Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4015/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2161/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan "xxxx" ASC-nin “Birbank” tədbiqi vasitəsilə karta köçürmə qəbzlərindən görünür ki, 4169 73** **** 8226 nömrəli karta xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul vəsaitləri 5522 09** **** 3155 saylı karta köçürülmüşdür.
2. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, “Milliön” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 300 manat pul vəsaiti "xxxx" ASC vasitəsilə RA*** NA***** MA****** OG** adlı şəxsə köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.500 manat borcun, 45 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 320 manat pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 il öncə cavabdehə Yevlax rayonu ərazisində yerləşən “Bank Respublika” bankından 4.000 manat pul götürərək cavabdehə bu pulu borc olaraq vermişdir. Razılaşmışlar ki, bu borcu ona verəcək, o isə banka ödəyəcək. Cavabdeh götürülən puldan 1.500 manat məbləği ödəmişdir, ancaq yerdə qalan 2.500 manat məbləğində pulu bu günə qədər ödəməmişdir. Cavabdehə dəfələrlə müraciət edilmişdir. Ancaq bu günə kimi ödəniş tamamlanmamışdır. Cavabdeh hərbiçidir. N saylı hərbi hissədə xidmət edir, gizirdir. Hər ay 1.000 manatdan yuxarı qazancı və gəliri vardır. Ancaq ödəniş edilməməkdədir. O, məcbur qalaraq vəkil xidmətindən istifadə etmişdir. Bunun üçün banka 320 manat ödəniş elmişdir. Eləcə də 45 manat dövlət rüsumu ödəmişdir. O, hər iki məbləğin cavabdehdən alınmasında israrlıdır. Bu səbəbdən də hazırki iddianı qaldıraraq cavabdehdən 2.500 manat borc məbləğini, 45 manat dövlət rüsumunu, habelə 320 manat hüquqi yardıma ödədiyi məbləğin alınmasını istəyir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2161/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 389.1, 442, 739.1, 739.2, 740.1, 740.2, 742.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 il öncə hazırki cavabdehə Yevlax rayonu Bank Respublika bankdan pul götürərək yəni, 4000 manat pul götürərək həmin şəxsə bu pulu borc olaraq vermişdir. Razılaşmışlar ki, bu borcu verəcək, iddiaçı isə borcu bağlayacaq. Cavabdeh götürülən puldan 1500 manat məbləği ödəmiş, ancaq yerdə qalan 2500 manat məbləğində pulu bu günə qədər ödəməmişdir. Şəxsə dəfələrlə müraciət edilmişdir. Ancaq bu günə kimi ödəniş tamamlanmamışdır. Bu şəxs hərbiçidir. 34 N saylı hərbi hissədə xidmət edir, gizirdir. Hər ay 1000 manatdan yuxarı qazancı və gəliri vardır. Ancaq ödəniş edilməməkdədir. Bu səbəbdən də hazırki iddianı qaldıraraq cavabdehdən 2500 manat olan borc məbləğini, 45 manat dövlət rüsumunu, habelə 320 manat hüquqi yardıma ödədiyim məbləğin alınmasını istəmişdir. Ancaq heç bir nəticə olmamış, tələbi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə əsaslı tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Ona görə də tələbi əsaslı olduğu halda məhkəmə ədalətsiz qərar qəbul etmişdir. İşdə kifayət qədər sübutlar mövcuddur ki, cavabdehin həmin pulu götürməsini təsdiq etsin. Bundan başqa bildirir ki, iş materiallarında olan "xxxx" ASC-nin “Birbank” tətbiqi vasitəsilə karta köçürmə qəbzlərindən görünür ki, 4169 73** **** 8226 nömrəli karta xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul vəsaitləri 5522 09** **** 3155 saylı karta köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, “Milliön” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 300 manat pul vəsaiti"xxxx"ASC vasitəsilə RA*** NA***** MA******OG** adlı şəxsə köçürülmüşdür. 2500 manat məbləğdən bir manat da olsun belə ödənməmişdir. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, hərbiçi olmağını nəzərə almamış, iştirakı yetərincə təmin edilməmişdir. Bunlara münasibətdə öz mövqeyini qura bilməmişdir.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
12. Maddə 329.3 Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
18. Maddə 742.1 borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
19. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
23. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2161/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
30. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
32. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar irəli sürülmüş iddia tələbinin əsaslılığını təsdiq etmir və iş materialları ilə cavabdehin iddiaçının hesabına əsassız varlanması öz təsdiqini tapmır.
35. İddiaçı tərəflər arasında şifahi borc münasibətlərinin yarandığını, onun cavabdehə 4.000 manat məbləğdə borca pul verdiyini, həmin pulun 1.500 hissəsinin qaytarıldığını, yerdə qalan 2.500 borc pulun qaytarılmadığını bildirir.
36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, iddiaçının istinad etdiyi borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. Tərəflərin arasında aparılmış pul ödənişlərinin həcmini iş materialları ilə müəyyən etmək olmur. İş materiallarına daxil edilmiş ayrı-ayrı vaxtlarda aparılmış cəmi 1.000 manat ödənişin cavabdehə verilməsi iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, həmin ödənişin cavabdehə göndərilməsi öz təsdiqini tapdığı təqdirdə də tərəflərin arasında aparılmış bütün pul əməliyyatlarının həcminin müəyyən edilməməsi və iddiaçının 1.500 manat məbləğində geri ödənişi cavabdehdən qəbul etməsi şəraitində - iddia tələblərinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Buna görə də iddia tələbləri üzrə təqdim edilən sübutlar kifayət etmədiyindən iddia tələbin təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
38. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla bağlı xərclərin iddiaçıya aid edilməsində birinci intansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı halda isə apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2161/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.