Məhkəmə qərarları › İş №2(103)-4008/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4008/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4008/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-7167/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-7167/2019 nömrəli qətnaməsi ilə Cavabdeh 1325 (min üç yüz iyirmi beş) manat, 58 (əlli səkkiz) qəpik əsas borc, 152 (yüz əlli iki) manat, 43 (qırx üç) qəpik faiz borcu, 94 (doxsan dörd) manat, 83 (səksən üç) qəpik cərimə borcu, ümumilikdə 1572 (min beş yüz yetmiş iki) manat 84 (səksən dörd) qəpik borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Hakim tərəfindən ilk olaraq onun iştirakı məhkəmə iclasında təmin edilməmiş və ona məlumat verilməmişdir. Belə ki, o, cavabdeh kimi iddiaçı tərəfindən ona qarşı qaldırılan iddia tələbi ilə, həmçinin təqdim edilmiş sənədlərlə tanış olmaq, iddia tələbinə qarşı etiraz vermək və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarını həyata keçirmək hüququndan məhrum edilmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən bank tərəfindən hesablanmış faiz məbləği və cərimə pulunun şişirdilməsi araşdırılmamış, onun ödədiyi aylar, yəni 300 manat nəzərə alınmamış, məhkəmə çəkişmə prinsipinə əməl etmədən iddiaçının təqdim etdiyi sənədlər əsasında əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını nəzərə almadan əsas borc məbləği 1325,58 manat olmasına baxmayaraq 152.43 manat faiz pulunun 94.83 cərimə borcunun tutulması hissəsində tələbi araşdırmamış, əsas tələblə nisbətdə dəbbə pulunun tənasübsüz yüksək olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, məhkəmə ona heç bir vasitə ilə məlumat verməyib. O, əsas və cərimə borcu məbləğindən narazıdır. Bu pulu əslində atasının dostu götürüb. Atası vəfat edəndən sonra bu məsələlər yarandı. Atası o vaxt 300 manat ödəyib, o, da iki dəfə 50 manat və 30 manat ödəyib. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 12 ay müddətinə 1497,69 manat kredit götürmüşdür. xx.xx.2019-cu tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borcu 1325,58 manat, cərimə borcu 94,83 manat, faiz borcu 152,43 manat olmaqla, ümumilikdə 1572,84 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Birincisi, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvandan yaşamadığından ona göndərilmiş bildiriş geri qaytarılmışdır. Cavabdeh da faktiki yaşadığı ünvan barədə iddiaçıya və məhkəməyə məlumat verməmişdir. İkincisi, borc məbləğinin şişirdilməsini bildirilsə də bu dəlillər də əsassızdır. Çünki, bu barədə heç bir sübut təqdim edilməmişdir. İddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Üçüncüsü, cavabdehin göstərdiyi digər dəlillər də onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-7167/2019 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar