Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4029/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-1410/2018 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə cavabdehlərdən 38.301,55 manat əsas, 11.935,85 manat hesablanmış faiz, 9.671,11 manat hər gecikdirilmiş günə görə cərimə və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 59.938,84 manat məbləğində borcun QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC ilə cavabdeh “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 23943/01 saylı kredit müqaviləsinə əsasən MMC-yə 18 ay müddətinə illik 18 faiz ödənilmək şərtilə 50000 manat kredit verilmiş, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2016-cı il tarixdə “X1 Azərbaycan” QSC ilə digər borclu Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan MMC kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)- 1410/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək qaydada “X1 Azərbaycan” QSC-nin xeyrinə xx xxxxxx 2016-cı il tarixli 23943/01 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 38.301,55 manat, faiz borcu qismində 10.269,74 manat və dəbbə pulu 700 manat, cəmi 49.271,29 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək alınmış ekspert rəyinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların (nümayəndələrin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının “iddia tələbinin həcminin artırılması barədə ərizəsi” nəzərə alınmamışdır (qiymət verilməmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, “X1 Azərbaycan” QSC-nin “Gəncə” filialı ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 23943/01 nömrəli kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxxxxx” MMC-yə “X1 Azərbaycan” QSC-nin “Gəncə” filialı tərəfindən illik 18% hesablanmaqla 18 ay müddətinə 50000 manat məbləğində kredit verilmiş, borcalan isə müəyyən olunmuş müddətdə və qaydada onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Son ödəniş tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. “X1 Azərbaycan” QSC-nin “Gəncə” filialı ilə borcalan “xxxxxxxxxxxxxx” MMC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bank ilə borcalan “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan “xxxxxxxxxxxxxx” MMC ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2017-ci tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-nin kredit müqaviləsi üzrə banka olan əsas borcu 38.301,55 manat, faiz borcu 10,269,74 manat, cərimə pulu 7,635,07 manat, cəmi borc 56,206,36 manat təşkil edir. xx.xx.2018-ci tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-nin kredit müqaviləsi üzrə banka olan əsas borcu 38.301,55 manat, faiz borcu 11.935,85 manat, cərimə pulu 9.671,44 manat, cəmi borc 59,908,84 manat təşkil edir. xx.xx.2016-cı il tarixli bildirişdən (pretenziyadan) görünür ki, “xxxxxxxxxxxxxx” MMCyə “X1 Azərbaycan” QSC-yə olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdeh “xxxxxxxxxxxxxx” MMC üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 38.301,55 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Göründüyü kimi, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Maliyyə arayışından müəyyən edilir ki, müqavilə müddəti daxilində cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-ci il tarixdə edilmiş, həmin tarixə cavabdehin ödədiyi ümumi əsas borc məbləği 10.058,22 manat olmuş, əsas məbləğ üzrə 39.941,78 (50.000-10.058,22) manat borc qalmışdır. Müqavilə müddəti bitdikdən sonra isə cavabdeh xx.xx.2017-ci il tarixdə 3.000 manat ödəniş etmiş, onun 1.640,23 manatı əsas borc məbləğindən silinmiş və beləliklə, cavabdehin əsas borc üzrə 38.301,55 (39.941.78- 1.640.23) manat borcu qalmışdır. Odur ki, Kollegiya hesab edir ki, əsas borc məbləğinə aid hissədə iddia tələbi əsaslıdır. İddia tələbinin faiz borcuna aid hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə müqavilə müddəti daxilində sonuncu ödəniş xx.xx.2016ci il tarixdə edilmişdir. Həmin vaxta əsas borc məbləği olan 39.941,78 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 19,97089 manat (39.941,78x18%/360=19,97089), həmin faizlərin hesablanmalı olduğu müddət isə 337 gün, yəni müqavilə müddəti daxilində sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 6730,18 manat (19,97089x337) təşkil edir. Göründüyü kimi müqavilə müddətinin sonuna (xx.xx.2017-ci il tarixə) 6730,18 manat faiz borcu olmuşdur. Borcalan tərəfindən xx.xx.2017-ci il tarixdə edilmiş 3.000 manat ödənişin 765.83 manatı faiz borcuna silinmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcu 5964,35 manat (6730,18-765.83) məbləğində müəyyən edilməlidir. Bundan başqa Kollegiya qeyd edir ki, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmalıdır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırki iş üzrə isə pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Göründüyü kimi, müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, bundan sonra borclu tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmişdir. Belə olan halda sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixədək olan əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 5,547 manat (39.941,78x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 42 gün, yəni müqavilə müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 232,99 manat təşkil edir (5,547x42). xx.xx.2017-ci il tarixdə borclu tərəfindən 3.000 manat ödəniş edilmiş, onun 1.640,23 manatı əsas borc məbləğindən silinmiş və 38.301,55 manat əsas borc qalmışdır. Həmin vaxta əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 5,3196 manat (38.301,55x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 201 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixdən sonuncu maliyyə arayışının təqdim edildiyi xx.xx.2018-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 1.069,23 manat təşkil edir (5,3196x201). Belə olan halda, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmaqla 1.302,22 (232,99+1.069,23) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, Kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, hesab edir ki, cavabdehlərdən 200 manat məbləğində dəbbə pulunun tutulması yetərli, qanuni və ədalətli sayılmalıdır. Kollegiya Cavabdeh2 ekspertizanın keçirilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, borc məbləğini yuxarıda göstərilən qaydada aydın şəkildə hesablamaq mümkün olduğundan xüsusi bilik tələb olunmur və belə olan halda hazırki iş üzrə kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına hər hansı zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək qaydada 38.301,55 manat məbləğində əsas borc, müqavilə müddəti üçün 5.964,35 manat faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanan 1.302,22 manat faiz borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 45.768,12 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-4029/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4029/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver