Məhkəmə qərarları › İş №2(103)-4006/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4006/2023

28.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4006/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı1 (Ağayevanın) vəkili və nümayəndəsi Vəkil1, cavabdehiddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs Maya Məmmədquliyevanın vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçılar İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrin əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, avtomobildə miras payın müəyyən edilməsi və avtomobilin qeyri-qanuni sahiblikdən qaytarılması barədə” ilk iddiasına, iddaçı Cavabdeh1 cavabdehlər İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 qarşı “müayinəyə, müalicəyə, dəfnə və məzarın hazırlanmasına çəkilmiş xərcin ödənilməsi və miras əmlakda payın müəyyən edilməsi barədə” qarşılıqlı iddiasına, üçüncü şəxs X1 cavabdehlər İsmayılova (Ağayeva) Sona Oqtay qızı, İddiaçı2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İsmayılova (Ağayeva) Sona Oqtay qızı, Cavabdeh1 və X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Hazırkı mübahisə Oktay Ağayevin ölümündən sonra başlayıb. O, xx.xx.2021-ci ildə ölüb. İşdə iştirak edən İddiaçı1 (Ağayeva) və İddiaçı2 bacıdılar, onlar mərhum Oktay Ağayevin 1-ci nikahdan olan övladlarıdır. İşdə iştirak edən Cavabdeh1 mərhum Oktay Ağayevin 2-ci nikah üzrə arvadıdır. İşdə işirak edən Cavabdeh4 və Maya Məmmədquliyeva mərhum Oktay Ağayevin 2-ci nikah üzrə arvadı Cavabdeh1 xalalarıdır. İşdə iştirak edən Cavabdeh5 isə mərhum Oktay Ağayevin 2-ci nikah üzrə arvadı Cavabdeh1 xalası Maya Məmmədquliyevanın övladıdır. İşdə iştirak edən digər şəxslərin qohumluq münasibəti müəyyən olunmadı. Oktay Ağayevin ölümündən sonra ondan miras əmlak qalıb. Mirasa bunlar daxildir: 1) “Nissan Sunny” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra avtomobil); 2) "xxxx" ASC-nin arayışına əsasən 105 saylı bank seyfi; 3) pul. Oktay Ağayevin ölümündən sonra avtomobilə dair 3 alqı-satqı müqaviləsi bağlanıb. 1-ci alqı-satqı müqaviləsi xx.xx.2022-ci ildə bağlanıb. Belə ki, Oktay Ağayev sağlığında (xx.xx.2021-ci ildə) avtomobilə dair arvadı Cavabdeh1 adına 1 il müddətinə (xx.xx.2022-ci ilədək) etibarnamə verib. Oktay Ağayevin ölümündən sonra – xx.xx.2022-ci ildə Cavabdeh1 həmin etibarnamədən istifadə edib, ölmüş şəxsin (Oktay Ağayevin) adından çıxış edərək onun nümayəndəsi kimi öz xalası (alıcı) Cavabdeh4 ilə alqı-satqı müqaviləsi bağlayıb. Bu müqavilənin əsasında xx.xx.2022-ci ildə avtomobil üzərində Cavabdeh4 mülkiyyət hüququ qeydə alınıb. Cavabdeh4 avtomobilə dair xx.xx.2022-ci ildə Cavabdeh1, xx.xx.2022-ci ildə isə Cavabdeh5 adına etibarnamələr verib. 2-ci alqı-satqı müqaviləsi xx.xx.2022-ci ildə bağlanıb. Belə ki, Cavabdeh5 etibarnamə əsasında satıcı Cavabdeh4 adından çıxış edərək həmin tarixdə avtomobilə dair alıcı Cavabdeh3 ilə alqı-satqı müqaviləsi bağlayıb. Bu müqavilənin əsasında xx.xx.2022-ci ildə avtomobil üzərində Cavabdeh3 mülkiyyət hüququ qeydə alınıb. Cavabdeh3 avtomobilə dair xx.xx.2022-ci ildə Temerlan Mürsəllinin və Cavabdeh7 adına etibarnamələr verib. 3-cü alqı-satqı müqaviləsi xx.xx.2022-ci ildə bağlanıb. Belə ki, Cavabdeh7 etibarnamə əsasında satıcı Cavabdeh3 adından çıxış edərək həmin tarixdə avtomobilə dair Tamerlan Mürəsəlli ilə alqı-satqı müqaviləsi bağlayıb. Bu müqavilənin əsasında xx.xx.2022-ci ildə avtomobil üzərində Tamerlan Mürəsəllinin mülkiyyət hüququ qeydə alınıb. Oktay Ağayevin ölümündən sonra miras qalmış bank seyfi və pula dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” 3 şəhadətnamə verilib. 1-cü şəhadətnamə xx.xx.2022-ci ildə verilən V-5/2022 nömrəli şəhadətnamədir. Həmin şəhadətnamədən görünür ki, mərhum Oktay Ağayevin vərəsələrinə ödənilməli olan 6.686,19 manat dəfn müavinətinin və mərhum Oktay Ağayevin sağlığında əmək qabiliyyətinin olmamasına görə ona ödənilməli olan 2.847,53 manat müavinətin, cəmi 9.533,72 manatın 1/2 hissəsinə “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında” şəhadətnamə veriləcəkdir. Əmlakın qalan 1/2 hissəsi (4.766,86 manat) miras hesab olunur. Mirasda miras qoyanın övladları İddiaçı1 (Ağayeva) və İddiaçı2 hər birinin miras payı 1/4 hissə (1.191,71 manat) təşkil edir. Mirasın qalan 2/4 hissəsinə “Qanun üzrə vərəlik hüququ haqqında” şəhadətnamə veriləcəkdir. 2-ci şəhadətnamə xx.xx.2022-ci ildə verilən 2V-773 nömrəli şəhadətnamədədir. Həmin şəhadətnamədə qeyd olunub ki, "xxxx" ASC-nin arayışına əsasən mərhum Oktay Ağayevin adına olan miras əmlakda - 105 saylı bank seyfində onun arvadı Cavabdeh1 miras payı 2/4 hissədir. 3-cü şəhadətnamə xx.xx.2022-ci ildə verilən 2V-776 nömrəli şəhadətnamədədir. Həmin şəhadətnamədə qeyd olunub ki, "xxxx" ASC-nin arayışına əsasən mərhum Oktay Ağayevin adına olan miras əmlakda - 105 saylı bank seyfində onun övladları İddiaçı1 (Ağayeva) və İddiaçı2 hər birinin miras payı 1/2 hissədir. Tələblər: İşdə 3 iddia ərizəsi var. 1-ci iddia ərizəsində, yəni iddiaçılar İddiaçı1 (Ağayeva) və İddiaçı2 ilk iddia ərizəsində tələb olunub ki, avtomobilin Cavabdeh4 satılmasına dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab olunsun, bu müqavilənin əsasında Cavabdeh4 adna verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilsin, avtomobilin Cavabdeh3 satılmasına dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin, müqavilənin əsasında Cavabdeh3 adına verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilsin, miras qalmış avtomobildə İddiaçı1 (Ağayeva) və İddiaçı2 hər birinin payı 1/4 hissə müəyyən edilsin və avtomobil qeyri-qanuni sahiblikdən alınaraq onlara verilsin. 2-ci iddia ərizəsində, yəni iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mərhum Oktay Ağayevin müayinəsi və müalicəsi üçün Cavabdeh1 tərəfindən çəkilmiş xərcin əvəzi kimi 21.684,04 manat, Oktay Ağayevin məzarının hazırlanmasına və yas mərasiminin keçirilməsinə Cavabdeh1 tərəfindən çəkilmiş xərcin əvəzi kimi 6.300 manat cavabdehlər İddiaçı1 (Ağayeva) və İddiaçı2 miras paylara mütənasib surətdə alınaraq Cavabdeh1 verilsin, habelə Oktay Ağayevdən miras qalmış avtomobilin 2/4 hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. 3-cü iddia ərizəsində, yəni üçüncü şəxs Maya Məmmədquliyevanın iddia ərizəsində tələb olunub ki, onun tərəfindən mərhum Oktay Ağayevə borc verilmiş 3.000 ABŞ dolları və 10.000 manatın 1/4 hissəsi İddiaçı1 (Ağayevadan), 1/4 hissəsi İddiaçı2, 2/4 hissəsi Cavabdeh1 müştərək qaydada alınaraq Maya Məmmədquliyevaya verilsin. Tələblərin həlli: Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub: 1) İddiaçı1 (Ağayeva) və İddiaçı2 ilk iddiası qismən təmin olunsun, avtomobilin Cavabdeh4 satılmasına dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin və müqavilənin əsasında Cavabdeh4 adına verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi ləğv edilsin. Bu iddianın qalan hissəsi təmin edilməyib. 2) Cavabdeh1 qarşılıqlı iddiası rədd olunsun. 3) Maya Məmmədquliyevanın müstəqil iddiası qismən təmin edilsin, 750 ABŞ dolları İddiaçı1 (Ağayevadan), 750 ABŞ dolları İddiaçı2 və 1.500 ABŞ dolları Cavabdeh1 tutularaq Maya Məmmədquliyevaya verilsin. Bu iddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətləri: Qətnamədən 3 apellyasiya şikayəti verilib: 1-ci apellyasiya şikayətində, yəni İddiaçı1 (Ağayevanın) apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilməyən hissəsində və üçüncü şəxsin iddiasının təmin edilməsi hissəsində ləğv edilsin, ilk iddia tam təmin olunsun, üçüncü şəxsin iddiası tam rədd olunsun. 2-ci apellyasiya şikayətində, yəni Cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və qarşılıqlı iddia təmin olunsun 3-cü apellyasiya şikayətində, yəni Maya Məmmədquliyevanın apellyasiya şikayətində tələb olunub ki, qətnamə üçüncü şəxsin iddiasındakı 10.000 manat pul tələbinin təmin edilməməsinə aid hissədə ləğv edilsin və həmin hissədə üçüncü şəxsin iddiası təmin edilsin. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı1 (Ağayevanın) vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs Maya Məmmədquliyevanın vəkili və nümayəndəsi Nümayəndə1 hər biri təmsil etdikləri şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər şəxsən və ya nümayəndə vasitəsilə məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: İşdə 3 iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddia barədə: Qətnamə ilk iddianın təmin edilməsinə, yəni avtomobilə dair 1-ci alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Qətnamənin ilk iddianın rədd edilməsinə aid hissəsi İddiaçı1 apellyasiya şikayətində mübahisələndirib. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, avtomobilə dair 2-ci və 3-cü alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Həmin müqavilələr üzrə alıcılar avtomobilin qiymətini ödəməklə onu satıcılardan əldə ediblər. Bu müqavilələrin bağlanmasından əvvəl satıcıların avtomobil üzərinə mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alındığına görə, müqavilələr Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”nın tələblərinə uyğundur. Avtomobil daşınar əşyadır, odur ki, Mülki Məcəllənin 182-ci maddəsinin mənasına görə, 2ci və 3-cü alqı-satqı müqavilələri üzrə avtomobili əldə edən alıcılar vicdanlı əldə edən hesab olunurlar. 1-ci alqı-satqı müqaviləsinin (etibarsız sayılmış müqavilənin) bağlanması nəticəsində avtomobilə hüquqları pozulan şəxslər pozulmuş hüququn bərpası üçün ümumi qaydada zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilərlər. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddiadakı 1-ci tələb, yəni pul tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 mərhum Oktay Ağayevin müayinəsinə, müalicəsinə, dəfninə və məzarının hazırlanmasına xərc çəkib. Birinci instansiya məhkəmə düzgün olaraq bu tələbi rədd edib. Belə ki, Cavabdeh1 və Oktay Ağayev ər-arvad olublar. Ərin müayinəsinə, müalicəsinə, dəfninə və məzarının hazırlanmasına görə arvadın xərc çəkməsi mənəvi-əxlaqi borcun icrası sayılır. Mənəvi-əxlaqi borcunu icra edən arvadın ərin 1-ci nikahdan olan övladlarına qarşı həmin xərclə bağlı tələb hüququ yaranmır. Tələb hüququnun yaranması üçün öhdəlik əmələ gəlməlidir. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliyin əmələ gəlmə əsaslarını müəyyən edib. Həmin əsaslar hazırkı işdə mövcud deyil. Qarşılıqlı iddiadakı 2-ci tələb, yəni avtomobilin 2/4 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi barədə tələb onunla əsaslandırılıb ki, Cavabdeh1 miras qoyan Oktay Ağayev ilə nikahda olduğuna görə onun 1-ci növbə vərəsəsidir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi rədd edib. Belə ki, Oktay Ağayevin ölümündən sonra avtomobil özgəninkiləşdirilib. Bunu Cavabdeh1 özü təşkil edib. O, dövlət orqanına (BDYPİnin Qeydiyyat-İmtahan İdərəsinə) mülkiyyətçi Oktay Ağayevin ölməsi barədə məlumat verməyib, ölmüş şəxsin sağlığında verdiyi etibarnamədən istifadə edib və onun nümayəndəsi kimi 1-ci alqı-satqı müqaviləsini bağlayaraq avtomobili özgəninkiləşdirib. Daha sonra 2-ci və 3-cü alqı-satqı müqavilələri bağlanıb, avtomobil yenidən 2 dəfə özgəninkiləşdirilib. 1-ci müqavilə etibarsız hesab olunsa da, 2-ci və 3-cü müqavilələr etibarsız hesab olunmayıb. Həmin müqavilələrin nəticəsi olaraq avtomobil başqa şəxsin mülkiyyətində olduğuna görə, mirasın tərkibinə daxil deyil. Odur ki, Mülki Məcəllənin 1151ci maddəsinin tələbi baxımından avtomobildə Cavabdeh1 miras payı müəyyən edilə bilməz. Üçüncü şəxsin müstəqil iddiası barədə: Üçüncü şəxs Maya Məmmədquliyevanın müstəqil iddiasının bir hissəsi təmin, bir hissəsi isə rədd olunub. Bu iddia onunla əsaslandırılıb ki, Maya Məmmədquliyeva 2021-ci ildə Oktay Ağayevə 3.000 ABŞ dolları və 10.000 manat borc verib. Həmin məbləğdə borcun verilməsi üçün Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə görə, yazılı formada borc müqaviləsi bağlanmalı idi. Lakin belə müqavilə bağlanmayıb. Pulun verilməsi barədə ümumiyyətlə heç bir sənəd tərtib olunmayıb. Birinci instansiya məhkəməsində dindirilmiş 2 şahidin – Aliyə İbrahimovanın (Oktay Ağayevin bacısı) və Qızxanım Əzimovanın (Maya Məmməduliyevanın bacısı, Cavabdeh1 isə anası) ifadələrinin məzmunu 3.000 ABŞ dolları və 10.000 manat pulun verildiyinin, habelə bu pulun məhz borc verildiyinin müəyyən edilməsi üçün mötəbər sübut sayılmır. 1-ci şahid Aliyə İbrahimovanın ifadəsindən görünür ki, o, pulun verilməsinin şahidi olmayıb, qardaşı Oktay Ağayev sağlığında ona bildirib ki, Maya Məmməduliyevadan 3.000 ABŞ dolları və 10.000 manat borc alıb. 2-ci şahid Qızxanım Əzimovanın ifadəsindən görünür ki, o, pulun borc verilməsinin şahidi olub. Lakin şahid işdə iştirak edən Maya Məmməduliyeva və Cavabdeh1 ilə yaxın qohumluq münasibətində olduğuna görə işin nəticəsində maraqlıdır. Odur ki, yalnız onun ifadəsinə əsasən 3.000 ABŞ dolları və 10.000 manat pulun borc verildiyi müəyyən oluna bilməz. Beləliklə, məhkəmə Mülki Məcəlləsinin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Maya Məmməduliyeva ilə Oktay Ağayevin arasında borc münasibəti yaransığı müəyyən olunmur. Ona görə də qətnamə üçüncü şəxsin müstəqil iddiasının rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin üçüncü şəxsin müstəqil iddianın təmin edilməsinə aid hissəsini isə yalnız İddiaçı1 (Ağayeva) mübahisələndirib. O, qətnamənin özünə aid olan hissəsini mübahisələndirə bilər. Qətnamənin İddiaçı1 (Ağayevaya) aid olan hissəsi həmin şəxsdən 750 ABŞ dollarının tutulması barədə hissəsidir. Həmin hissədə qətnamə ləğv edilməli və İddiaçı1 (Ağayevadan) 750 ABŞ dolları tutulması barədə tələb rədd olunmalıdır. Buna müvafiq olaraq həmin iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi İddiaçı1 (Ağayevadan) 11,50 manat tutulması hissəsində qətnamə ləğv edilməlidir. Qətnamə üçüncü şəxsin müstəqil iddiasının qalan təmin edilən hissəsində mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Maya Məmmədquliyevanın apellyasiya şikayəti təmin edilməsin. İddiaçı1 (Ağayevanın) apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üçüncü şəxs X1 cavabdeh İsmayılova (Ağayeva) Sona Oqtay qızına qarşı iddiasının təmin edilməsinə aid olan hissədə, yəni İsmayılova (Ağayeva) Sona Oqtay qızından X1 xeyrinə 750 ABŞ dolları tutulması hissəsində ləğv edilsin və bu tələb rədd olunsun. Həmin qətnamə dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 11,50 manatın İsmayılova (Ağayeva) Sona Oqtay qızından X1 xeyrinə tutulması hissəsində ləğv edilsin və dövlət rüsumunun həmin hissəsi X1 özünə aid edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar