasında verdiyi izahatında da cavabdehin maksimal gəlirinin 1000 manat olması qeyd olunmuşdur. Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbi baxımından 3 uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin yarısının tutulması baxımından da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(008)- 2299/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(008)- 2299/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev