Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və tikilinin boşaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2016cı il tarixli qətnamədən (İş № 2(008)-14417/2016) iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona mülkiyyətində olan və Bakı şəhəri, V.Vəliyev küçəsində yerləşən 47 saylı evə cavabdehlərin istifadə hüquqlarını olmamasının müəyyən edilməsi və evin “B” literli tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ev “A” və “B” tikililərdən ibarətdir. Ev əvvəllər iddiaçının nənəsi Meyransa Osat qızına məxsus olmuşdur. Meyransa Osat qızı öldükdən sonra isə ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına xx.xx.2016-cı il tarixdə “Çıxarış” verilmişdir. İddiaçı ilə cavabdehlər arasında qohumluq əlaqəsi yoxdur, iddiaçı cavabdehləri ümumiyyətlə tanımır. Buna baxmayaraq cavabdehlər evin “B” tikilisini zəbt edərək orada yaşayırlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 1980-ci ildə, Cavabdeh2 isə 1999-cu ildə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış və həmin vaxtdan etibarən həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri nəzərə alındıqda müəyyən edilir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları yaranmışdır. Belə ki, həmin Mülki Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İddiaçı cavabdehləri tanımadığını, onlar ilə qohum olmadığını bildirsə də, cavabdehlərin mərhum Meyransa Osat qızı ilə qohumluq əlaqələri olmuşdur. İddiaçı, həmin qətnamə ilə razılaşmayaraq qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, nə iddiaçı, nə də ki onun nənəsi Meyransa Osat qızı ilə cavabdehlər arasında qohumluq əlaqələri olmayıb. Onlar cavabdehləri həmin evə köçürməyiblər, cavabdehlər ilə birgə təsərrüfat idarə etməyiblər. Belə olan halda hazırki iddia Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından deyil, xx.xx.2000-ci ildə qüvvəyə minmiş və hazırda da qüvvədə olan Mülki Məcəllənin 152 və 157-ci maddələrinin tələbləri baxımından həll olunmalı və əsaslı hesab edilərək, təmin edilməli idi. Belə ki, həmin maddələrin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Lakin işə baxmış Rayon Məhkəməsi göstərilənləri nəzərə almamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni iddia ərizəsində ifadə olunmuş “cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə” tələbin həll edilməsi hissəsində ləğv edilməli və həmin tələb üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçının Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində ifadə olunmuş birinci tələb “cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərindən göründüyü kimi, istər iddia, istərsə də xüsusi icraat qaydasında məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə hüquqlarını tanıyır. Lakin, mülki-prosessual qanunvericilikdə hər hansı hüququn olmamasının məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda qəbul edilməlidir ki, bu tələbə məhkəmə qaydasında baxılmamalı idi, Rayon Məhkəməsi MPM-nin 153-cü maddəsinə əsaslanaraq, həmin hissədə iddia ərizəsinin qəbulundan imtina etməli idi. Çünki qeyd edilən prosessual normanın tələblərinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna baxmayaraq Rayon Məhkəməsi iddia ərizəsini həmin hissədə də icraata qəbul etmiş və həmin tələbə də mahiyyəti üzrə baxmışdır. İddia ərizəsini həmin hissədə də Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməsini nəzərə alaraq Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi həmin tələbə mahiyyəti üzrə baxaraq tələbin əsaslılığına qiymət verməkdə haqlı olmamışdır. Belə ki, MPM-nin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 384.0.5-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2016-cı il tarixli qətnamə qismən, yəni İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı verdiyi iddia ərizəsində ifadə olunmuş “cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə” tələbin həll edilməsi hissəsində ləğv edilsin və həmin tələb üzrə hazırki mülki işin icraatına xitam verilsin. İddiaçı izah olunsun ki, o, tələbini qüvvədə olan qanunvericiliyin göstərişlərinə uyğunlaşdırmaqla yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4/2023
25.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver