Məhkəmə qərarları › İş №2(103)-400/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-400/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-400/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçılar İddiaçı8, İddiaçı7 Yalçın oğlu, İddiaçı6, İddiaçı5, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh “Bakı Elektriktökmə QSC-yə qarşı əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bugünədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı9, İddiaçı2, İddiaçı5, İddiaçı3, X2 və İddiaçı8 əlillik dərəcəsindən aslı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin"xxxx" ASC tərəfindən hesablanaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayətinin verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6567/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir (hakim Şeyda Məhərrəmova).

5. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən rüsum ödənilməmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçıların hər biri ayrı-ayrılıqda mülki işin qeyri-mümkün edilməsini xahiş etmişdir.

7. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi H.Süleymanov bildirdi ki, hazırkı mübahisə əmək mübahisəsi olduğundan onlar ödənişdən azaddır və rüsumu ödəməli deyillər.

8. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçı Nəriman İsmayıl oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onun iştirakı olmadan olmadan baxılması mümkündür.

10. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

11. Belə ki, MPM-in 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2).

12. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.).

13. İstinad olunan normanın mahiyyətindən də bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir.

14. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci maddəsinə əsasən əmək mübahisələri ilə bağlı iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə, ümumiyyətlə, əmək mübahisəsi deyil, bundan başqa hazırkı halda isə dövlət rüsumunu ödəməyən tərəf iddiaçı yox, cavabdeh tərəfdir. Buna görə də həmin norma hazırkı halda şirkətə şamil oluna bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6567/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar