Məhkəmə qərarları › İş №2(103)-4013/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4013/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4013/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4013/2024 (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikah münasibətlərindən 12 sentyabr 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4281/2015 saylı 15 oktyabr 2015-ci tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 12 sentyabr 2013-cü il təvəllüdlü X4 anasının yanında qalması və onun saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq Umarova (Allahverdiyeva) Nurlanə Cəbrayıl qızına ödənilməsi qət etdilmişdir.

2. İddiaçı hazırda 12 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə minimumundan az olmamaqla hər ay 250 manat olmaqla, əlavə 100 manat, cəmi 350 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə minimumundan az olmamaqla hər ay 250 manat olmaqla, əlavə 100 manat, cəmi 350 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və cavabdehlə birgə nikahdan 12 sentyabr 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş və ailəni qorumaq mümkün olmamışdır. Cavabdeh iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-4281/2015 saylı, 15 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, 12 sentyabr 2013-cü il təvəllüdlü X4 anası Umarova (Allahverdiyeva) Nurlanə Cəbrayıl qızının himayəsində saxlanılması və iddiaçı Cavabdeh 15 oktyabr 2015-cı il tarixdən başlayaraq 108 manat miqdarında aliment tutulub 12 sentyabr 2013-cü ildə doğulmuş X1 üçün Umarova (Allahverdiyeva) Nurlana Cəbrayıl qızına ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən hər ay ödənilən 108 manat məbləğində alimentin məbləği övladının maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Belə ki, hazırda heç bir yerdə işləmədiyinə görə təkbaşına uşağın layiqli həyat səviyyəsini, təhsilinə sərf edilən vəsaiti təmin etmək iddiaçı üçün çox çətindir. Ona görə də Suraxanı Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa oğlunun təhsil və tibbi ehtiyacları üçün 100 manat miqdarında əlavə sabit pul məbləğində alimentin məbləğinin miqdarının artırılması məqsədə müvafiqdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4281/2015 saylı 15 oktyabr 2015- ci tarixli qətnaməsi əsasında 12 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 12 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsimə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 112, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, o, 2015-ci ilin oktyabr ayından bu günə kimi fasiləsiz olaraq qarşı tərəfə hər ay 108 manat məbləğində aliment ödəmişdir. Cavabdeh heç vaxt bu günə kimi alimentin artırılması ilə bağlı ona təklif verməmişdir. Onun bu illər ərzində ödədiyi 108 manat aliment uşağın tam olaraq etiyaclarının ödənilməsinə kifayət etmişdir. Əlavə olaraq, hər həftə uşaqla görüşən zaman uşağın gərəkli etiyaclarını (geyim, müvafiq olaraq az miqdarda cib xərci, müvafiq tibb ləvazimatları, həmçinin həftəlik olaraq məktəbə də qidalanacaq-fast food) qarşılamışdır. Bir sözlə, uşaq hər an, hər saat cavabdehin diqqətində və qayğısında olmuşdur. İddiaçı ərizəsində göstərir ki, işləmir, uşağın saxlanmasında çətinlik çəkir. Belə halda iddiaçının könülü olaraq uşağı onun himayəsinə verməyi daha yaxşı olardı. Çünki iddiaçı işləmir. Cavabdeh yenı ailə qurmuşdur və rəsmi nikahdan iki azyaşlı övladı vardır: xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8. X3 ağır xəstədir (epilepsiya) və mütamadi olaraq tibbi müayinə və müalicəyə ehiyaclıdır. O, hal-hazırda rəsmi işləyir və aylıq əmək haqqısı 385 manat olsa da, ancaq vergi və sosial ödənişlərdən sonra 350 manat 88 qəpik kartıma köçürülür və həmin məbləğdən 108 manat pulu aliment kimi cavabdehə ödəyirəm. Yerdə qalan pulu isə əlavə olaraq iki azyaşlı uşağım üçün xərclənir. Bu məbləğ mənim ailəmin ehtiyaclarının ödənilməsinə çatmır. Anam hər ayda maddi etiyaclarının ödənilməsinə yaxından köməklik göstərir. Qeyd edirnki, 7-8 ay olar ki, səhətində problemlər yaranmışdır. Belə ki, mədəm də qanaxma baş verir və bu səbəbdən də çox halsız oluram, iş görmə qabliyyətim aşağı düşür. Mənim başqa yerdən gəlirim yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

13. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir

14. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

21. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

22. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

24. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Hazırki iş üzrə cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğvinə hər hansı hüquqi əsas yoxdur.

36. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə nikah münasibətlərindən 12 sentyabr 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4281/2015 saylı 15 oktyabr 2015-ci tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 12 sentyabr 2013-cü il təvəllüdlü X4 anasının yanında qalması və onun saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq Umarova (Allahverdiyeva) Nurlanə Cəbrayıl qızına ödənilməsi qət etdilmişdir.

37. Cavabdeh isə öz dəlillərində bildirmişdir ki, bugünə qədər alimenti vaxtında ödəmiş, özü də yeni ailə qurmuşdur. İkinci nikahından 2018 və 2019-cu il təvəllüdlü övladları var. Hazırda əmək haqqısı 350 manat təşkil edir. Gəliri ailənin saxlanmasına kifayət etmir. Özününü də səhhətində problemlər var.

38. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

39. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

40. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

41. Kollegiya hazırki mübahisəyə qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması ilə bağlı mövqe qanuni və əsaslı olmuşdur. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4281/2015 saylı 15 oktyabr 2015-ci tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulan 12 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh 108 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

44. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Cavabdehin maddi vəziyyətinin aşağı olması, yenidən ailə həyatı qurması səbəbindən alimentin təyin edilməsində bu faktın nəzərə alınması ilə bağlı apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu hazırki iş üzrə İddiaçı ilə bağlanmış nikahlarından dünyaya gələn övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşağın layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir.

46. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.

47. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar