Məhkəmə qərarları › İş №2(103)-4005/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4005/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4005/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4005/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 80 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh təxminən 2022-ci ilin dekabr ayında ondan 6000 manat borc pul istəmişdir. Onun anasının Cavabdeh anası ilə yaxınlığı olduğuna görə ona etibar edərək həmin tarixdə 6000 manat pulu borc olaraq cavabdehə vermişdi. Aralarında olan şifahi razılığa əsasən borcun ödənilməsinin son tarixi 2023-cü ilin aprel ayının 1-i nəzərdə tutulmuşdur. Cavabdehlə aralarında olan şifahi razılığa əsasən öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin sonuncu günü, yəni 2023-cü ilin aprel ayının 1-də cavabdehə zəng edərək öhdəliyinin icra edilməsini xatırlatmağına baxmayaraq cavabdeh bugünədək borcunu qaytarmamışdır. Ona dəfələrlə müraciət edərək borcun qaytarılmasını tələb etsə də, borcunu qaytarmamışdır. Lakin oğlu Nümayəndə Cavabdehla “Whatsapp” mobil proqram vasitəsi ilə yazışmalarında 11 dekabr 2023-cü il tarixdə Cavabdeh oğluna 6000 manat pulu borc olaraq götürdüyünü səs yazısında etiraf etmiş və həmin pulu yaxın zamanlarda ödəyəcəyinə söz vermişdir. Halbuki cavabdeh bugünə qədər həmin borcundan bir manat da qaytarmamışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh borcun etiraf edilməsini təsdiq edən səs yazısı məhkəmə iclasında məhkəməyə bir ədəd diskdə təqdim olunacaqdır. Hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından Cavabdeh ilə aralarında bağlanmış şifahi razılıqdan irəli gələn öhdəlik münasibətləri yaranmış və iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın təmin edilməsi, Cavabdeh 6.000 manat məbləğində pul və 80 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 329.2, 331.1, 337.1, 337.5, 445.7, 739.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi olan əhəmiyyətsiz müqavilə öhdəliyinin icra edilməsinin son tarixi olaraq 2023-cü ilin aprel ayının 1-i nəzərdə tutulmuşdur. Belə ki, əhəmyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bildiyindən bu müqavilə ilə bağlı iddianın verilməsinin müddəti bitmiş hesab edilməlidir və bununla bağlı irəli sürülən bütün iddialar əsassız və qanunsuzdur. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunmuş borcun bir hissəsi Cavabdeh tərəfindən qarşı tərəfə nağd şəkildə əlbəəl ödənilmişdir. Lakin Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Lazımi şərait yaradılmadığına görə Cavabdeh borcun bir hissəsini ödədiyini sübut etmək imkanı olmmamışdır. Belə ki, Məhkəmə tərəfindən qeyd olunmuş işin hərtərəfli araşdırılması aparılmalıdır. Eyni zamanda nəzərdə tutulan 6000 manat borc pul məbləği də düzgün göstərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 7 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məsafənin uzaq olması səbəbindən gələ bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyindən iclasın təxirə salınmasını xahiş etmişdir.

9. İşin halları, cavabdehin ərizəsi, o cümlədən cavabdehin nümayəndəsi və vəkilinin səhhəti ilə bağlı qeyd etdiyi halları təsdiq edən dəlil təqdim etməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

15. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

16. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

19. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

20. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Məhkəmə kollegiyası ilk növbədə apelyasiya şikayətinin tərəflər arasındakı münasibətlərin müqavilə münasibətləri olması və buna söykənərək əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri əsassız varlanmadan yaranan münasibətlər kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

34. Göründüyü kimi iddiaçı cavabdehə verdiyini iddia etdiyi borcun məbləği üç min manatdan (6000 manat) çox olduğundan tərəflər arasında borc müqaviləsi yazılı bağlanmalı idi. Lakin onlar arasında hər hansı yazılı borc müqaviləsi yoxdur.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

36. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.

37. Göründüyü kimi işin halları da bunu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mübahisəyə əsassız varlanmadan irəli gələn normaları tətbiq etməkdə düzgün mövqe nümayiş etdirmişdir. Odur ki, tərəflər arasındakı münasibətlər, ümumiyyətlə, müqavilə kimi qiymətləndirilmədiyindən, apelyasiya şikayətinin əqdin əhəmiyyətsiz hesab edilməsinə dair dəlilləri avtomatik olaraq əsassız hesab edilməlidir.

38. İddianın əsaslılığına münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçının oğlu Nümayəndə ilə cavabdehin “Whatsapp” mobil proqram vasitəsi ilə aparılmış yazışmalar və səsli mesajlardan göründüyü kimi, cavabdeh 6.000 manat məbləğində borc aldığını açıq şəkildə etiraf etmiş, həmin vəsaiti banka olan kredit öhdəliyinin icrası məqsədilə götürdüyünü bildirmiş və borcun geri qaytarılacağını vəd etmişdir. Cavabdeh həmçinin borcun ödənilməsini təmin etmək məqsədilə Nardaran qəsəbəsində yerləşən bağ evini satışa çıxardığını, bu satışın mart-aprel aylarında həyata keçiriləcəyini qeyd etmişdir. Bundan əlavə, digər səs yazısında cavabdeh yaxın zamanda 10.000 manat məbləğində borc vəsaiti əldə edəcəyini, bu məbləğin 8.000 manatını banka olan borcunun ödənilməsinə sərf edəcəyini, qalan 2.000 manatını isə iddiaçıya verəcəyini bildirmişdir. O, həmçinin 15.000 manat əldə edə biləcəyi halda, iddiaçıya 5.000 manat ödəyəcəyini də ifadə etmişdir. Həmçinin, həmin pul barədə Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində, saat 14:50-də aşağıdakı məzmunda mesaj göndərmişdir: “Salam Emin, xx.xx.2024 - tarixdə məhkəmə iclasında iştirak etməyəcəyəm, məhkəməyə xəbərdarlığım var, pul borcunun qaytarılmasına etiraz etmirəm, heç bir belə fikrim olmayıb və olmayacaq. Nardaranda bağı satıram, bağı sata bilməsəm yaşadığım evim satılacaq və olan borc ödəniləcək. Bağ satış elanı: bina.az - ******* elan nömrəsi”.

39. Qeyd edilən yazışmalar və səs mesajlarından göründüyü kimi, cavabdeh özü iddiaçıya olan borcunu etiraf edərək onun qaytarılacağı ilə bağlı vəd vermiş, bunun üçün lazımi tədbirlər görəcəyini bildirmişdir. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçıdan borc pul götürülməsi işin mübahisəsiz halını təşkil etmişdir. Cavabdeh öz apelyasiya şikayətində də borcun götürülməsi faktını danmamış, sadəcə onun bir hissəsini qaytardığını, lakin bunu sübut edə bilmək üçün məhkəmənin ona lazımi şərait yaratmadığını bildirmişdir.

40. Göstərilən mövqeyə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh borcun bir hissəsini geri qaytardığını bildirsə də, buna dair hər hansı mötəbər dəlil təqdim etməmişdir. O cümlədən birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ona şərait yaradılmaması da bildirilsə də, hərçənd ki, apelyasiya baxışı zamanı yeni sübutların qəbuluna yol verilməsə də, hər bir halda bu mərhələdə belə öz arqumentlərini əsaslandırmağa cəhd etməmiş, sadəcə mülahizələrlə kifayətlənmişdir.

41. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

42. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

44. Hazırki işdə cavabdeh tərəfindən irəli sürülən hallar yalnız onun şəxsi mülahizələrindən ibarət olduğundan apelyasiya şikayəti bu hissədə də təmin edilmədən saxlanılmalıdır.

45. Kollegiya apelyasiya şikayətinin iddia müddətinin ötürülməsinə baxmayaraq iddiaçının xeyrinə məhkəmə qətnaməsi qəbul edilməsi barədə dəlilinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

46. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

47. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

48. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

49. Məhkəmənin mövqeyinə görə, baxmayaraq ki, cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı dəlilini tərəflər arasında müqavilə münasibətləri olması və əqdin əhəmiyyətsizliyinin nəticələrinin aradan qaldırılması ilə bağlı 1 il ərzində iddia sürülməsinin mümkünlüyü ilə əsaslandırsa və yuxarıda qeyd edildiyi kimi tərəflər arasındakı münasibətlər, ümumiyyətlə, müqaviləyə söykənməsə də, qeyd olunan halların araşdırılma predmetinə daxil olunması üçün tərəflər müvafiq qaydada iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etməlidirlər ki, hazırki işin materiallarından da göründüyü kimi cavabdeh analoji ərizə ilə məhkəməyə müraciət etməmişdir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar