Məhkəmə qərarları › İş №2(103)-3991/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3991/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3991/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “borcun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2399/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ləğv prosesində olan LPO "AmrahBank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3316.69 (üç min üç yüz on altı manat altmış doqquz qəpik) əsas borc, 97.11(doxsan yeddi manat on bir qəpik) faiz borcu və iş üzrə ödənilmiş 54.14( əlli dörd manat on dörd qəpik) dövlət rüsumu olmaqla xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 3413.80(üç min dörd yüz on üç manat 80 qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2399/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ərizə təmin edilmiş, Cavabdeh 3316,69 manat əsas borc və 97,11 manat faiz borcu olmaqla, cəmi 3413,80 (üç min dörd yüz on üç manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş 54,14 (əlli dörd manat on dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "AmrahBank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin tərəfi olmamış və həmin müqaviləni imzalamamışdır. Eyni zamanda həmin pul məbləğinin mənə verilməsin təsdiq edən hər hansı sübut da mövcud deyildir, iddiaçı yalnız 2019-cu il tarixli kredit müqaviləsini və xx.xx.2022-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Cavabdeh həmçinin bildirdi ki, o həmin proses barədə məlumatlı olmamış, məhkəmədə belə bir iş olduğundan yalnız qətnaməni aldıqdan sonra xəbər tutmuşdur, beləliklə onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Eyni zamanda cavabdeh qeyd edir ki, onun müqavilədən xəbəri yoxdur, imza ona məxsus deyil, bu səbəbdən məhkəmə-xətşünaslıq ekspertizası keçirilməli və həqiqətən də, imzanın ona məxsus olmadığı müəyyən edilməlidir. Apellyasiya şikayətinə etiraz:

5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehlə bank arasında 27 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 15 000 manat təqdim edilmiş, zamin isə X5 və X4 olmuşdur. 27 noyabr 2014-cü il tarixli kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli Fərmanın təsir altına düşdüyü üçün restrukturizasiya edilmiş və 2019-cu ildə yeni kredit müqaviləsi bağlanmışdır. Bu halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, göstərdi ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi onun tərəfindən bağlanmamışdır, hətta zamin qismində göstərilən 2 şəxsdən birini o tanısa da, X4 adlı şəxsi tanımır. Bu iş üzrə qətnaməni də ona zəng edərək məhkəmədən məktub olduğunu bildirdikdən sonra əldə edib və prosesdən yalnız bundan sonra xəbər tutub. Rayon məhkəməsi lazımi araşdırma aparmamış, onu proses barədə məlumatlandırmamışdır. Əgər iş üzrə xətşünaslıq ekspertizası keçirilsəydi, onda məlum olardı ki, həmin müqavilədəki imza ona məxsus deyil. Cavabdeh eyni zamanda bildirdi ki, bankdan 2014-cü il tarixli kredit müqaviləsi barədə məlumatlıdır, lakin həmin müqavilədə nəzərdə tutulan 15.000 manatı o almamış, bankda çalışan tanışı ondan öz adına kredit götürülməsini xahiş etmiş, pulun qaytarılması hissəsində isə narahat olmamasını bildirmiş və özünün ödəyəcəyini bildirmişdir, buna görə o həmin müqavilənin sonrakı taleyi ilə maraqlanmamışdır. Qeyd edilənlərə əsasən, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindəki imzanın ona məxsus olmamasının mütəxəssis rəyi ilə də təsdiq edildiyini bildirdi, bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Muradov apellyasiya şikayəti ilə razılaşmayaraq və təmin edilməməsini xahiş edərək bildirmişdir, 2019-cu il tarixli müqavilə 2014-cü ildə bağlanmış müqavilənin restrukturizasiyasıdır və bu müqavilə də cavabdeh tərəfindən imzalanmışdır, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:

8. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)120719-01 saylı Kredit müqaviləsindən və xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, həmin müqavilə "AmrahBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Cavabdeh qeyd olunan müqavilə üzrə Banka xx.xx.2022-ci il tarixə 3316,69 manat əsas borc, 97,11 manat faiz borcu olmaqla, cəmi 3413,80 manat borcu mövcuddur.

9. Cavabdeh mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, hazıkı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir.

11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 3-16-16/2-4/1101 nömrəli ekspert rəyi Məhkəməyə daxil olmuşdur, həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, 2(103)-3991/2023 saylı mülki işin 55-59-cu vərəqlərində xx.xx.2014-cü il tarixli, 13/SKMF nömrəli Kredit müqaviləsində olan “Borcalan” qrafalarındakı imzalar və 60-64-cü vərəqələrində xx.xx.2019-cu il tarixli, MBNP011- 7209747F!MSA(B)120719-01 saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit müqaviləsində olan “Borcalan” qrafalarındakı imzalar və həmin müqavilənin “İX.Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bölməsində “kredit alan” qrafasındakı imza –Cavabdeh tərəfindən icra olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsi ilə 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqavilələrində borcalan qrafasındakı imzaların eyni şəxs tərəfindən icra edilib-edilmədiyi müəyyən edilsin.

2. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsi ilə 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 nömrəli kredit müqavilələrində borcalan qrafasındakı (hər biri ayrı-ayrılıqda) cavabdeh tərəfindən icra edilib-edilmədiyi müəyyən edilsin.

13. “X2” MMC-nin 123 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsi ilə 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqavilələrində borcalan qrafasındakı imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş rəsm şəklində icra edilmişdir.

14. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsində icra edilmiş imzalar eyni bir şəxs, yəni Cavabdeh tərəfindən icra edilmişdir.

15. Cavabdeh ilə 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqavilələrində borcalan qrafasındakı imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş rəsm şəklində icra edilmişdir.

16. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 301666 nömrəli kassa mədaxil orderindən məlum olur ekspertiza xərci üçün Cavabdeh tərəfindən 400 (dörd yüz) manat “X2” MMC-yə ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə

17. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

19. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

23. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

24. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

26. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

37. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

40. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

42. Kollegiya qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)120719-01 saylı kredit müqaviləsinə əsasən hazırkı iddia tələbini irəli sürmüşdür.

43. Birinci instansiya məhkəməsində hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmışdır.

44. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsində olan imza ona məxsus olsa da, 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqaviləsində imza ona məxsus deyil, birinci instasniya məhkəməsində ona lazımi qaydada məlumat verilmədiyindən hazırkı işdən məlumatı olmamışdır, bu səbəbdən də imzanın ona məxsusluğunun yoxlanması üçün ekspertiza keçirilməsini xahiş etmişdir.

45. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 3-16-16/2-4/1101 nömrəli ekspert rəyi Məhkəməyə daxil olmuşdur, həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, 2(103)-3991/2023 saylı mülki işin 55-59-cu vərəqlərində xx.xx.2014-cü il tarixli, 13/SKMF nömrəli Kredit müqaviləsində olan “Borcalan” qrafalarındakı imzalar və 60-64-cü vərəqələrində xx.xx.2019-cu il tarixli, MBNP011- 7209747F!MSA(B)120719-01 saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit müqaviləsində olan “Borcalan” qrafalarındakı imzalar və həmin müqavilənin “İX.Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bölməsində “kredit alan” qrafasındakı imza –Cavabdeh tərəfindən icra olunmuşdur.

46. Bundan sonra cavabdehin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

47. “X2”nin 123 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsi ilə 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqavilələrində borcalan qrafasındakı imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş rəsm şəklində icra edilmişdir.

48. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsində icra edilmiş imzalar eyni bir şəxs, yəni Cavabdeh tərəfindən icra edilmişdir.

49. Cavabdeh ilə 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqavilələrində borcalan qrafasındakı imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş rəsm şəklində icra edilmişdir.

50. Mülki Məcələnin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

51. Mülki Məcəllənin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

52. İddiaçının cavabdeh ilə bağladığı 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqaviləsinə əsaslanaraq cavabdehə qarşı hazırkı tələbi irəli sürdüyü həmin müqavilədəki imzaların “X2”nin 123 nömrəli, xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş rəsm şəklində icra edildiyi müəyyən edilmişdir.

53. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbinin əsaslandığı müqavilənin cavabdeh tərəfindən imzalanmadığı “X2”nin 123 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, məlum olur ki, tərəflər arasında müqavilə bağlanmayıb, iddiaçı cavabdehlə bağlanmamış 12 iyul 2019-cu il tarixli MBNP 011- 7209747FİMSA (B)120719-01 tarixli kredit müqaviləsinə əsaslanaraq iddia tələbi qaldırmaqda haqlı olmamışdır, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

54. Kollegiya onu da qeyd edir ki, mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsində icra edilmiş imzalar eyni bir şəxs, yəni Cavabdeh tərəfindən icra edilmişdir.

55. Demək ki, iddiaçı həmin, yəni 27 noyabr 2014-cü il tarixli 13/SKMF nömrəli kredit müqaviləsi üzrə cavabdehə qarşı ayrıca tələb irəli sürə bilər. Nəticə:

56. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabehə verilməli və ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 400 manat isə iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2399/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 27,07 (iyirmi yeddi manat yeddi qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat iddiaçı ləğv prosesində olan LPO "AmrahBank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq cavabeh Cavabdeh verilsin. İddiaçı ləğv prosesində olan LPO "AmrahBank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar