Məhkəmə qərarları › İş №2(103)-3998/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3998/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3998/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(004)-6503/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2017-ci il tarixli, 17010-0058/392016 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 3015,05 ABŞ dolları əsas kredit borcunun, 783 ABŞ dolları faiz borcunun, 7,5 ABŞ dolları cərimənin, cəmi 3805,55 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı 10.03.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 bankdan 60 ay müddətinə, 10.03.2022-ci il tarixədək qaytarmaq şərti ilə və illik 10 faiz ödəmək şərti ilə aldığı 8000 ABŞ dolları krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğuq olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 06.09.2019-cu il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 3015,05 ABŞ dolları, faizlər üzrə 783 ABŞ dolları, cərimə üzrə 7,5 ABŞ dolları olmaqla, 3805,55 ABŞ dolları təşkil edir. Borcalan və bankla bağladığı 10.03.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən onun öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zaminlər Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(004)- 6503/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2017-ci il tarixli, 17010-0058/392016 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə əsas kredit borcu üzrə 3015 (üç min on beş) ABŞ dolları 05 (beş) sent, faiz borcu üzrə 783 (yeddi yüz səksən üç) ABŞ dolları, cərimə borcu üzrə 7 (yeddi) ABŞ dolları 50 (əlli) sent, cəmi 3805 (üç min səkkiz yüz beş) ABŞ dolları 55 (əlli beş) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun Banka cəmi 430 manat borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı vətəndaşların hüquqlarını təmin etməyə borclu olan əməkdaşların özbaşınalıqlarına və vəzifələrindən sui-istifadəsinə qarşı tədbir görülməlidir, əlavə olaraq, fəaliyyətinə nəzarəti həyata keçirməyə borclu olduqları saxta məlumatların ötürülməsinə görə ciddi məsuliyyətə cəlb edilməlidir. Açıq Səhmdar Cəmiyyətin əməkdaşları cənab Prezidentin Fərmanının tələblərini və MBNP-nın təsdiq etdiyi Qaydaların 3-cü bəndinin tələblərini pozmaqla vəzifələrindən sui-istifadə ediblər, devalvasiya üzrə şərtlərin düzgün tətbiqindən yayındırıblar. Cavabdeh sağlamlığında yaranmış problemlərlə bağlı məhkəmədə iştirak edə bilmədiyindən, mərkəzləşmiş kredit reyestrindən çıxarışları, vəsatətləri təqdim edə bilməmişdir. Kredit borcları haqqında sorğularda da onun borcunun olmaması göstərilir. Cavabdehin bu barədə Palataya iki dəfə yazılı müraciəti olub, məsələnin araşdırılıb həll ediləcəyi və nəticəsi barədə məlumat verəcəyini bildirilmişdir. Ancaq əlbir olduqlarına görə ona cavab vermək əvəzinə öz qanunsuz hərəkətlərini və özbaşınalıqlarını məhkəmə vasitəsi ilə ört-basdır etmək istəyiblər. Qətnamədə bank tərəfindən təqdim edilmiş rəqəmlər də qəsdən şişirdilmişdir. Oradakı rəqəmlərin cavabdehə aid olmaması ilə yanaşı, həm də hesablanması səhvdir. Bundan başqa, həmin kredit üzrə borca faizlərin külli miqdarda yüklənməsi də qanun pozuntusudur və bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib keçirilməli, ekspertlər tərəfindən aydınlaşdırılmalıdır. Belə ki, bankın verdiyi maliyyə arayışına yox, onun hesabından çıxarış alınmalı və ətraflı yoxlanılmalı idi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)- 2755/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(004)-6503/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-2755/2020 saylı qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanı ilə bağlı cavabdehin hesabına 7234,74 manat kompensasiya köçürülmüş, həmin məbləğ nəzərə alınmışdır. Lakin Palatanın məlumatlarına, həmiçinin hesabdan çıxarışdan görünür ki, cavabdehin gecikməsi 360 gündən az olmuşdur. Buna görə də, restrukturizasiya həyata keçirilməmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid tam təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdeh olan zaminlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın tam təmin edilən, faiz borcunun, cəmi borcun və dövlət rüsumunun məbləğlərinin müəyyən edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 17010-0058/392016 saylı, 10.03.2017-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfındən borclu Cavabdeh1 60 ay müddətinə illik 10 % olmaq şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 17010- 0058/392007 Z saylı, 10.03.2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 17010-0058/392013 Z saylı, 10.03.2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 10.03.2017-ci il tarixli memorial orderindən görünür ki, Cavabdeh1 8000 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-nin Azneft filialından götürmüşdür. İş materiallarında olan 06.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borc qalığı 3015,05 ABŞ dolları, 783 ABŞ dolları faiz borcu, 7,5 ABŞ dolları əsas borc üzrə cərimə borcu, cəmi 3805,55 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan 0905 nömrəli, 06.09.2019-cu il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3 bank iş günü ərzində borclarını ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından İddiaçı ASC-nin 07.10.2019-cu il tarixli, 1000 saylı məktubundan görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 10 mart 2017-ci il tarixli, 17010-0058/392016 saylı kredit müqaviləsi üzrə borcun qalıq məbləği AR Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən AR MBNP tərəfindən müəyyən edilmiş restruktirizasiya olunmalı kredit borclarının siyahısında yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası qərarında qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı ASC-nin Azneft filialı ilə Cavabdeh1 arasında 15010-1065/392016 saylı 16 fevral 2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq sonuncuya 8822 ABŞ dolları məbləğində kredit verilmişdir (i/v 12). Sonradan həmin kredit borcu restrukturizasiya olunaraq (yenidən maliyyələşdirilərək) 8000 ABŞ dolları kredit borcuna dair tərəflər arasında 10.03.2017-ci il tarixində 17010- 0058/392016 saylı müqavilə bağlanılır (i/v 13-16). Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh1 iddiaçıdan götürdüyü kredit borcu qeyd olunan Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi kredit borcunun yenidən restrukturizasiya olunub-olunmamasını, kredit borcu restrukturizasiya olunmamışdırsa, bunun səbəblərini araşdırmamışdır. Bundan əlavə apelyasiya şikayətinin dəlili kimi kredit borcları haqqında sorğularda cavabdehin borcunun olmaması qeyd olunsa da, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin həmin dəlilini araşdırmamışdır. Bununla əlaqədar cavabdeh kasasiya şikayətinə Azərbaycan kredit bürosundan çıxarış əlavə etmişdir. Həmin çıxarışa əsasən götürülmüş 8000 ABŞ dollarına dair kredit müqaviləsinə əsasən əsas kredit borcunun 0,00, faiz məbləğinin isə 352,27 olduğu göstərilir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Kollegiya ilk olaraq kassasiya instansiyası məhkəməsinin Cavabdeh1 iddiaçıdan götürdüyü kredit borcu qeyd olunan Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi kredit borcunun yenidən restrukturizasiya olunubolunmamasını, kredit borcu restrukturizasiya olunmamışdırsa, bunun səbəblərini araşdırmaması ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirir ki, Cavabdeh1 götürdüyü kreditin məbləği Fərmanın 5.1-ci bəndinin tələbinə görə Fərmanın təsiri dairəsinə düşsə də, Fərmanın 8.6-cı bəndinə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş maliyyə sənədləri və ekspert rəyinə əsasən 13.08.2018-ci il tarixdə olmaqla, gecikmə 360 gündən az olduğu üçün Fərmanın təsiri dairəsinə düşmür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, kredit məbləğini Cavabdeh1 vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə şərtlərini pozulduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Rayon Məhkəməsinin əsas, faiz və cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğun olsa da, faiz borcu, cəmi borc və dövlət rüsumunun tutulmalı olan məbləğləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2873 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 10 mart 2017-ci il tarixli, 17010-00558/392016 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh X1 İddiaçı ASC-yə 06.09.2019-cu il tarixə olan əsas borcu 3029,59 ABŞ dolları, faiz borcu 614,31 ABŞ dolları təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, qətnamə iddianın tam təmin edilən, faiz borcunun, cəmi borcun və dövlət rüsumunun məbləğlərinin müəyyən edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, faiz borcu 614,31 ABŞ dolları, cəmi borc 3636,86 ABŞ dolları, dövlət rüsumu 28,5 manat müəyyən olunmalıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə müqavilənin ləğv edilməsi və əsas borcun məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği ilə bağlı tənasübsüzlüyü nəzərə almışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 manatın 137,5 manatı cavabdehlərdən müştərək qaydada, 7,25 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(004)-6503/2019 saylı qətnaməsi iddianın tam təmin edilən, faiz borcu, cəmi borc və dövlət rüsumunun məbləğlərinin müəyyən edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Faiz borcu 614,31 (altı yüz on dörd ABŞ dolları otuz bir sent) ABŞ dollar, cəmi borc 3636,86 (üç min altı yüz otuz altı ABŞ dolları səksən altı sent) ABŞ dolları, dövlət rüsumu 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə-müqavilənin ləğv edilməsi, əsas borc və cərimə məbləğləri ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın, 137,75 (yüz otuz yeddi manat yetmiş beş qəpik) manatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 7,25 (yeddi manat iyirmi beş qəpik) hissəsi isə İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar