Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4017/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2024 saylı 19 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış X8 “Bank” “Əmanətçi”yə Azərbaycan manatında 3831000DN4994311A85 saylı əmanət hesabı açmağı, açılmış əmanət hesabına pul məbləğini qəbul etməyi və müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada əmanəti “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə 23000 manat pul vəsaitini banka əmanət kimi qoymuşdur. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə İnternet Bankçılıq üzrə Əməkdaşlıq Müqaviləsi bağlanmışdır. Tərəflər arasında xx.xx.2020-ci il tarixli X15 Müqaviləsi də imzalanmış, həmin müqavilə ilə Bank hesab sahibinə hesab açmağı və kart hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparılması üçün plastik kart verməyi, açılmış hesaba daxil olan pul vəsailərini qəbul etməyi, hesabdan pul vəsaitlərini köçürməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilindən ona aid müxtəlif əşyaların və onun bank hesabından pul vəsaitlərinin talanması faktı üzrə X7 və X9 barəsində cinayət işi açılmış, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə onlar cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o cümlədən İddiaçı mülki iddiası qismən təmin edilərək, maddi zərərə görə Elçin Məmmədovdan 47972,14 manat, Elçin Məmmədovdan və Aysel Əliyevadan müştərək qaydada 33480,83 manat, habelə dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 3350 manat pulun tutularaq mülki iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş materiallarına əlavə edilmiş 1(105)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq təqsirləndirilən şəxslərə təyin edilmiş cəza müddətləri artırılmış və mülki iddia tələbi təmin olunmayan hissədə baxılmamış saxlanılmışdır. İddiaçının kart hesabından xx.xx.2022-ci il tarixdə 974,95 manat çıxarılmış, onun banka müraciətindən sonra kart hesabı blok edilmiş, kart hesabı blokdan çıxarıldıqdan sonra isə müqavilənin müddətinin bitməsi ilə əlaqədar iddiaçının əmanət hesabından cari kart hesabına köçürülmüş 23383,33 manat pul vəsaiti hissə-hissə digər hesablara köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyana görə 24358,28 manat və X11nin 1 saylı əlavəsinə əsasən həmin məbləğin faizi 405,97 manat, ümumilikdə 24764,25 manat və 25000 manat maddi təzminat olmaqla, cəmi 49764,25 manat pulun və iddia ərizəsinin verilməsinə görə 239,29 manat dövlət rüsumunun, vəkilə ödənilən 850 manat pulun Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi və Cavabdeh ASC-nin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildən bəri Cavabdeh ASC ilə əməkdaşlıq edir. 2007-ci il tarixdən X5 yaşayır. xx.xx.2022-ci il tarixdə hesabından 974,95 manat çıxarılmışdır. Bundan xəbər tutan kimi X6 dərhal Cavabdeh ASC-nin 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayıb, Dost Bankda hesabında olan pulunun 15 dəqiqə ərzində sovrulması və kim tərəfindən çıxarıldığını soruşmuş, hansı ki, o, Dost Bankdan o qədər istifadə etmir. Kodunu heç kimə vermədiyi halda və həmin saytlardan xəbəri olmadığı halda, Cavabdeh ASC tərəfindən isə ona çox rahatlıqla 16 iyulda ACS SRV CHECK də ödənişlər olduğunu, həmçinin online-gameplaydə kartla ödənişlər edildiyini və ola bilər kartın o sayta qeydiyyatda düşdüyünü və avtomatik pul çıxarıldığını bildirmişdir. Bundan əlavə savadsızcasına karta görə məsuliyyəti yalnız müştəri daşıdığını bildirmişdir. Daha sonra isə kartının blok edilməsini təklif etmiş, həmin təklifə razılıq vermişdir. Bundan sonra kartın blok edilməsi barədə məlumat verilmişdir. Bütün bu olanları, yəni hesabından 974,95 manat pulun kimin çıxarmasını araşdırmaq üçün xx.xx.2022-ci il tarixdə X3 gəlmiş və kartının xx.xx.2022-ci il tarixdə blok olunduğu halda, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə yenidən onun icazəsi olmadan ümumi 23383,33 manat pulun çıxarıldığından xəbər tutmuşdur. Bankda açdığı hesabdakı məbləğ sığortalandığı halda, qeyri-qanuni yolla hesabından icazəsi olmadan, kartını blokladığı halda hesabından çıxarılmışdır. Baş verənlərdən xəbər tutan kimi dərhal müdiri görmək istədiyini bildirmiş, müdir isə 3 gün olar işə təyin edildiyini, özü də olanlardan təəccübləndiyini bildirmişdir. Müdir tərəfindən iş araşdırılarkən məlum olmuşdur ki, adından telefonda müqavilə və ona aid məlumatlar verilərək, heç bir eyniləşdirmə aparmadan və görüntü olmadan səriştəsizcəsinə ona aid məlumatlar verilmiş və hesabından pul çıxarılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Nağıyeva, iş № 2(005)-64/2024) iddia rədd olunmuşdur.
5. Məhkəmə işin faktiki hallarına əsasən bu qənaətə gəlmişdir ki, iddiaçıya dəyən zərərin bilavasitə cavabdeh bank tərəfindən deyil, başqa şəxslər tərəfindən vurulduğu və həmin zərərin məhkəmə hökmünə əsasən zərərin vurulmasında bilavasitə təqsirli olan şəxslərdən iddiaçının xeyrinə tutulmuş olduğu işin mübahisəsiz və təkzib olunmaz halıdır. İddiaçının nümayəndəsi də ona verilən sualları cavablandırarkən, iddiaçının kart hesabından oğurluqla bağlı ona dəyən zərərin həmin şəxslərdən məhkəmə hökmü ilə tutulduğunu, lakin icra olunmadığını bildirmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kart məlumatlarını təqsirləndirilən şəxsə nə ötürməmişdir, nə də ki, ona bu haqda heç bir məlumat verməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi iddianın predmeti olmadığı halda dəfələrlə həm işə aiddiyəti olmayan, həm ona aid olmayan və buna ixtiyarı çatmadığı halda iddiaçının şəxsi həyatı ilə bağlı olan cümlələr işlətməklə iddiaçının şərəf və ləyaqətinə toxunmuşdur. İkincisi, İddiaçı hesabından təqsirləndirilən şəxslər tərəfindən 1000 manat pul çıxarılanda bankla əlaqə saxlamağa çalışsa da, yalnız 2 gün sonra onu cavablandırmışdır, bundan sonra hesabını dərhal blok etdirmiş, bankla müqaviləni və hesabını ləğv edəcəyini bildirmişdir. Çünki banka olan etibarını itirmişdir. Bununla bağlı 145 Məlumat Mərkəzi ilə danışıqları zamanı işin araşdırılması ilə bağlı artıq 02 sentyabr 2022-ci il tarixinə online növbə götürdüyünü bildirmişdir. Lakin bank zərərçəkmiş tərəfindən deyilən sözlərə etinasızcasına yanaşaraq, bir sözlə vecinə də almayaraq, xüsusi nəzarətə götürməyərək, kartı blokdan azad etmişdir. Mərkəzi Bank qeyd edir ki, depozit hesabından vəsaitin kart hesabına köçürülməsində əlavə müştəri eyniləşdirilməsi tədbirləri nəzərdə tutula bilərdi. Lakin Cavabdeh MMC öz pulu olmadığı üçün, müştərisinin tələbinə məhəl qoymayaraq, onu önəmsəməyərək, hansı ki, iddiaçı Cavabdeh MMC-nin 145 Məlumat Mərkəziilə kartın blok edilməsi ilə bağlı əlaqə saxladıqda bildirmişdir ki, iddiaçı 02 sentyabr 2022-ci il tarixə online növbə götürmüşdür,1000 manat pulun çıxarılması ilə bağlı Bankdan rəsmi sənəd tələb edəcək və o, filiala yaxınlaşıb, həmin kartı birdəfəlik ləğv edəcək. 1000 manat iddiaçının kart hesabından çıxarılarkən, onun telefonuna məlumat gəlmiş, lakin 24000 manata yaxın pul hesabından silinməsi, həmçinin blokdan çıxarılması barədə bank iddiaçıya (zərərçəkmiş şəxsə) heç bir məlumat verməmişdir. Hansı ki, təqsirləndirilən şəxs bank əməkdaşı ilə telefonla danşdıqda, zərərçəkmiş şəxsin qeyd etdiyi bu nömrəsini 055 *** ** ** vermişdir. Bankın 24000 manata yaxın pulun çıxarılması, kartın blokdan çıxarılması barədə öz müştərisinə məlumat verməməsi, onda bank əməkdaşının və ya Bankın təqsirləndirilən şəxslərlə əlbir olması ehtimalını da artırır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozularaq zərərə məruz qaldığını bildirərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
22. Cavabdeh isə müqavilə şərtlərini yerinə yetirdiyini, bu hadisədə təqsirinin olmadığını əsas gətirərək iddiaya etiraz edir.
23. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
24. Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
25. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
27. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
28. Belə ki, kart hesabı üzərindəki blokun götürülməsi (o cümlədən əmanət hesabında olan pul məbləğinin həmin kart hesabına köçürülməsi) tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun həyata keçirilmişdir. Dolayısı ilə həmin prosesdə cavabdeh bankın və ya bankın işçisinin birbaşa təqsiri müəyyən olunmur. Belə ki, bankın əməkdaşının verdiyi suallara təqsirləndirilən şəxslər məlumatları əldə edərək düzgün cavablar vermiş, həmçinin iddiaçı bankla bağladığı müqavilədə təqsirləndirilən şəxsə məxsus nömrəni qeyd etmiş, sonuncu isə həmin nömrənin dublikatını çıxararaq internet bankçılıq xidməti vasitəsilə müvafiq oğurluq əməlini törətmişdir.
29. Tərəflər arasında xx.xx.2015-ci il tarixli İnternet Bankçılıq üzrə Əməkdaşlıq Müqaviləsi, xx.xx.2020-ci il tarixli X15 Müqaviləsi və xx.xx.2022-ci il tarixli X11 mövcud olmuşdur. X15 Müqaviləsi əsasında iddiaçıya kart hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparması üçün plastik kart verilmişdir. X11 isə 4 ay müddətinə bağlanmış, müqavilədə əmanətçinin cari kart hesabının olması halında faizlərin əmanətçinin cari kart hesabına köçürmə yolu ilə ödənilməsi, əmanət müddətinin uzadılmadığı təqdirdə, bankın müqaviləyə birtərəfli qaydada xitam verməsi və əmanət məbləğinin əmanət müddətinin sonuncu gününə qədər hesablanmış bütün faiz məbləğləri ilə birgə əmanətçinin kart hesabına köçürülməsi və məbləğə faizlərin hesablanmasının dayandırılması nəzərdə tutulmuşdur. X1 istifadəçi adı və şifrəsini, ona məxsus məlumatların təhlükəsizliyini təmin etmək (əlçatmaz formada saxlanması) vəzifəsi müştərinin üzərinə qoyulmuş, X15 Müqaviləsində isə kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (fraud) əməliyyatlarının) və ŞEN koddan istifadə edilməsinin nəticələrinə görə Bankın məsuliyyət daşımadığı nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, əmanət müddəti bitdiyindən əmanət məbləği və ona hesablanmış faizlər müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən iddiaçının kart hesabına köçürülmüş, bununla belə iddiaçı istifadəçi adı və şifrə və ona məxsus digər məlumatların təhlükəsizliyini lazımınca təmin etmədiyindən (mənzilinin açarını üçüncü şəxsə verməsi, kartın və şəxsiyyət vəsiqəsinin şəklini üçüncü şəxsə göndərməsi və bankla müqavilə bağlayarkən başqa şəxsin adına olan mobil nömrəni qarşı tərəfə bildirməsi səbəblərindən) kart hesabındakı vəsaitlər üçüncü şəxslər tərəfindən oğurlanmışdır.
30. Belə olan halda, iddiaçının cavabdehdən pul tələb etməsinin hüquqi əsası yoxdur.
31. Digər tərəfdən, iddiaçıya dəyən zərərin bilavasitə cavabdeh bank tərəfindən deyil, başqa şəxslər tərəfindən vurulması Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə də təsdiq olunur. Cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, Elçin Məmmədov bilavasitə özü xx.xx.2022-ci il tarixdə iddiaçının bank hesabından hissə-hissə olmaqla cəmi 969,14 manat, tanışı Aysel Əliyeva ilə birlikdə isə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan müddətdə hissə-hissə olmaqla cəmisi 23391,83 manat pulları oğurlayaraq ona maddi ziyan vurmuşlar. Samirə Vilanqanattu həmin cinayət işində mülki iddiaçı kimi tanınmış və hökmə əsasən mülki iddia qismən təmin olunaraq bank hesabından oğurlanmış bu məbləğlərin (969,14 manat + 23391,83 manat) təqsirləndirilən şəxslərdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı hökmlə təqsirləndirilən şəxslərdən onun xeyrinə tutulmuş məbləğləri yenidən Bankdan tələb edir ki, bu da yolverilməzdir.
32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
33. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
34. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
37. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.