Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4018/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi(anası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2419/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsı və iddianın dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilmiş 10543,8 manat məbləğində pul vəsaitinin, lombarda qoyulmuş “Asus” markalı komputerə görə ödənilmiş cərimə və aylıq ödənişlər olaraq 490 manat pul vəsaitinin, “Dell” markalı komputerin satılmasına görə vurulmuş maddi ziyanın dəyəri olan 5000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə, həmçinin, 1200 ABŞ dolları (2040 manat nisbətində) brilyant sırğasını və 2000 manat dəyərində olan misir qızılının cavabdehdən alınaraq iddiaçıya verilməsinə,həmin qızılzinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2024-cü ilin avqust ayının əvvəllərində tanış olublar, dostluq münasibətləri yaranıb, cavabdeh onda özünə qarşı inam və etibar yaratmış, lakin çox keçmədən aralarında yaranmış dostluq münasibətlərindən sui-istifadə edən cavabdeh problemləri yarandığını, işə düşdüyünü, polis tərəfindən çağırıldığını və sair kimi “ciddi” səbəblər gətirərək iddiaçıdan ona pul verməsini xahiş etmişdir.O da yeni dostuna müxtəlif məbləğlərdə pullar verərək cavabdehin uydurduğu hadisələrdən, problemlərdən çıxa bilməsi üçün maddi köməklik etmişdir ki, çətinlikdən çıxsın və onun pullarını qaytarsın. Beləliklə, iddiaçı cavabdehə 2024cü ilin avqust ayının sonlarından 2024-cü ilin oktyabr ayının sonlarına kimi 8418,8 manat qəbz üzrə pul göndərmiş, 500 manat isə anasına xahiş edərək onun vasitəsilə əlbəəl vermişdir, ümumilikdə iddiaçı cavabdehə 8918,8 manat pul vermişdir. Bandan başqa, iddiaçı cavabdehin xahişi ilə 3000 manat dəyəri olan kompüterini lombarda qoymuş cavabdeh lombarddan pul götürmüşdür. Sonra iddiaçı iş yoldaşı Rəhim Fərhadovun 5000 manat dəyərində kompüterini lombarda qoymuş, cavabdeh lombarddan pul götürmüşdür. Daha sonra, iddiaçı özünə məxsus 1200 ABŞ dolları (2.040 manat nisbətində) dəyərində brilyant sırğasını və 2000 manat dəyərində olan misir qızılını cavabdehin xahişi ilə lombarda qoymuş, cavabdeh lombarddan pul götürmüşdür. Ümimilikdə, cavabdehin xahişi ilə iddiaçı ona 8418,8 (8418,8+500) manat nəğd pul vermiş, 3000 manat dəyərində özünə məxsus, 5000 manat dəyərində tanışına məxsus kompüterləri, 1200 ABŞ dolları (2040 manat) dəyərində brilyant sığasını və 2000 manat dəyərində misir qızılını lombarda qoymuş, cavabdeh pul götürmüşdür. Lakin cavabdeh iddiaçının ona olan inamından, maddi köməyindən sui-istifadə edərək ona verilmiş 8918,8 manat nəğd pulu qaytarmamışdır. Həmçinin, cavabdeh lombardların pulunu ödəməyərək iddiaçının əmlakının əldən çıxarması nəticəsində ona 12040 (3.000+5.000+2.040+2.000) manat maddi ziyan vurmuşdur. Beləliklə, cavabdeh iddiaçı ilə dostluq münasibətinə daxil olaraq, onda özünə qarşı inam və etibar yaradıb iddiaçının 8918,8 manat nəğd pulunu ələ keçirmiş, bundan başqa, 12040 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh öz hərəkətləri ilə iddiaçıya qarşı vicdansızcasına davranmış, onun hesabına əsassız olaraq varlanmış, nəticədə iddiaçını 20.958.8 manat dəyərində nəğd pul və əmlakdan məhrum etmiş, iddiaçıya həmin məbləğdə maddi zərər vurmuşdur. Odur ki, cavabdehdən əsassız varlanma və iddiaçıya vurduğu zərərin dəyəri olaraq 20.958,8 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizədə qeyd edilmişdir ki, cavabdehin iddiaçıya vurduğu zərər aşağıdakı kimidir: iddiaçı 8418,8 manat qəbz üzrə, 500 manat anası vasitəsi ilə, 800 manat Əhəd Məmmədzadədən alaraq, 825 manat “Asus” markalı komputerin lombarda qoyulmasından əldə edilərək, cəmi 10543,8 manat pul vermişdir. “Asus” markalı komputerə görə cavabdehin təqsirinə görə lombarda ödənilmiş 200 manat cərimə, xx.xx.2024-cü il tarixdən başlayaraq aylıqlar olaraq 120 manat, 2025-ci ilin yanvar ayında 85 manat, fevral ayında 85 manat, mart ayında 85 manat olmaqla 290 manat pul, cəmi 490 manat ödəniş, “Dell” markalı komputerin aylıqlarını cavabdeh ödəmədiyi üçün onun lombarddan satılması nəticəsində vurulmuş ziyana görə komputerin 5000 manat məbləğində dəyəri, iddiaçıya məxsus 1200 ABŞ dolları (2040 manat nisbətində) dəyərində brilyant sırğası və 2000 manat dəyərində olan misir qızılı.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2419/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 9563,8 manat məbləğində pulun, 115,63 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 742.2, 442, 443.1, 448.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4, 119.1-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, iddia tələbinin qəbz üzrə verilmiş 8418,8 manat məbləğində pulun qaytarılması hissəsində məhkəmə qeyd edir ki, 8418,8 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehin hesabına köçürülməsi iş materiallarında olan sübutlarla təsdiq olunur. İddiaçı həmin məbləğlərin cavabdehə qaytarılmaq şərti ilə verildiyini bildirmişdir. İddia ərizəsinə yazılı etirazda və məhkəmə hazırlıq iclaslarında iddia tələbinin bu hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, yazılı etirazda "Cavabdeh həmin pulları almasını inkar etmir və həmin pulları alarkən İddiaçı onları qaytaracağını bildirdiyini etiraf edir. Yəni, Cavabdeh olaraq iddianın 8418,8 manat hissəsini qəbul edir” qeyd edilmişdir. Məhkəmə baxış iclasında isə Cavabdeh həmin məbləğdən təxminən 3000 manatının borc kimi verildiyini qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh baxış iclasında iddia tələbinin bu hissəsində etiraf etdiyi borc məbləğini dəyişsə də, həmin məbləğdən təxminən 3000 manatının borc kimi verildiyini qəbul edərək hər bir halda aralarında borc münasibətləri olduğunu etiraf etmişdir. Lakin, o, tələb olunan qəbzlə ödənilmiş 8418,8 manat məbləğdən niyə məhz 3000 manatının borc, qalan məbləğin isə borc kimi verilmədiyini aydınlaşdırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 8418,8 manatdan borc kimi etiraf etdiyi 3000 manat puldan yerdə qalan məbləğin borc verilmədiyini sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.Əksinə,iş materiallarında olan tərəflər arasında olan "whatsapp” yazışmalarından görünür ki, cavabdeh mesajlarda ona ödənilən pul məbləğlərini qaytaracağını bildirmişdir. Məhkəmə qeyd edilənləri, həmçinin, ayrı-ayrı vaxtlarda qəbzlə ödənilən pul məbləğlərinin 3000 manatdan artıq olmadığını, fiziki şəxslər arasında 3000 manata qədər məbləğdə şifahi bağlanmış borc müqavilələrinin etibarlı olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, bu hissədə iddia təmin edilməlidir. İddia tələbinin cavabdehə 500 manat nağd şəkildə verilən pulun qaytarılması ilə bağlı hissəsində cavabdeh bildirmişdir ki, həmin məbləğdə borcu iddiaçıdan alsa da, sonradan 500 manatı İddiaçı özünə qaytarmışdır. Cavabdeh 500 manat borcun ona əlbəəl verildiyini etiraf etdiyi üçün iddiaçı tərəf bu hissədə sübutetmə yükündən azad olmuş, əksinə borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Lakin 500 manat borcun qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, bu hissədə də iddia təmin edilməlidir. İddia tələbinin cavabdehə 800 manat nağd şəkildə verilən pulun qaytarılması ilə bağlı hissəsinə cavabdeh etiraz edərək, ona həmin məbləğdə nağd borcun verilmədiyini bildirmişdir. İddiaçı tərəf isə iddia tələbini bu hissədə təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, həmin hissədə iddia təmin edilə bilməz. 825 manat "Asus” markalı komputerin lombarda qoyulmasından əldə edilərək pul verilməsi, "Asus” markalı komputerə görə cavabdehin təqsirinə görə lombarda ödənilmiş 200 manat cərimə, xx.xx.2024-cü il tarixdən başlayaraq aylıqlar olaraq 120 manat, 2025- ci ilin yanvar ayında 85 manat, fevral ayında 85 manat, mart ayında 85 manat olmaqla 290 manat pul, cəmi 490 manat ödəniş, "Dell” markalı komputerin aylıqlarını cavabdeh ödəmədiyi üçün onun lombarddan satılması nəticəsində vurulmuş ziyana görə komputerin 5000 manat məbləğində dəyərinin cavabdehdən tələb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, bu hissəyə münasibətdə cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir, o, yalnız özünə pul lazım olduğunu bildirmiş, komputerləri girov qoymaq iddiaçının öz fikri olmuş, ona "Dell” markalı komputerin lombarda qoyulmasından sonra 250 manat, "Asus” markalı komputerin lombarda qoyulmasından sonra 150 manat pul verilmiş, o, da, yalnız həmin məbləğləri geri qaytaracığını öhdəsinə götürmüş, lakin bu günə kimi məbləğləri iddiaçıya qaytarmamışdır. Məhkəmə qeyd edir ki, komputerlərin lomabrda qoyulmasından sonra daha artıq məbləğlərin cavabdehə verilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə təsdiq olunur ki, hər iki komputer iddiaçının özü tərəfindən lombarda qoyulmuş, komputerlərin lombarda qoyulması ilə bağlı müqavilə münasibətləri lombard təşkilatı ilə iddiaçı arasında yaranmış, müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, girov qoyulmuş əşya satıldıqda borc məbləğindən artıq hissəni geri almaq kimi müqavilə münasibətlərindən irəli gələn hüquq və vəzifələri iddiaçı daşımışdır. Məhkəmə hesab edir ki, lomabrd təşkilatı ilə bağladığı müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi ilə bağlı, eləcə də girov qoyulmuş əşya satılmışdırsa borc ödənildikdən sonra artıq məbləğin geri tələb edilməməsi ilə bağlı məsuliyyət iddiaçının öz üzərinə düşür. Odur ki, bu hissədə iddia tələbi yalnız cavabdehin etiraf etdiyi, komputerlərin lombarda qoyulmasından sonra ona ödənilən 400 (250+150) manat həddində təmin edilməlidir. 2000 manat dəyərində olan misir qızılının və ya dəyərinin qaytarılması ilə bağlı hissədə cavabdeh etiraf etmişdir ki, həqiqətən də həmin qızıl onun tərəfindən lombarda qoyulmuş, lakin qızılın məbləği qeyd edilən kimi 2000 manat olmamış, həmin qızıl lombard tərəfindən 245 manat (əvvəl 300, qızılın qaşı çıxarıldıqdan sonra 245 manat) qiymətləndirilərək, ona yalnız 245 manat pul verilmiş, sonradan lombarda pul ödənilmədiyindən qızılı geri götürmək mümkün olmamışdır. İddiaçı tərəf isə qızılın qiymətininin 2000 manat olduğunu bildirmiş, lakin məhkəmə tərəfindən bununla bağlı sübut təqdim edilməsi təklif edilməsinə və hazırlıq iclası bir neçə dəfə təxirə salınmasına baxmayaraq heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilərək, qızılın geri qaytarılması mümkün olmadığından onun dəyərinin cavabdeh tərəfindən etiraf olunan 245 manat pul məbləği iddiaçıya qaytarılmalıdır. 1200 ABŞ dolları (2040 manat nisbətində) dəyərində brilyant sırğa və ya onun dəyərinin qaytarılmasına münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia təmin edilə bilməz. Belə ki, brilyant sırğanın cavabdeh tərəfindən götürüldüyü iş materialları ilə sübuta yetirilməmiş, cavabdeh özü isə video materialda misir qızılı ilə yanaşı brilyant sırğanın da əks olunmasına baxmayaraq, onun tərəfindən yalnız misir qızılının qəbul edildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh hesabına köçürülmüş 8418,8 manat, Cavabdeh nağd verilmiş 500 manat, komputerlərin lombarda qoyulmasından sonra cavabdehə verilmiş 400 manat, eləcə də misir qızılının dəyəri 245 manat olmaqla, ümumilikdə 9563,8 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Hesabdan çıxarışlardan və ödəniş qəbzləri ilə Nurəddin qızı tərəfindən Cavabdeh hesabına 8418,8 manat məbləğdə pul vəsaiti köçürülmüşdür; - xx.xx.2024-cü il tarixli, 562025 nömrəli girov bileti ilə İddiaçı "Dell” markalı komputeri girov qoyaraq 600 manat məbləğində pul götürmüşdür; - Nəzakət Nurəddin qızı "Asus” markalı kompüteri girov qoyaraq 825 manat məbləğində pul götürmüşdür. CD diskə əlavə edilmiş video materialda tərəflərin mübahisləndirdiyi misir qızılının və brilyant sırğanın görüntüsü əks olunmuşdur; - İddiaçı ilə cavabdeh arasında olan "whatsapp” yazışmalarından görünür ki, Cavabdeh müxtəlif vaxtlarda mesajlarda İddiaçı pul məbləğlərinin verilməsini xahiş etmiş, müəyyən mesajlarda isə məbləğləri qaytaracağını bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2419/2025 saylı qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443; Mülki Prosessual Məcəllənin 77, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi tam təmin edilmədiyi üçün iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2419/2025 saylı Qətnaməsindən narazı qalmışdır, hesab edir ki, qətnamə maddi və prosessual normalara uyğun deyil. Belə ki, məhkəmə qətnamənin “qət etdi” hissəsində iddia tələbini qismən təmin ediyini qeyd etsə də, “iddia tələbi qalan hissədə təmin edilmir” kimi nəticə də verməmişdir. Həmin hissə açıq qalmışdır. Hesab edir ki, iddia tam təmin olunmalıdır. Cavabdeh iddiaçı ilə arasında olan münasibətlərdən sui-istifadə edərək ondan 2024-cü ilin avqust ayının sonlarından 2024-cü ilin oktyabr ayının sonlarına kimi 8418,8 manat qəbz üzrə pul almışdır. 500 manat isə iddiaçı öz anası vasitəsilə əlbəəl verilmişdir. Məhkəmə iddianı bu hissədə bütünlüklə təmin etmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə düzgündür. İddiaçının cavabdehə verdiyi 800 manat pul hissəsində isə məhkəmə iddianı pulun verilməsini iddiaçının sübut edə bilməməsi əsası ilə təmin etməmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir, mesajlarda cavabdeh və iddiaçının bu barədə yazışmaları var, cavabdeh yenə də problemləri olduğunu uydurub iddiaçıdan borc pul istəyir, iddiaçı isə tanışından həmin məbləği alıb ona verir. “Asus”markalı kompüterin lombarda qoyulmasından götürülmüş 825 manat pulla bağlı məhkəmə cavabdehin etriaf etdiyi 150 manat məbləğində hissəni və “Dell” markalı kompüterin lombarda qoyulmasından götürülmüş 600 manat pulla bağlı məhkəmə cavabdehin etiraf etdiyi 250 manat məbləğində hissəni təmin etmişdir.Qalan hissəni, yəni 675 manat (825-150=675) hissəni, həmçinin həmin kompüterə görə iddiaçının hər ay ödədiyi faiz məbləği və bir dəfə ödədiyi cəriməni məhkəmə təmin etməməkdə haqlı olmamışdır. Kompüter cavabdehin iddiaçıya xahişi əsasında lombarda cavabdehin uydurduğu problemlərin həlli üçün qoyulub, cavabdeh pulu bötöv götürüb, aylıq ödənişləri isə icra etməyib. Nəticədə, iddiaçı zərər məruz qalıb, 490 manat faiz və cərimə ödəyib. Məhkəmə bu hissəni zərər kimi qəbul edib həm 490 manat məbləği və nəğd götürülmüş 825 manat pulun təmin edilməyən 675 manat hissəsini də təmin etməli idi. “Dell” markalı kompüterlə bağlı isə götürülmüş 600 manat pulun nəinki təmin edilməyən 350 manat (600-250=350) hissəsi təmin edilməli, ümumiyyətlə bu kompüter cavabdehin aylıq ödənişləri icra etmədiyi üçün satıldığı üçün kompüterin dəyəri vurulmuş maddi zərər kimi qiymətləndirilməli, cavabdehdən kömpüterin bütöv dəyəri 5000 manat tutulmalı idi. Oxşar kompüterin dəyəri barədə müvafiq sənəd məhkəməyə təqdim olunub. 2000 manat dəyəri olan misir qızılı ilə bağlı hissədə 245 manat tutulmasını təmin etmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı misir qızılının dəyəri barədə sübut təqdim edə bilmir, cavabdeh etiraf edir ki, misir qızılını iddiaçıdan alıb lamborda qoyaraq 245 manat pul alıb. Cavabdeh misir qızılını iddiaçıdan aldığını, onu lombarda qoyduğunu, aylıqları ödəmədiyi, qızılı iddiaçıya qaytarmadığı üçün bu hal da vurulmuş zərər kimi qiymətləndirilməli, iddiaçının misir qızılının dəyəri barədə sənəd təqdim edib-etməməsindən asılı olmayaraq qızılın cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilməli idi. Cavabdehin iddiçının misir qızılını 245 manat və ya hər hansı bir məbləğə lombarda qoyması həmin qızılın dəyərini əks etdirmir. 1200 ABŞ dolları (2040 manat) dəyərində brilyant qızılla bağlı məhkəmə tələbi təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh həmin sırğanı götürdüyünü etiraf etmir. Halbuki, mesajlarda və video materialda cavabdehin həmin sırğanı da lombrada qoyması üçün iddiaçıdan istədiyi əks olunur. Məhkəmə həmin hissədə tələbi təmin etməməkdə haqlı olmamışdır. Cavabdehin uydurduğu problemlərinin həlli ilə bağlı iddiaçıya etdiyi təkidli xahişlər əsasında qaytarılacağı şərti ilə cavabdehə nağd pul verilmiş, lombarda kompüterlər qoyulmuş, lombardan cavabdehə pul alınıb verilmiş, həmçinin cavabdehə qızıl əşyaları verilmiş, cavabdeh özü həmin əşyaları iddiaçının yerini bilmədiyi lombarda qoyaraq vəsait almışdır. Cavabdeh nağd aldığı pulları qaytarmamış, lombarda qoyulmuş kompüterlərin aylığını ödəməmişdir. Həmçinin, aldığı qızıl əşyalarını da əgər lombarda qoyubsa, həmin qızılların da aylıq faizlərini ödəməyərək iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh qızıl əşyaların iddiaçıdan lombarda qoyacağı adı ilə almışdır. Ancaq həqiqətən də həmin əşyaları lombarda qoyub, yaxud satıb, yaxud da həmin əşyalar üzərində başqa cür sərəncam verib. Hər bir halda iddiaçıya maddi zərər yetirib. Cavabdeh vurduğu zərərin bütün məbləği həcmində məsuliyyət daşıyır. Hazırki iş üzrə iddiaçı iddia tələbinin bütün dairəsini sübut etmişdir, verilmiş nəğd pul qəbzlərlə, mesajlarla, lombarda qoyulmuş kompüterlər lombard təşkilatlarının sənədləri ilə, qızıl əşyaları video görünütü, mesajlarla tam təsdiq olunmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X3 apellyasiya şikayətini müdafiə etmiş və qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında dostluq münasibətləri olmuş, cavabdeh hər dəfə müəyyən bəhanələr gətirməklə iddiaçıdan borc pul almışdır, hər dəfə də borc alanda bildirmişdir ki, əgər iddiaçı ona pul verməsə o, maşını satıb iddiaçıya olan borclarını ödəyə bilməyəcək. Pul köçürmələrinə dair qəbzlərin iş materiallarında mövcud olduğunu, məhkəmə qətnaməsi çıxdıqdan sonra belə, cavabdehin pulu qaytarmadığını, qarşı tərəfin iki komputeri və qızıl brilyantı qəbul etmədiyini, komputerlərdən birinin artıq lombard tərəfindən satışa qoyulduğunu, qızıl brilyantın isə harda olduğunun onlara məlum olmadığını bildirmişdir.
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. Mülki Məcəllənin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7.Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış,iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Belə ki, cavabdehin şikayət vermədiyi prosessual şəraitdə təmin edilmiş hissədə iddianın predmetinə qiymət verilməsi mümkün deyildir. Bu baxımdan, cavabdehin mübahisələndirmədiyi hissədə iddianın təmin edilməsi hissəsinə rəğmən, mübahisələndirilən hissədə mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmiş, münasibətlər mülki qanunvericilik tələblərinə riayət edilmədən qurulmuşdur.
11. Qeyd edilməlidir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.
12. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2419/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.