Məhkəmə qərarları › İş №2(103)-4019/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4019/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4019/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilkin iddiası, İddiaçı Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası barədə mülki iş üzrə (Açar sözlər: “pul tələbi, müqavilənin etibarsız hesab edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, nümayəndəsi və vəkili X4, Cavabdeh3 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-645/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X9 xx.xx.2021-ci il tarixdə reyestrdə 7E-36-4352 nömrə ilə qeydə alınmış etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, ....bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi 10 il müddətinə arvadı Cavabdeh1 etibar etmişdir.

2. Bu etibarnamə əsasında Cavabdeh1 X6 adından xx.xx.2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı kredit müqaviləsi bağladığı, müqavilədə təmsil etdiyi İddiaçı xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı 200000(iki yüz min) manat faizsiz borc aldığı göstərilir.

3. X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

4. X9 və Cavabdeh1 birgə nikahından iki övladı: Cavabdeh3 və Cavabdeh2 var.

5. X6 adına qeydiyyatdan keçmiş əmlaklar: - xx.xx.2009-cu ildən “Ford Transit” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı; - xx.xx.2015-ci il tarixdən “Ford Transit” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı; - xx.xx.2023-cü il tarixdən “Kia Carnival” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri; - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 5, 74 saylı mənzil; - Abşeron rayonu, Goradil kəndi ərazisində yerləşən 1 otaqlı bağ evi.

6. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə miras əmlak olan “Kia Carnival” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 və Cavabdeh3 hər birinə 1/6 pay verilmiş, miras əmlakının 1/6 payı açıq saxlanılmışdır. Həmin nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə miras əmlakı olan “Kia Carnival” markalı, 77- XN627 nəqliyyat vasitəsinə Cavabdeh2 1/6 pay verilmişdir. Həmin miras əmlakının 2/6 payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və sağ qalmış arvadın ½ payına ümumi birgə əmlakına dair şəhadətnamə də verilmişdir.

7. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə miras əmlakı olan “Ford Transit” markalı, 90-TR490 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh2 1/6 pay verilmişdir. Həmin miras əmlakının 2/6 payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və sağ qalmış arvadın ½ payına ümumi birgə əmlakına dair şəhadətnamə də verilmişdir.

8. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə miras əmlakı olan “Ford Transit” markalı, 90-GT468 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh2 1/6 pay verilmişdir. Həmin miras əmlakının 2/6 payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və sağ qalmış arvadın ½ payına ümumi birgə əmlakına dair şəhadətnamə də verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 185000(yüz səksən beş min) manat borcun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

10. İlkin iddiada göstərilir ki, X9 ilə arasında bağlanılan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Tofiq Abbasova 200000 manat borc pul vermiş, Tofiq Abbasov borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə X9 vəfat etmişdir. Cavabdehlər mərhumun vərəsələridir (həyat yoldaşı və iki övadı). Bu günə qədər ona yalnız 15000 manat pul qaytarılmış, qalan 185000 manat vəsait qaytarılmamışdır. Dəfələrlə cavabdehlərə müraciət edərək qalan borcu qaytarmalarını tələb etsə də, alınmış borc geri qaytarılmamış, öhdəlik icra edilməmişdir.

11. İddiaçı Cavabdeh2 isə İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddiada göstərilir kİ, atası X9 xx.xx.2023-cü ildə vəfat etmiş və cavabdehlər kimi göstərilən hər üç şəxs (həyat yoldaşı və iki övladı) onun vərəsələridir. X9 vəfat etdikdən sonra Cavabdeh1 (anası) və Cavabdeh3 (qardaşı) ona müraciət edərək miras əmlaklardan imtina etməsini təklif etmiş, lakin o, bu təkliflə razılaşmayaraq müvafiq olaraq mirasın qəbulu barədə ərizə ilə 9 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariatın apardığı araşdırma nəticəsində X6 adına 3 avtomobil, 2 daşınmaz əmlak aşkar olunmuş və avtomobillərə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ona hər üç avtomobilə ayrılıqda 2/6 hissə pay müəyyən olunmuşdur (½ hissə Cavabdeh1 ümumi birgə əmlaka dair pay tanındıqdan sonra). Qalan iki daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər Cavabdeh1 tərəfindən notariata təqdim olunmadığından, həmin hissədə müvafiq şəhadətnamə təqdim olunmamışdır. Bundan sonra Cavabdeh1 tərəfindən 16 saylı Mediasiya Təşkilatına “mirasın bölünməsi və kompensasiya verilməsi” barədə predmetlə müraciət olunmuş, ərizə ilə bağlı xx.xx.2023-cü il tarixinə ilkin mediassiya sessiyası təyin edilmiş və ona qarşı tərəfin vəkili vasitəsilə təklif etdiyi məbləğlə (11000 manat) razılaşmamışdır. Bundan sonra ona şifahi bildirmişlər ki, razılaşmazsa, atasının imza atdığı borc sənədi var, o zaman ona çatası miras əmlakından həmin borcun tutulması məsələsini qaldıracaqlar. Cavabında bildirmişdir ki, “mənim atam 2000 manat pensiya alan, kifayət qədər maliyyə vəsaiti və əmlakları olan şəxs olub, o, yaşadığı müddətdə heç kimdən borc almayıb və ala da bilməzdi. Belə bir hal olsaydı onun da xəbəri olardı”. Bütün bunlardan sonra söylədikləri kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Mülki işlə tanış olandan sonra məlum olmuşdur ki, İddiaçı iş üzrə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi adı altında bir müqaviləni iş materiallarına əlavə etmişdir. Həmin müqavilənin məzmunundan görünür ki, anası Cavabdeh1 etibarnamə əsasında atasının adından İddiaçıla kredit müqaviləsi bağlayaraq 200000 manat pulu faizsiz xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc olaraq iddiaçıdan almışdır. İş materiallarına xx.xx.2021-ci il tarixli, AR-İİ 268289 nömrəli etibarnamə də əlavə olunmuşdur. Belə güman etmək olar ki, təqdim olunan müqavilədə Cavabdeh1 atasını bu etibarnamə ilə təmsil edərək 200000 manatı onun adından borc almışdır. Müqavilədə “etibarnamə üzrə nümayəndə” göstərilsə də, etibarnamə barədə həmin müqavilədə heç bir məlumat, eyni zamanda həmin şəxsin (Cavabdeh1) şəxsiyyət məlumatları qeyd olunmamışdır. Həmin etibarnaməni dəqiq şəkildə oxuyarkən aydın olur ki, etibar edən şəxs (Tofiq Abbasov) etibar edilənə (Cavabdeh1) onun adından borc almaq səlahiyyəti verməmişdir. Yenə də vacib olaraq vurğulayaq ki, etibarnamədə etibar edən şəxs demək olar ki, bütün səlahiyyətləri açıq-aydın etibar etdiyini (alqı-satqı, dəyişmə, bağışlama, bağışlamanı qəbul etmə və s. bu kimi saysız hesabsız səlahiyyətləri) ifadə etmişdir. Əgər etibar edən Tofiq Abbasov həqiqətən borc götürməyə ehtiyacı, niyyəti olsaydı və bu cür müqavilə bağlamağa şəxsən imkanı olmasaydı, o zaman bu qədər saysız hesabsız səlahiyyətlərin arasında onun adından borc ala bilmək səlahiyyəti də yazılmış olardı. X11 Təhlükəsizlik Xidmətinin yüksək rütbəli əməkdaşı olub, həmin orqandan pensiyaya çıxıb və kifayət qədər yüksək pensiya alan şəxs olub. Həmin müddətdə heç bir səbəb olmadan həyat yoldaşının onun adından etibarnamə ilə borc götürməsi mümkün deyil. Onun belə bir borca ehtiyacı olmuş olsaydı belə (hansı ki, bütün həyatı boyunca belə bir ehtiycı olmayıb) bu borcu tanıdığı insandan özü almış olardı. Onun xarakteri və sahib olduğu maddi vəziyyəti belə bir borcun alınmasına uyğun olmadığı və etibarnamə üzrə bu cür səlahiyyətə sahib olmadığı halda Cavabdeh1 atasının adından belə bir müqavilə bağlaması mümkün deyil. Ümumiyyətlə, 200000 manat məbləğində borc verən şəxs (iddiaçı) bunun niyə başqa şəxsin adından alındığından ehtiyyatlanmalı, bu cür müqaviləni daha ciddi bağlamalı, verilmiş etibarnamədə bu cür borc götürə bilmək səlahiyyətinin ifadə olunmasında cox maraqlı olmalı idi. İddiaçı sanki, 200000 manat məbləğindən bezmiş, ona bu məbləğ artıqlıq etmiş, bu puldan canını qurtarmaq üçün bu müqaviləni bağlamışdır. İş materiallarına əlavə olunmuş bu müqavilə heç bir əhəmiyyət kəsb etmir. Cavabdeh1 hazırkı məhkəmə araşdırmasında bu pulu iddiaçıdan aldığını qəbul edəcəyi halda, müqavilə iddiaçıya bu məbləği yalnız ondan tələb edə bilmək hüququ verə bilər. Bu müqavilənin atası Tofiqin sağlığında bağlanmış olması inandırıcı deyildir. Bu müqaviləni formal-yəni onu miras əmlakdan məhrum etmək üçün düşünülmüş, uydurma bir müqavilə hesab etsə də bu hissədə geniş mülahizələrə ehtiyac olmadığı qənaətindədir. Çünki qeyd etdiyi kimi müqavilə Cavabdeh1 tərəfindən atasının adından bağlansa da, buna səlahiyyətli olmamışdır. Mübahisəsiz şəkildə görünür ki, atasının Cavabdeh1 verdiyi etibarnamədə iddiaçı ilə borc müqaviləsi (kredit müqaviləsi) bağlamaq kimi bir iradə ifadəsi mövcud olmamışdır. Həmin etibarnamədə iddiaçıya münasibətdə borc (kredit) müqaviləsi bağlamağa dair səlahiyyətlər əks olunmamışdır. X9 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında, özünə məxsus bütün əmlakını idarə etməyi və bununla bağlı bir cox səlahiyyətləri həyat yoldaşı Cavabdeh1 etibar etmiş, lakin, Cavabdeh1 həmin etibarnamə əsasında buna səlahiyyətli olmadığı halda onun adından iddiaçıdan borc götürmüşdür. Bəllidir ki, Tofiq Abbasov həyat yoldaşına həmin etibarnaməni verərkən sadaladığı kifayət qədər çeşidli səlahiyyətlərin içərisində olmadığı üçün borc götürmək kimi bir iradə ifadəsi, istəyi və niyyəti olmamış və müvafiq səlahiyyəti olmayan Cavabdeh1 Mustafaqulu qızının onun adından iddiaçı ilə bağladığı kredit (borc) müqaviləsi onun iradə ifadəsinin təzahürü hesab oluna bilməz. Cavabdeh1 etibarnamə ilə atasının adından iddiaçıdan borc götürə bilmək səlahiyyətinə lazımi şəkildə sahib olmuş olsaydı belə, o zaman belə bir müqavilə üzrə aldığı pulu təmsil etdiyi şəxsə vermiş olduğunu sübut etmə yükü də daşımış olardı. Lakin belə bir səlahiyyətə sahib olmadan bu cür borcu əldə etdiyi üçün qeyd etdiyi hissənin araşdırılmasına zərurət qalmır. Bu səbəbdən ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması xahiş olunmuşdur.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-645/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) ilkin iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia tələbinin isə təmin edilərək X6 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması; ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid olunması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 X6 həyat yoldaşı, Cavabdeh3 və Cavabdeh2 isə onların nikahlarından doğulmuş övladlarıdırlar. Tofiq Abbasov xx.xx.2021ci il tarixdə arvadı Cavabdeh1 reyestrdə 7E-36-4352 nömrə ilə qeydə alınmış etibarnamə vermiş, həmin etibarnamə əsasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, ....bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi 10 il müddətinə Cavabdeh1 etibar etmişdir. X6 adından həmin etibarnamə əsasında hərəkət edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı kredit müqaviləsi bağlamış, müqaviləyə görə, 200000 manat pulu faizsiz olaraq xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc almışdır. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sözügedən kredit müqaviləsinin sonuncu səhifəsində əl yazısı ilə qeyd aparılmış, xx.xx.2023-cü il tarixdə Asifdən 15000 manat alındığı və 185000 manat borc qaldığı göstərilmişdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İlkin iddiaçı, Cavabdeh1 mərhum həyat yoldaşı Tofiq Abbasovun ondan 200000 manat borc aldığını, borcun 15000 manatının onun vərəsəsi tərəfindən qaytarıldığını, 185000 manatının isə qaytarılmadığını irəli sürmüş, qarşılıqlı iddiaçı isə müvafiq borc müqaviləsinin uydurma olduğunu iddia etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Bu kontekstdə məhkəmə qeyd edib ki, mübahisənin düzgün həlli üçün ilk növbədə qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərə qiymət verilməli, bundan sonra isə ilkin iddia tələbi üzrə müvafiq nəticəyə gəlinməlidir. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Borc müqaviləsi, borc verənin borc alana konkret pul məbləğini borc verməsi ilə reallaşan əqddir; hər hansı başqa əqdi, yaxud münasibəti pərdələmək məqsədilə bağlandıqda isə belə müqaviləni etibarlı hesab etmək qanunvericinin iradəsinə uyğun deyildir. Başqa sözlə, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Real müqavilənin əsasını real hərəkət - əşyanın, konkret halda pulun verilməsi təşkil edir və tərəflər arasında müvafiq mülki hüquq münasibətlərinin yaranması üçün hüquqi fakt baş verməlidir. Hüuqi fakt olmadan hüquq münasibəti yarana, dəyişdirilə və ya onlara xitam verilə bilməz. İşdən müəyyən olunur ki, mərhum Tofiq Abbasov arvadı Cavabdeh1 etibarnaməni özünün üçüncü şəxslər qarşısında təmsil edilməsi məqsədilə vermiş, etibarnamədə təmsil olunan üçün borc almaq səlahiyyəti göstərilməmişdir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İlkin iddiaçı Tofiq Abbasovla yaxın dostluq münasibətində olduğunu, ehtiyacı olduğu üçün Tofiqin ondan borc pul istədiyini, həmin pulu aparıb evində ona verdiyini bildirsə də, bu cür dost münasibətində olduqları və borc pulu evində şəxsən Tofiqə verdiyi halda müqavilənin nə səbəbdən arvadının adından bağladığı barədə dəfələrlə təkrarlanan suallara cavab verə bilməmişdir. Bununla bağlı borcu aldığını etiraf edən Cavabdeh1 nümayəndəsi isə izahatlarında bildirmişdir ki, həmin vaxtlar Tofiq Abbasov xəstə olduğu üçün müqaviləni Cavabdeh1 bağlamış və borcu o, götürmüşdür. Kifayət qədər yüksək məbləğdə borc verildyi halda, müqaviləni niyə notarial qaydada bağlamadığı barədə suala ilkin iddiaçı tərəf belə cavab vermişdir ki, dost münasibətində olduqları üçün buna ehtiyac olmamışdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlardan məlum olmuşdur ki, Tofiq Abbasov yüksək məbləğdə əmək pensiyası almış, 3 nəqliyyat vasitəsinə, 1 yaşayış evinə, 1 bağ evinə sahib olmuşdur. Yəni, ilkin iddiaçının və Cavabdeh1 izahatlarında bildirdiyi kimi borc almağa ehtiyaclı şəxs olmamışdır. İş materiallarından həmçinin məlum olur ki, iddiaçının (borc verənin) adına kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən başqa hər hansı bir daşınmaz və daşınar əmlak qeydiyyatı yoxdur. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı 200000 manat pulun Tofiq Abbasova konkret olaraq hansı məqsəd üçün lazım olduğu barədə məlumatı nə ilkin iddiaçıdan, nə də Cavabdeh1 nümayəndəsindən əldə etmək mümkün olmamışdır. Qarşılıqlı iddiaçı izahatlarında bildirmişdir ki, ilkin iddiaçı, Tofiq Abbasovun deyil, oğlu (cavabdeh) Cavabdeh3 dostu olmuş və aralarında hansısa iş münasibəti olmuşdur. Qarşılıqlı iddia ərizəsində də qeyd etmişdir ki, 16 saylı X3 Abbasovanın ona qarşı “mirasın bölünməsi və kompensasiya verilməsi” barədə predmetlə bağlı xx.xx.2023-cü il tarixinə ilkin mediassiya sessiyası təyin olunmuş və o, qarşı tərəfin vəkili vasitəsilə təklif edilən məbləğlə (11000 manat) razılaşmamışdır. Bundan sonra ona şifahi bildirmişlər ki, razılaşmazsa, atasının imza atdığı borc sənədi var, o zaman ona çatası miras əmlakından həmin borcun tutulması məsələsini qaldıracaqlar. Məhkəmə hesab edib ki, qarşılıqlı iddiaçının, hazırkı iddianın anası Cavabdeh1 və qardaşı Cavabdeh3 şərtləri ilə razılaşmadığı üçün irəli sürüldüyü, atasının sağlığında belə bir müqavilənin bağlanmadığı barədə verdiyi izahatlar həm işin faktiki hallarına, həm də mövcud münasibətlərin məntiqi ardıcıllığına tam olaraq uyğun gəlir. Qarşı tərəfin, ilkin iddiaçının Tofiq Abbasova borc verə biləcəyini, Tofiqin ondan borc ala biləcəyini əsaslandıra biləcək heç bir tutarlı dəlili mövcud deyildir. Yeganə dəlil kimi dost münasibətlərində olmasından çıxış edərək bu məqsədlə 200000 manat məbləğində pulu (etibarnamədə səlahiyyət göstərilmədiyi, müqavilə notarial qaydada təsdiqlənmədiyi, heç bir təminat olmadığı halda) borc verdiyini desə və Cavabdeh1 bunu formal olaraq təsdiq etsə də, iş materiallarında sadalanan hallar bunu istisna edir və bu məntiqli görünə bilməz. İşin qeyd olunan hallarını ağlabatan mühakimə əsasında təhlil edən məhkəmə hesab edib ki, kredit müqaviləsinin Tofiq Abbasovun sağlığında bağlanmadığı, həmin müqavilənin məhz qarşılıqlı iddiaçını miras əmlakla bağlı iddiasından çəkindirmək məqsədilə sonradan tərtib edildiyi, yəni uydurma əqd olduğu qənaətinə gəlmək mümkündür. Bu qənaət isə ilkin iddiaçının borc münasibətinin mövcudluğu ilə bağlı arqumentini inandırıcı hesab etməyə imkan vermir və həm də belə bir fikir formalaşdırır ki, ilkin iddiaçı ilə Cavabdeh1 təmsil etdiyi Tofiq Abbasov arasında birinin digərinə borc verməsi barədə iradə və onun bildirilməsi vahidliyi mövcud olmamış, qanunvericinin borc müqaviləsinin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt - borc verən tərəfindən borc alanın mülkiyyətinə pulun keçirilməsi - reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər; Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən isə, uydurma əqd əhəmiyyətsizdir. İlkin iddiaçının istinad etdiyi müqavilənin uydurma olması qənaəti isə Cavabdeh1 ilkin iddia tələbini etiraf etməsinin qəbul olunmamasını zəruri edir; belə ki, bu etiraf qarşılıqlı iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulmasına yönəlmişdir. Xüsusilə qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz; bu baxımdan Cavabdeh1 etirafının hər hansı hüquqi nəticə doğurması mümkün deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Cavabdeh1 mərhum Tofiq Abbasovun vərəsələrindən biri olmaqla onun kreditorları qarşısında birgə borclu kimi məsuliyyət daşıyır - onun ilkin iddianı etirafı bu baxımdan da qarşılqılı iddiaçının mənafeyinə toxunur. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Oxşar mövqe X8 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Şərh olunanları ümumiləşdirən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun müvafiq tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Gəldiyi qənaətin məntiqi davamı olaraq məhkəmə, ilkin iddia tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparmağa zərurət hesab etməyərək özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Məhkəmə onu da qeyd edir ki, hər nə qədər qanunvericilikdə əqd etibarsız olduqda, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisələndirilən borc müqaviləsinin formal (görünüş üçün) bağlandığı, müqavilə bağlanarkən borc verənin (ilkin iddiaçının) hər hansı pul vəsaiti vermədiyi müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə ilkin iddiaçıya izah edir ki, əgər o, Cavabdeh1 pul verdiyini iddia edirsə, həmin vəsaitin geri qaytarılması barədə ümumi əsaslarla ona qarşı iddia qaldırmaq hüququna sahibdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. İlkin iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin ddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərib ki, 07 aprel 2021-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən X1 Rasim Cavanşir oğlundan 200 000 (ikiyüzmin) manat məbləğində borc pul almışdır. Xəstəliyi ilə bağlı əməliyyat olunmaq üçün müalicə müəssisəsində olduğundan X6 adından həmin kredit müqaviləsini xx.xx.2021-ci il tarixli reyestrdə 7E-36-4352 nömrə ilə qeydə alınmış AR-İİ № 268289 nömrəli etibarnamə əsasında hərəkət edən arvadı Cavabdeh1 imzalamışdır. (Epikriz apellyasiya şikayətinə əlavə olunur). Borc məbləği 20 (iyirmi) ay müddətinə verilmişdir və X9 07 dekabr 2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan tarixədək borc məbləği X9 tərəfindən qaytarılmamışdır. Qarşılıqlı iddia ərizəsində qeyd olunanlar isə həqiqəti əks etdirmir. Belə ki, etibarnamədə bütün əqdlər imzalamaq səlahiyyəti verilməsi ilə yanaşı pul məbləğinin alınması, adından imza etməsi səlahiyyətləri də verilmişdir. Həmçinin şəxsin yüksək məbləğdə pensiya alması onun borc almayacağını əminliklə deməyə əsas deyildir. X9 xx.xx.2021.-xx.xx.2021 tarixlərdə xəstəliyi ilə bağlı müalicə müəssisəsində (MEDERA HOSPİTALs)tasionar müalicədə əməliyyat olduğu üçün onun adından həmin etibarnamə əsasında hərəkət edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı kredit müqaviləsi bağlamış, müqaviləyə görə, 200000 manat pulu faizsiz olaraq xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc almışdır. Cavabdehlər qanun üzrə birinci dərəcəli vərəsə kimi xx.xx.2023-cü il tarixli iki “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışlar. Odur ki, onlar miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə isə ilkin iddia tələbini rədd etməklə qanunun tələbini pozmuşdur. Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən pul vəsaitinin qaytarılmaq şərti ilə borca verilməsi barədə müqavilə bağlanılmış, borc alan da aldığı pulu müqavilə ilə müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasındakı borc müqaviləsi yazılı formada bağlanılmışdır. Müqavilə tərəfindən biri üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyinə baxmayaraq, məhkəmə Mülki Məcəllənin 442-ci maddəsinin tələbini pozmuş, düzgün tətbiq etməmişdir. Borc məbləği miras qoyana verilmiş, onun tərəfindən sağlığında qaytarılmadığı üçün, onun vərəsələri cavabdehlər həmin borcun qaytarılmamasına görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Məhkəmə isə Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbini pozmuşdur. İş üzrə cavabdehlər öhdəliyin icrasından birtərəfli qaydada imtina etdikləri üçün məhkəmə Mülki Məcəlləsinin 430.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən tərəflərin təqdim etdikləri sübutlardan deyil, qeyri-obyektiv mülahizələrdən istifadə etmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi.

17. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X5 ayrı-ayrılıqda iddiaçının apellyasiya şikayətinə və onun təmin olunmasına etiraz etmədilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi üçün əsas ola bilməz.

22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

24. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

25. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

26. Əvvəla, ilkin iddanın faktiki əsası (faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddianın isə əksinə, faktiki əsası (faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərdən Cavabdeh2 etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından ilkin iddia haqlı sayılmır, əksinə qarşılıqlı iddianın faktiki halları etibarsızlıqla bağlı normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik qarşılıqlı iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından qarşılıqlı iddia haqlı sayılır.

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında göstərildi ki,... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. ...Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hər iki iddia üzrə apardığı hüququi dəyərləndirmə geniş, hərtərəfli və həqiqi hüquq münasibətlərinə uyğun olduğundan gəldiyi nəticə də düzgün olmuşdur. Buna baxmayaraq ilkin iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni tam mübahisələndirir, yəni ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını arzulayır. Bununla əlaqədar dəlillərini şikayətində göstərmişdir. Məhkəmə tərkibi də həmin dəlillər və ümumiyyətlə hər iki iddia ilə bağlı qısa hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Belə ki, məhkəmə tərkibi də hesab edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi” görünüş üçün bağlanan uydurma əqddir. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. 31.Hazırki iş üzrə də İddiaçı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi” üzrə “təmsilçi” vasitəsilə “müqavilənin tərəfi olmuş” Tofiq Abbasovun vərəsəsi kimi arvadından və iki övladından pul tələb edir, bunlardan arvadı Cavabdeh1 və oğlu Cavabdeh3 iddianı etiraf və qəbul edir, qızı Cavabdeh2 isə iddianı nəinki etiraf etmir, üstəlik qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək faktiki olaraq “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi”nin əhəmiyyətsizliyinin təsbit olunmasını istəyib və məhkəmə də haqlı olaraq onun bu istəyini təmin edib. Cavabdeh2 mirasqoyan Tofiq Abbasovun qızı və vərəsəsi olduğundan bu cür təsbit iddiasını irəli sürmək üçün subyektiv hüququ olmuşdur. Çünki vərəsə kimi əldə etdiyi miras aktivi həcmində miras qoyanın həqiqi kreditorları qarşısında məsuliyyət daşıyır(MM.m.1306.1).Bu mənada bu cür mahiyyətcə təsbit iddiası olan qarşılıqlı iddianı irəli sürməsi hüquqi marağına və mənafeyinə uyğun olmuşdur. Çünki işdən açıq-aşkar bəlli olur ki, mirasqoyanın digər vərəsələri olan anası və qardaşı hüquqdan pis niyyətlə suiistifadə edərək vərəsə kimi onun hüquq və mənafeyinə zidd hallara yol verərək qanunla nəzərdə tutulmuş qaydada və həcmdə miras əmlak əldə etməkdən onun məhrum etməyə çalışırlar. 32.Məhz buna görə də “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi”nin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu sonradan bağlamaqla tərəflər (İddiaçı və Tofiq Abbasovun adından Cavabdeh1) başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək. Əksinə, həmin müqaviləni bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi həm birinci, həm də apellyasiya baxışı zamanı açıq-aşkar təsdiq olundu. İddiaçı Tofiq Abbasovun müalicə müəssisəsində olduğu üçün kredit müqaviləsini onun arvadı ilə bağladığını qeyd etsə də bu dəlil inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara da uyğun gəlmir. Əksinə Cavabdeh2 göstərdiyi dəlillər işin həqiqi hallarına uyğun olmaqla ilkin iddiaçının, Cavabdeh1 və Cavabdeh3 hüquqdan pis niyyətlə sui istifadə edərək qanunsuz olaraq ona zərər vurmağa çalışdıqlarını təsdiq edir. Belə olmasaydı, onlar iddianı qəsdən etiraf etməzdilər. İddianı bu cür qəbul edirdilərsə “borcu” qaytarmağa da onlara hansısa maneə yox idi.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilkin iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdlər, hüquqdan pis niyyətlə suiistifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

34. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-645/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-645/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar