Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4023/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-719/2021 saylı, 02 fevral 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07.12.2006-cı il təvəllüdlü X7 və 02.12.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğindı aliment və uşaqların müalicəsi ilə əlaqədar hər uşağa görə hər ay 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat pulun əlavə xərc qismində iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-719/2021 saylı, 02 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 07.12.2006-cı il təvəllüdlü X7 və 02.12.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iyi yüz səksən) manat sabit pul məbləğində aliment və 02.02.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək hər ay müalicə xərcləri üçün əlavə 100 (yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəliləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, onun səhhəti ilə bağlı ciddi problemləri var, müalicə ala bilmir, ikinci dəfə ailə qurub və həmin nikahdan da iki uşağı var, bu baxımdan maddi sıxıntıları var və qət olunan alimenti ödəmək iqtidarında deyil. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi L.Hüseynova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 07.12.2006-cı il təvəllüdlü X7 və 02.12.2007-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Ağcabədi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(017)-1287/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 07 dekabr 2006-cı il tarixdə anadan olmuş X7 və 02 dekabr 2007-ci İl tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(017)- 148/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, 07 dekabr 2006-cı İl tarixdə anadan olmuş X2 və 02 dekabr 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Qrban oğlunun qazancından hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 17 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində əmək müqaviləsi qeydə alınmamışdır. “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 02.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasında “Xr.Hepatit-C virus, qaraciyər serrozu” diaqnozu ilə ambulator müalicə alır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağcabədi rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 25.11.2020-ci il tarixli arayışdan görünür ki, X6 və X5 hal-hazırda Ü.Hacıbəyov adına şəhər 7 nömrəli tam orta məktəbinin 8B sinifində təhsil alırlar. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə rayon məhkəməsi işin hallarını, o cümlədən cavabdehin səhhəti və maddi vəziyyətini nəzərə almaqla iddianı qismən təmin edərək, yəni 07.12.2006-cı il təvəllüdlü X7 və 02.12.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iyi yüz səksən) manat sabit pul məbləğində aliment və 02.02.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək hər ay müalicə xərcləri üçün əlavə 100 (yüz) manat məbləğində pulun tutularaq iddiaçıya tutulmasını qət edərək hazırkı iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq qəbul etdiyi qətnamə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-719/2021 saylı, 02 fevral 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4023/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4023/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver