Məhkəmə qərarları › İş №2(103)-3994/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3994/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3994/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(002)-892/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19-M-2-0-922-14 nömrəli, 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC Cavabdeh2 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə, 1 il müddətinə güzəşt olmaqla, 3269,58 manat məbləğdə pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh2 isə güzəşt müddəti ərzində hər təqvim ayının 11-dək 2,72 manat güzəşt müddəti bitdikdən sonra kredit müddətinin sonunadək hər təqvim ayıın 11-dək 69,52 manat ödənişi borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmin müqavilə və “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” birlikdə tətbiq edilərək vahid müqavilə hesab edilmişdir.

2. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 yuxarıda qeyd edilən şərtlərlə verilmiş kreditin ödəniş qaydası 1 il güzəşt müddətində aylıq 2,72 manat, sonradan aylıq 69,52 manat olmaqla müəyyən edilmiş, ödənilmiş məbləğdən hansı hissədə faiz borcuna, hansı hissədə əsas məbləğə hesablanacağı göstərilmişdir.

3. 11 dekabr 2019-cu il tarixli 19-M-2-0-922-14 nömrəli zaminlik müqaviləsinə əsasən, 19-M-2-0-922-14 nömrəli, 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi və problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə görə, kreditin məbləği, ondan istifadəyə görə faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

4. 05 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ödənilməmiş əsas borc üzrə 1338,76 manat, faiz borcu üzrə 6,47 manat, cərimə borcu üzrə 6,24 manat borcu olmaqla, cəmi 1351,47 manat kredit borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1774,76 manat əsas borc, 3,63 manat faiz, 1,44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1779,83 manat və 37,80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir .

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3269,58 manat kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh1 ilə 11 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il yanvarın 27-dək Cavabdeh2 banka 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1774,76 manat əsas borc, 3,63 manat faiz, 2,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1781,27 manat borcu vardır. Cavabdeh2 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1,44 manat məbləğdə tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(002)- 892/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1338,76 manat məbləğdə əsas borc, 3,63 manat məbləğdə faiz borcu və 1,44 manat məbləğdə cərimə borcu olmaqla, ümumilikdə 1343,83 manat məbləğdə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 33,44 manat hissəsinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Qətnamənin əsaslarına görə məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı onu qeyd edir ki, Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 tərəfindən hazırkı kredit borcu üzrə 27 mart 2023-cü il tarixdə 76 manat ödənişin edilməsi barədə qəbzi təqdim etmiş, iddiaçı tərəfindən isə həmin ödənişə uyğun yeni maliyyə arayışı məhkəməyə təqdim edilərək, əsas borc üzrə qalıq məbləğinin 1338,76 manat, faiz borcunun 6,47 manat, cərimə borcunun 6,24 manat olduğu müəyyən edilmiş və iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun məbləği ilə bağlı hissədə sonuncu maliyyə arayışına əsasən azaldılaraq 1338,76 manat məbləği həddində təmin edilməli, faiz borcunun maliyyə arayışında göstərilən məbləği isə tələbdə göstəriləndən artıq olduğundan, iddia tələbi həddində (3,63 manat) təmin edilməlidir. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, cədvəl üzrə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə illik 0,02% cərimə hesablanaraq tutulacaqdır. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun tələbdə göstərilən məbləği – 1,44 manat ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla ədalətli olmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 428.4, 462.1, 472.1, 472.2, 500.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, borc məbləği əsassız olaraq şişirdilmişdir. Kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmişlər. Lakin, sonradan evləri yandığı üçün cədvəl üzrə ödənişlər gecikmişdir, hazırda borcu ödəməyə davam edirlər, borcu tam ödəmək imkanları yoxdur. Cəmi iki ay ödəniş qrafikindən çıxsa da sonradan həmin məbləğləri ödəyərək ödəniş qrafikindən də artıq ödənişlər etmişdir. O ödəniş qrafikinə uyğun olaraq ödənişlərini etdiyindən iddiaçı ərizəsini geri götürməli idi. İddiaçı və məhkəmə bunları nəzərə almamışdır. Onun əsas borc üzrə təxminən 1200 manat borcu var.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

13. İddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İşdə olan mötəbər sübutların məcmusu ilə (kredit müqaviləsi, zaminlik müqvailəsi, maliyyə arayışı) təsdiq olunur ki, İddiaçı ASC Cavabdeh2 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə, 1 il müddətinə güzəşt olmaqla, 3269,58 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh2 isə güzəşt müddəti ərzində hər təqvim ayının 11-dək 2,72 manat güzəşt müddəti bitdikdən sonra kredit müddətinin sonunadək hər təqvim ayıın 11-dək 69,52 manat ödənişi borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

20. Birinci instansiya məhkəməsi işin bu hallarına, cavabdeh tərəfindən məhkəmə prosesi dövründə ödənilmiş məbləğə və bunun əsasında iddiaçı tərəfindən verilmiş yeni maliyyə arayışına istinadən iddianı qismən təmin etmişdir.

21. Cavabdeh apellyasiya şikayətində ümumən, əsas borc məbləğinin daha aşağı olduğunu bildirsə də, bu mülahizəsini hər hansı mötəbər dəlillə əsaslandıra bilməmişdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmaqla, işin hallarına uyğundur.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(002)- 892/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(002)- 892/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar