Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti-nin cavabdeh Əliyev Salman Bayram oğluna qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4779/2019 saylı qətnaməsindən cavabdeh Əliyev Salman Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Əliyev Salman Bayram oğlu ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2018ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Əliyev Salman Bayram oğluna bankdan 84 ay müddətinə illik 15% ödəmək şəıtilə 13412 AZN məbləğində kredit verilmişdir. Həmin kreditin məqsədli təyinatı xx.xx.2014-cü il tarixli 940micBAY/14 nömrəli müqavilənin bağlanılması məbləği -7889,41 USD olmuşdur.
2. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əliyev Salman Bayram oğluna ünvanlanmış bildirişdən görünür ki, bank borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir.
3. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Əliyev Salman Bayram oğlunun iddiaçı banka 13098,64 AZN əsas, 1048,82 AZN faiz, 28,13 AZN cərimə, cəmi 14175,59 AZN məbləğində borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" KB ASC cavabdeh Əliyev Salman Bayram oğluna qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "Unibank“* KB ASC-nin xeyrinə 13098,64 AZN əsas, 1048,82 AZN faiz, 28,13 AZN cərimə, cəmi 14175,59 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 15% ödəmək şərtilə 13412 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1 -ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə borclunun 20 avgust 2019- ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASCyə 13098,64 AZN əsas, 1048,82 AZN faiz, 28,13 AZN cərimə, cəmi 14175,59 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(010)- 4779/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Salman Bayram oğlundan iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13098,64 (on üç min doxsan səkkiz manat altmış dörd qəpik) AZN əsas, 1048,82 (bir min qırx səkkiz manat səksən iki qəpik) AZN faiz, 28,13 (iyirmi səkkiz manat on üç qəpik) AZN cərimə, cəmi 14175,59 (on dörd min bir yüz yetmiş beş manat əlli doqquz qəpik) AZN məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Əliyev Salman Bayram oğlu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2019- cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1711/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Cavabdeh Əliyev Salman Bayram oğlunun kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3542/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1711/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Ali Məhkəmədə kassasiya şikayətinə baxılan zaman cavabdehin vəkili kimi kassasiya şikayətini imzalamış Vəkil məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs 11 iyul 2020-ci il tarixdə ölmüşdür. Ali Məhkəmənin həmin qərarında qeyd edilmişdir ki, işə yenidən baxılarkən, həmçinin iş üzrə cavabdehin öldüyü nəzərə alınmaqla, MPM-nin 58.1 və 254.1-ci maddələrinə uyğun zəruri prosessual hərəkətlər yerinə yetirilməlidir.
12. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh olan mərhum Əliyev Salman Bayram oğlu hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir.
13. Apellyasiya baxışı zamanı “X3” ASC və İddiaçı1 ASC məhkəməyə ərizə təqdim edərək, iddiaçı “X3” ASC-nin əsl İddiaçı1 ASC ilə əvəz olunmasını xahiş etmişlər.
14. Ərizə onunla əsaslandırılmışdır ki, “Tələb hüququnun satılması haqqında” xx.xx.2022-ci il tarixli, 02/22 UB nömrəli Müqavilədən, həmin müqaviləyə edilmiş xx.xx.2023-cü il tarixli, 15 nömrəli Əlavədən görünür ki, bu müqaviləyə görə tələbkar “X3” ASC, həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) və/və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına (bundan sonra “borc qalıqları) dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkar İddiaçı1 ASC-yə satır.
15. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" KB ASC əsl İddiaçı1 ASC ilə əvəz edilmişdir.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, mərhum Əliyev Salman Bayram oğlunun hüquqi varisi kimi işə cəlb edilmiş Cavabdeh isə məhkəmə iclasında iştirak etməməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
38. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4779/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.