Məhkəmə qərarları › İş №2(103)-4018/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4018/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4018/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı “ ASC (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-247/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «İddiaçı” ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8692.69 (səkkiz min altı yüz doxsan iki manat 69 qəpik) manat əsas, 1241.38 manat faiz, 651.89 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 221.43 manat faiz borcu olmaqla, cəmi 10807.39 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv etmə prosesində olan “İddiaçı “ ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (ləğv prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, «İddiaçı « ASC (bundan sora Bank) ilə Cavabdeh arasında bağlanmış 16.06.2016-ci il tarixli, 104.LN.1010.160616.00009 saylı kredit müqaviləsiinə əsasən, cavabdehə 44 ay müddətinə, illik 17% ödənilmək şərtilə 13530 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu muqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür.Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir Hazırda cavabdehin 19.08.2020-ci il tarixinə Banka ödənilməmiş 8692.69 manat əsas, 1241.38 manat faiz, 651.89 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 221.43 manat faiz borcu olmaqla, cəmi 10807.39 manat məbləğındə borcu mövcuddur. Qeyd edək ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.12.2019- cu il tarixli 2(002)- 2741/2019 saylı qərardadına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən tədbirlərin görülməsi ilə əlaqədar olaraq iş baxılmamış saxlanilmiş və sənədlər geri qaytarılmışdır.Borclu Cavabdeh 16.06.2016-ci il tarixli , 104.LN.1010.160616.00009 saylı kredit müqaviləsi üzrə əsas məbləğinin restrukturizasiya olunması problemli kredit məlumatlarının sorğulamasına dair elektron sistemində aşkar olunmadığına görə təkrar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-247/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8692.69 manat əsas, 1241,38 manat faiz, 100 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 221.43 manat faiz borcu olmaqla, cəmi 10255,50 manat məbləğındə kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o indiyənədək borcundan 6000 manat ödəniş etmiş, lakin sonradan maddi vəziyyətinin pisləşmiş olması səbəbindən borcu ödəyə bilməmiş lakin bank öz üstün mövqeyindən istifadə edərək onan əsassız faiz və cərimə hesablamışdır. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməldir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; çünkü o, şikayətində qətnamənin “faiz və cərimə borcunun tutulması” hissəsində ləğv edilməsini xahiş etmişdir. Xüsusən nəzərə alınmalıdır ki, iddiaçı tərəf qətnamə mübahisələndirməmişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 16 iyun 2016-cı il tarixli 104.LN.1010.160616.00009 saylı kredit muqaviləsinin surətindən görünür ki İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh 44 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 13530 (beş yüz) manat məbləğində kredit verilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 16 iyun 2016-ci il tarixindən 19 avqust 2020-ci il tarixə qədər borcu aşağıdakı kimidir: - 8692.69 əsas borc və 1241.38 manat faiz borcu olmaqla, 651.89 manat cərimə- cəmi 10807,39 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi”. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan 8692,69 manat məbləğində əsas və 1241,38 manat faiz borcunu tutmaqda haqlı olmuşdur. Belə ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi borc məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qətnamənin digər mübahisələndirilən hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 8692,69 manat olan əsas borcuna münasibətdə iddiaçı bank 651,89 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 100 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Bununla belə kollegiyahesab edir ki, qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apellyatordan “gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 221,43 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun 24 dekabr 2014cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Mülki Məcəllənin 44.1.-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Müəyyən olunur ki, məhkəmənin məhkəmənin 14.05.2020-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqaviləsinin müddəti isə 16.02.2020-ci il tarixdə bitmişdir. İddiaçı hazırki tələbində 19.08.2020-ci il tarixədək hesabladığı 221,43 manat məbləğində faiz borcunun tutulmasını tələb edir ki, həmin dövr iddiaçının aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı 14.05.2020-ci il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. Buna görə də kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcu məhz 16.02.2020-ci il tarixdən 14.05.2020-ci il tarixədək (2 ay 28 gün) hesablanmalı və 106 manat (8692,69 X 5% = 434,63 (1 il) ; 434,63 : 12 = 36,2 (1 ay) 36,2 : 30 = 1,20 (1 gün); 2 ay 28 gün – 106 manat) müəyyən edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-247/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi “Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 221.43 manat faiz borcu olmaqla, cəmi 10255,50 manat məbləğındə kredit borcunun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün tutulmalı olan faiz borcunun məbləği 106 (yüz altı) manat, ümumi borc isə 10 140,07 (on min yüz qırx manat yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elmira Nağıyeva Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar