Məhkəmə qərarları › İş №2(103)-4020/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4020/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4020/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi (atası) X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin nikahından 18 may 2011-ci ildə Cavabdeh doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1583/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-5625/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən olunması qət edilmişdir. Cavabdeh 3-cü qrup ümumi xəstəliyə görə 150 manat pensiya alır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1583/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsi ilə 193 (bir yüz doxsan üç manat) manat məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 1000 (bir min) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1604/24 saylı iş üzrə 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1583/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun Dövlət büdcəsinin xeyrinə, 50 (əlli) manat mediasiya xərcinin isə iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması müəyyən edilməsə də uşaqlar üçün hazırkı müddətə minimum yaşayış həddi artırıldığından iddia tələbi qismən təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1-ci maddələrinə və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3-cü dərəcə əlildir. Pensiyasının çox hissəsi müalicəyə, evlilik dövründə alınmış kredit borcunun ödənilməsinə və gündəlik yaşamaq üçün xərclərə sərf olunur. Xəstəliyi ilə əlaqədar ağır fiziki işlər də görə bilmir. Adımda hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. İddiaçı isə tam sağlamdır, uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğuna görə qarşı tərəf də işləyərək uşaqların saxlanılmasında köməklik edə bilər. Eyni zamanda ikinci dəfə ailə həyatı qurub və həmin nikahdan 2 azyaşlı övladı vardır, özü psixi pozğunluq xəstəliyindən əziyyət çəkir və səhhətinə görə fiziki işlərlə məşğul ola bilmir, həmçinin həyat yoldaşı da azyaşlı uşaqlara baxır. Ona görə də hesab edir ki, alimentin miqdarı artırılaraq ondan hər ay 235 manat sabit pul məbləğində aliment tutularsa digər uşaqlarının və ailənin saxlanılmasında maddi məhrumiyyətlər yaranacaqdır. İndiki yaşayış tərzinə və vəziyyətinə görə iddiaçıya cavabdehin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

13. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 193 manatdan 235 manata artırmışdır.

18. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar alimentin miqdarının artırılmasını istisna etmir. Çünki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşağın saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir.

19. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 09 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar