Məhkəmə qərarları › İş №2(103)-3991/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3991/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3991/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Malik oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-995/2024 saylı 15 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 7 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən-Cavabdeh1 borcalan-İddiaçı 25.000 manat məbləğində pul vəsaitini notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, sonuncu isə kredit məbləğini 7 aprel 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. 7 aprel 2023-cü il tarixli mədaxil orderindən görünür ki, 25.000 manat məbləğində pul vəsaiti 7 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri 23 saylı Notariat Ofisinin depozit hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhər 23 saylı Notariat Ofisində bağlanılmış 7 aprel 2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər 23 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 7 aprel 2023-cü il tarixli kredit müqaviləsinin şərtlərinə görə, Cavabdeh1 ona 25.000 manat pul verməli idi. O, isə 7 aprel 2024-cü ildə bu pulu cavabdehə geri qaytarmalı idi. Qeyd edir ki, kredit faizsiz verilməli idi. Lakin, kredit müqaviləsi bağlansa da pul cavabdeh tərəfindən ona verilməmişdir. Bank hesabına da qoyulmamışdır. Beləliklə, vəd edilsə də pul bugünə kimi ona verilməmişdir. Odur ki, həmin kredit müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi zərurəti yaranmışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-995/2024 saylı 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsi 7 aprel 2023-cü il tarixdə bağlanmışdır. İddiaçı borcu 7 aprel 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində kredit müqaviləsində göstərilən pul məbləğinin bank hesabına qoyulmadığını qeyd etsə də 7 aprel 2023-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh1 25.000 manat pul vəsaitini Bakı şəhəri 23 saylı Notariat Ofisinin depozit hesabına köçürmüşdür. Həmçinin 7 aprel 2023-cü il tarixli kredit müqaviləsində qeyd edilən pul məbləğini götürməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı borc məbləğini ödəməkdən yayınmaq məqsədi ilə iddia tələbi qaldırmışdır.

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 7 aprel 2023-cü il tarixdə bağlanmış müqavilə qanunda nəzərdə tutulmuş formaya uyğun (Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır) notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansıki tərəflər öz iradə ifadələri ilə notariat ofisində borcun qaytarılma müddətini də müəyyən etməklə kredit müqaviləsini bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338 və 404.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının tələbinə əsasən borc və kredit müqaviləsi bağlanarkən verilən pulun digər şəxsin hesabına və ya digər şəxsə çatdığını təsdiq edən mötəbər dəlil olduqda qanuni sayılır. Mülki Məcəllənin tələbi bundan ibarətdir, Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada bağlanmamış əqdlər etibarsızdır. Məhkəmə isə maddi hüquq normasının tələblərinə əsaslanmamışdır. Kredit, borc müqaviləsinin bağlanmasının Mülki Məcəllə ilə müəyyən edilmiş əsas şərt həmin pul vəsaitinin borcalana çatdırılmasıdır. Hazırki halda da bu baş verməmiş, borc müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı aparılmış noratiat hərəkətlərinə dair sənədlər toplusunda notariusun bank hesabından pulun məhz onun tərəfindən götürülməsini sübut edən heç bir sənəd çıxmamışdır, bu isə o deməkdir ki, belə bir sənəd yoxdur, əgər olsaydı həmin notariat işində mövcud olardı. Bu isə o deməkdir ki, MM-nin 739 maddəsinin tələbinə əməl olunmamışdır. Məhkəmə qətnaməsindən isə görünür ki, məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənanı əsas götürüb, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almayıb, pulun borcluya çatdırılması ilə bağlımühüm əhəmiyyət kəsb edən halın araşdırılmasına əhəmiyyət vermədən qərar qəbul edib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili-nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarına əlavə edilən notariat işinin sənədlər toplusundan görünür ki, pulun iddiaçı tərəfindən alınması təsdiq olunmur. İddiaçı bildirir ki, o, bu pulu almamışdır. Aralarında borc müqaviləsi imzalansa da, yekunda borc müqaviləsinin baş tutması üçün müəyyən edilən pul ona verilməmişdir. Qanunvericiliyə əsasən bu tip əqdlərin gerçəkləşməsi üçün borc olan bu pulu almalıdır. Onlar borc müqaviləsinin qanunvericiliyə uyğun bağlanmadığını hesab edirlər. Əqdin etibarsız sayılması üçün əsaslar vardır.

13. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 bildirmişdir ki, pul notariat ofisinin bank depozit hesabından qarşı tərəfə ödənilmişdir. Pulu şəxsin özü götürmüş və qəbzi imzalamışdır. Bu notariat işində də öz əksini tapır. Belə ki, mədaxil qəbzində şəxsin imzası var, yazışmalarda pulu aldığını etiraf edir, Ucar Rayon Məhkəməsindəki işlə bağlı keçirlən məhkəmə iclasında da pulu aldığını etiraf etmişdir və həmin pulu birgə fəaliyyət üçün aldığını bildirmişdir. Ucar Rayon Məhkəməsindəki işdə onlar iddiaçı tərəfdir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 16.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 17.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 18.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 19.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

21. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 24.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 28.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” Cavabdeh1 25.000 manat məbləğində pul notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borclu” İddiaçı verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı tərəflə bağladığı müqavilənin etibarsız hesab edilməsini tələb edir, o, müqavilənin predmeti olan borc məbləğini almadığını bildirir.

31. Göründüyü kimi, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanması mübahisələndirilmir, hər iki tərəf bu müqavilənin öz sərbəst iradələri ilə bağlandığını qeyd edir. Tərəflər arasında mübahisə tərəflərin müqavilə ilə öz üzərilərinə götürdükləri hüquq və vəzifələrlə bağlıdır. Belə ki, iddiaçı borc müqaviləsinin tərəfindən imzalandığını inkar etmir, lakin bu müqavilənin predmeti olan pul məbləğinin ona verilmədiyini bildirir. Cavabdeh isə öz növbəsində onunla iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi tam icra etdiyini, xx.xx.2023-cü il tarixli mədaxil orderinə istinad edərək qeyd edir.

32. Qeyd edilməlidir ki, borc müqaviləsi üzrə pulun verildiyini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Hazırki işdə borc məbləğinin verildiyi barədə müqavilə borcalan tərəfindən imzalandığından, habelə notarius tərəfindən, müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata riayət edilməklə təsdiqləndiyindən, müqavilənin pul verilmədən görünüş üçün bağlanmış olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

33. Beləliklə apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları, yəni həmin müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini sübuta yetirə bilməmişdir, bununla da, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi mövcuddur, müqavilənin həqiqiliyi prezumpsiyası qüvvədədir və bunun əksini, yəni borc məbləğinin verildiyini göstərən müqavilə üzrə müqavilə imzalanan zaman və ya imzalanmazdan əvvəl pulun əslində verilmədiyini sübut etmək yükü iddiaçının üzərinə düşür.

34. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

35. Belə olan halda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar iddiaçının istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, borc müqaviləsi üzrə pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirilməməsi, yəni borc verənin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) faktının müəyyən edilməsi bu müqavilənin etibarsız yox, bağlanmamış hesab edilməsi üçün əsasdır. 36.Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 37.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 38.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-995/2024 saylı 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı X2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar