Məhkəmə qərarları › İş №2(103)-4029/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4029/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4029/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «pul, podrat münasibətləri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil1 Bəxtiyar oğlunun iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli, 25 saylı müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Xətai rayonu Ağ Şəhər Babək Rayonunda inşa edilən 7 mərtəbəli 9 girişli binada yerləşən mənzili (ərazi BE-008, BE-009, BE-010, blok 2, mərtəbə 6, sahəsi 143,11 m2 olan 25 nömrəli 3 otaqlı) "xxxx" MTK-dan almışdır.

2. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı T.Ağamirovun toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 37.304 manatın, ödənilmiş 210 manat dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 500 manat olmaqla, cəmi 38.014 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Ağ Şəhər "xxxx" MTK tərəfindən inşa edilən Mərkəzi Park kvartalı Pilot BE-008, 009, 010 ərazisində yerləşən binadan sahəsi 143,11 m2 olan 25 nömrəli, 3 otaqlı mənzili 28 sentyabr 2018-ci il tarixli 25 saylı müqavilə əsasında almışdır. Sözügedən mənzilin təmir edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həvalə edilmişdir. Mənzilin təmir edilməsi üçün İddiaçı tərəfindən 2020-2021-ci illər ərzində müxtəlif vaxtlarda qaynı İlham Əfəndiyev vasitəsi ilə ümumilikdə 160.000 manat vəsait göndərilmişdir. Görülən təmir işlərinin uzanması ilə əlaqədar olaraq İddiaçı cavabdehlərin gördüyü işi yoxlamaq məqsədi ilə Azərbaycana gəlmişdir. İddiaçı Hollandiya Krallığında yaşayır. Təmir işlərini yoxlayarkən, təmirin və mətbəx mebelinin onun istədiyi keyfiyyətdə və ödədiyi məbləğə uyğun olmadığını müəyyən etmişdir. Bu barədə cavabdehlərdən maraqlandıqda, sonuncular iddiaçıdan 20.000 manat əlavə pul tələb etmişlər. Yuxarıda qeyd olunan hallardan sonra iddiaçı tərəfindən mal material alınan şirkətlərdən tikinti materiallarının satış qiymətləri öyrənildikdə, qaimələrdə şişirdilmiş qiymətlərin yazıldığını, qaimələrdə qeyd olunan malların cavabdehlərə satılmadığı aşkar edilmişdir. İddiaçı tərəfindən Xətai Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Aparılmış araşdırma nəticəsində həqiqətən cavabdehlərin müxtəlif vaxtlarda İddiaçı tərəfindən onlara ümumilikdə 160.000 manat vəsaitin göndərildiyini, daha sonra həmin məbləğdən 5.000 manat vəsaitin İddiaçı geri qaytardıqlarını izahatlarında bildirmişlər. Xətai RPİ-nin 16 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd olunur ki, təmir aparılmış 25 nömrəli mənzildə təmir işlərinin və mebellərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspertizanın 15 noyabr 2021-ci il tarixli 513/514 saylı rəyindən müəyyən olunur ki, sözügedən mənzildə aparılmış təmir natamam olmuş və təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyəri 124.834 manat təşkil etmişdir. Həmçinin, iddiaçı tərəfindən mənzildə görülən təmir işlərinin və quraşdırılan mebellərin real dəyərini müəyyən etmək üçün daha bir müstəqil ekspertiza mərkəzinə- «X3» MMC-yə müraciət edilmişdir. Həmin ekspertiza mərkəzinin təqdim etdiyi 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyində sözügedən mənzilin təmirinə sərf olunmuş vəsaitin həcmi (xidmət haqqı və materiallar daxil olmaqla), təmir işlərinin aparıldığı dövrdə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 117.696 manat müəyyən edilmişdir. Eyni zamanda, rəydə mətbəx və yataq otaqlarında quraşdırılmış mebel dəstlərinin üst səthlərində rəng seçilməsi, döşəmədəki parket təbəqələrinin birləşmə hissələrinin bəzi yerlərdə keyfiyyətsiz aparılması qeyd olunmuşdur. Qeyd olunan məqamlardan görünür ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia tələbinin qismən təmin edilərək 36.520 manat 70 qəpik pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 199 manat 56 qəpik hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulması; aparılmış tədqiqatın dəyəri olan 270 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh2 mənzilini təmir etdirmək istəyən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə tanış etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzili iddiaçının zövq və tələblərinə uyğun şəkildə təmir və avadanlıqla (mebellə) təchiz etməyi öhdələrinə götürmüş, onlara həvalə edilən işlərin görülməsi üçün 160.000 manat pul vəsaitinə ehtiyac olduğunu bildirmiş, iddiaçı mənzilin təmir edilməsi üçün öz yaxını vasitəsi ilə 160.000 manat pul vəsaiti göndərmiş, həmin pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 təqdim olunmuş, sonuncular mənzildə cəmi 118.479 manat 30 qəpik dəyərində iş görmüş, qalan pul vəsaitini isə özlərində saxlayaraq əsassız varlanmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin pul vəsaitinin yalnız 5.000 manatını iddiaçıya qaytarmış və iddiaçıya münasibətdə 36.520 manat 70 qəpik (160.000 manat – 118.479 manat 30 qəpik – 5.000 manat = 36.520 manat 70 qəpik) həddində əsassız varlanmaya yol vermişlər. Bundan başqa, görülən işlərin bir qismi qüsurla görülmüşdür.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

7. Qətnamədən cavabdehlər Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil1) və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

8. Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil1) qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş edərək şikayətində göstərir ki, iddiaçı evin təmiri tam hazır olduqdan sonra iddia edərək bildirmişdir ki, guya verilmiş pul vəsaiti bütünlüklə evin təmirinə xərclənməmişdir. İddiaçı ilk öncə hazırkı mübahisə ilə bağlı polis orqanlarına müraciət etmiş, lakin hazırkı mübahisə mülki münasibətləri əhatə etdiyindən məhkəməyə iddia ərizəsi vermişdir. Qaradağ rayon məhkəməsində hazırkı mübahisə üzrə 2 ilə yaxın müddətdə kifayət qədər geniş araşdırılma aparılsa da, məhkəmə iş üzrə əldə edilmiş kifayət qədər mötəbər sübutlara əhəmiyyət verməyərək qanuni olmayan ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş sübutların ardıcıllığı aşağıda qeyd edilmiş şəkildədir:  İddiaçı tərəfindən iddia tələbinin əsasını təqdim edən Xətai Rayon Polis İdarəsinə ünvanlamış olduğu ərizəsinə baxılan zaman mənzilə cavabdelər tərəfindən sərf olunan işlərin ümumi dəyəri barəsində müstəqil ekspertiza mərkəzinin 15 noyabr 2021-ci il tarixli ümumi dəyəri barəsində müstəqil ekspertiza mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 513/514 saylı rəyi ilə təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyərinin 124834 (yüz iyirmi dörd min səkkiz yüz otuz dörd) manat olmasına dair və iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman isə mənzilə cavabdelər tərəfindən sərf olunan işlərin ümumi dəyəri barəsində “X3” MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyi ilə təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyəri mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 117696 (yüz on yeddi min altı yüz doxsan altı) manat iki mütəxəssis rəyi;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3948 №-li ekspertiza rəyi ilə iş üzrə müvafiq məhkəmə tikinti-texniki ekspertiza rəyi;  Azərbaycan Respublikası Ədliyyə NazirliyiMəhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1931 №-li ekspertiza rəyi ilə iş üzrə müvafiq məhkəmə tikinti-texniki ekspertiza rəyi;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı məhkəmə-əmtəşünaslıq ekspertiza rəyi.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin etdikdə qəbul etmiş olduğu qətnaməsini əsaslandırarkən iş üzrə əldə edilmiş əsas əhəmiyyətli sübut olan son iki ekspertiza rəyini nəzərə almamışdır. Belə ki, qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, hakim işə birtərəfli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış etməklə yalnız onun mənafeyi üçün onlar tərəfindən təqdim edilmiş müstəqil ekspertiza mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 513/514 saylı rəyinə, «X3» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 10/3948 saylı rəyinə əsaslanmağı kifayət hesab edərək qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmədə iş üzrə mübahisə araşdırlan zaman iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iki sübut arasında yəni, 15 noyabr 2021-ci il tarixli, 513/514 saylı rəy ilə «X3» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəy arasında uyğunsuzluq olması, eyni zamanda mübahisəli mənzildə görülmüş bəzi işlərin və quraşdırılmış bəzi əşyaların rəylərdə tam nəzərə alınmaması səbəbindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin zəruriliyi barədə xx.xx.2022-ci il tarixli vəsatət verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli,2(002)-1097/2022 saylı qərardadı ilə iş üzrə mənzilə qoyulmuş təmir xərclərinin yenidən hesablanması barədə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3948 №-li ekspertiza rəyi ilə iş üzrə müvafiq məhkəmə tikinti-texniki ekspertizası keçirilsə də, iş üzrə keçirilmiş Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər "xxxx" MTK tərəfindən inşa edilən Mərkəzi Park kvartalı Plot BE-008,009,010 ərazisində yerləşən binada sahəsi 143,11 kv.m olan 25 saylı, 3 otaqlı mənzilin tikinti-texniki ekspertizası həm məhkəmə qərardadında göstərilən suallar üzrə, həm də vəsatətində göstərilən xüsusatların müəyyən edilməsi istiqamətində tam şəkildə araşdırma aparılmadan yalnız iddiaçının təqdim etmiş olduğu “X3» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyi təsdiq edilməklə məhkəməyə göndərilmişdir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza zamanı ekspert tərəfindən müstəqil tədqiqat tam aparılmadan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və mübahisə doğuran xx.xx.2022-ci tarixli mütəxəssis rəyinin təsdiqlənməsi ilə tamamlanmışdır. Eyni zamanda, rəyə baxdığı zaman aparılmış tədqiqat üzrə ekspert tərəfindən mənzilin fotoları və mənzil üzrə hansı işlərin həyata keçirilməsi ilə bağlı smetası tərtib edilməmişdir. Halbuki, ekspertizanın təyin edilməsi üzrə məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş ilkin sualdan görünür ki, məhkəmə ekspertdən mənzil üzrə 2020-ci ilin may ayından 2021ci ilin mart ayınadək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq mənzilin otaqlarına, sanitar qovşaqlarına, dəhlizinə və mətbəxinə çəkilmiş xərclərin ayrı ayrılıqda nə qədər təşkil etməsini göstərməsi şərti ilə sərf olunmuş vəsaitin ümumi məbləğinin nə qədər olmasının müəyyən edilməsi tələb etməsinə baxmayaraq ekspert yuxarıda qeyd etdiyi kimi bunu müstəqil etmədən mübahisəli mütəxəsiss rəyinə istinad etməklə işini tamamlamışdır (xx.xx.2022-ci il tarixli ərizəmizdə ekspertin ümumilikdə mənzildə 15 dəqiqəyə yaxın ekspertiza keçirilməsi barədə məlumat verilmişdir). Bundan əlavə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə verilmiş vəsatətdən görünür ki, məhkəmədən xahişi iki halın yeni ekspertiza keçirilməklə araşdırılması və müəyyən edilməsi tələb edilsə də heç bir hal ekspertin rəyi ilə aydınlaşdırlmamışdır. Belə ki, birinci məsələ mənzilin təmiri ilə bağlı hansı işlərin görülməsi və bu işlərin icrasına nə qədər xərcin çəkilməsinin müstəqil müəyyən edilməsi, ikinci məsələ isə hər iki mütəxəssis rəyində nəzərə alınmayan, lakin icraçı tərəfindən icrası həyata keçirilmiş işlərin olub-olmamasının müəyyən edilməsidir. Məhkəməyə təqdim edilmiş ekspertiza üzrə verilmiş rəyin tamlığını təmin etmək, sözügedən mənzilin otaqlarına, sanitar qovşaqlarına, dəhlizinə və mətbəxinə çəkilmiş xərclərin ayrı-ayrılıqda nə qədər təşkil etməsini göstərdiyi xüsusatlar nəzərə alınmaqla, eyni zamanda hər iki mütəxəssis rəyində və verilmiş hazırki ekspert rəyində nəzərə alınmayan, lakin icraçı tərəfindən icrası həyata keçirilmiş işlərin olub-olmamasının müəyyən edilməsini yerində təkrar müayinə etməklə ekspertizanın təyin edilməsi barədə təkrar olaraq vəsatət verilmişdir. Məhkəmə təkrar ekspertiza barədə vəsatəti müvəqqəti olaraq baxılmamış saxlayaraq iş üzrə xx.xx.2022-ci il tarixli 10/3948 №-li ekspertiza rəyini vermiş ekspert Elmar Səidovu məhkəmə iclasına dəvət etmişdir. Məhkəmə araşdırılmasında ekspertin dindirilməsi zamanı müəyyən edilmişdir ki, ekspert həqiqətən də nə məhkəmənin, nədə verilmiş vəsatətdə nəzərdə tutulmuş halları rəyi ilə aydınlaşdırmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-1097/2022 saylı qərardadı ilə iş üzrə vermiş olduğu vəsatət nəzərə alınmaqla təkrar olaraq məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Növbəti təyin edilən ekspertiza üzrə hər iki tərəfin iştirakı ilə hərtərəfli müayinə edilməklə ekspertiza keçirilmiş və nəticədə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1931 №-li ekspertiza rəyi müəyyən edilmişdir ki, mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479 manat 30 qəpik məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir. Məhkəmənin xx.xx.2022 -ci il tarixli 2(002)-1097/2022 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər "xxxx" MTK tərəfindən inşa edilən Mərkəzi Park kvartalı PlotBE- 008,009,010 ərazisində yerləşən binada sahəsi 143,11 kv.m olan 25 saylı, 3 otaqlı mənzil üzrə həm tikinti-texniki ekspertizası, həm məhkəmə-əmtəşünaslıq ekspertizası keçirməsi nəzərdə tutulsa da, bu dəfə də yalnız tikinti-texniki ekspertizası keçirilmişdir. Belə ki, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 10/1931 №-li ekspertiza rəyindən aydın olmuşdur ki, mənzilin yataq otaqlarında dolabların, mətbəxdə mebel və dolabların olmasına baxmayaraq həmin mebel və dolabların quraşdırılması onların səlahiyyətinə aid olmadığından həmin avadanlıqlar üzrə əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparılmamışdır. Belə olduqda, xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilin yataq otaqlarına quraşdırılmış dolabların, mətbəxdə mebel və dolabların qiymətləndirilməsinə dair əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-52/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə iş üzrə vermiş olduğu vəsatət nəzərə alınmaqla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may - 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 42.499 manat müəyyən olunur. Müəyyən edilmiş qiymətlər ayrıayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir (hakim qətnamədə bu sübuta ümumiyyətlə hüquqi qiymət verməmişdir). İş üzrə kifayət qədər araşdırma aparılmaqla məhkəmə mübahisəsi üzrə bütün tərəflərin mübahisələndirmədiyi sonuncu iki ekspert rəyi əldə edilmiş və bu rəylər üzrə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 10/1931 №-li tikintitexniki ekspertizası üzrə mənzilə tikinti üzrə 118.479 manat 30 qəpik və 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı əmtəəşünaslıq ekspertiza rəyi üzrə isə mənzilə quraşdırılmış əşyalara görə 42.499 manat maddi vəsait sərf edilmişdir. Məhkəmə iddia tələbinin əsaslığına dair sübutlara hüquqi qiymət verərkən iddia tələbinin qismən əsaslı olmasına dair dəlil olaraq yalnız xx.xx.2023-cü il tarixli 10/1931 №li tikinti-texniki ekspertizası üzrə verilmiş rəyi nəzərə alsa da, mənzilə cavabdeh tərəfindən işlərin görülməsi üzrə quraşdırılmış əşyalara dair verilmiş 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı əmtəşünaslıq ekspertizasının rəyini sadəcə qətnamədə sadalamaqla üzərindən sükutla keçmişdir. Halbuki, işin araşdırlmasını tam şəkildə həyata keçirən hakim nəticədə bir-birini əvəz etməyən və biri birinə münasibətdə üstünlük təşkil etməyən, mənzilə qoyulmuş fərqli əşyaları özündə ehtiva edən ekspert rəylərini birlikdə sübut olaraq nəzərə almış olsaydı (xx.xx.2023-cü il tarixli 10/1931 №-li tikinti-texniki ekspertizası üzrə mənzilə tikinti üzrə 118.479 manat 30 qəpik və 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı əmtəşünaslıq ekspertiza rəyi üzrə isə mənzilə quraşdırılmış əşyalara görə 42.499 manat), o zaman mübahisə üzrə nəticədə müəyyən olunacaqdır ki, cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər "xxxx" MTK tərəfindən inşa edilən Mərkəzi Park kvartalı Plot BE-008,009,010 ərazisində yerləşən binada tərəfindən inşa edilən Mərkəzi Park kvartalı Plot BE-008,009,010 ərazisində yerləşən binada sahəsi 143,11 kv.m olan 25 saylı, 3 otaqlı mənzilə ümumilikdə işlərin icrası zamanı 160978.30 (yüz altmış min doqquz yüz yetmiş səkkiz) manat maddi vəsait qoyulmuşdur ki, bu da iddiaçının iddia tələbinin əsasssız olmasına dəlalət etməkdədir.

9. Cavabdeh1 da apellyasiya şikayətini Cavabdeh3 şikayəti ilə eyni məzmunda əsaslandırıb qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətləinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil1 Bəxtiyar oğlu apellyasiya şikayətlərini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-cimaddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətlərinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə düzgün olmamışdır.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

21. Belə ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsihəmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraqbirtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Hazırkı iddianın təmin edilən hissəsində də qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Çünki məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

26. Belə ki, işdə olan «X3» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə sərf olunmuş vəsaitin həcmi (xidmət haqqı və materiallar daxil olmuqla), təmir işlərinin aparıldığı dövrdə (2020-ci ilin may ayından 2021 ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində müəyyən edilir (birinci sual üzrə). 25 nömrəli mənzilin mətbəx və yataq otaqlarında quraşdırılmış mebel dəstlərinin üst səthlərində rəng seçilməsi, döşəmədəki parket təbəqələrinin birləşmə hissələrinin bəzi yerlərdə keyfiyyətsiz aparılması müşahidə olunmuşdur.

27. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 10/3948 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilir. Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilinə baxış keçirilən zaman, təmirdə istifadə olunmuş materiallarda qüsurun olmadığı müəyyən edilmişdir.

28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/1931 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli, 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanında yerləşən, 28 sentyabr 2018-ci il tarixli, 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143.11 kv.m olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118479.3 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli, 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanında yerləşən, 25 nömrəli mənzilinə baxış zamanı təmirdə istifadə olunmuş materiallarında qüsurun olmadığı müəyyən edilmişdir. İlkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərq bəzi tikinti materialların dəyərinin dəqiqləşdirilməsi və əlavə təmir-tikinti işlərinin görülməsinin müəyyən olunması ilə izah olunur.

29. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis -texniki ekspertizasının rəylərindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may- 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 42.499 manat müəyyən olunur. Müəyyən edilmiş qiymətlər ayrı ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilir ki, təqdim edilmiş mallar sifariş əsasında hazırlandığından müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Mətbəxdə sobanın yanında mərmərdə 2 hissədə çat var. Həmçinin üzbəüz 4x2,80 metr ölçüdə mebelin mərmər hissəsində 60 sm ölçüdə çat var. İddiaçının nümayəndəsi həmin mərmərlərin əvvəlcədən çat olduğunu və mətbəx mebelində plintusun və hər iki küncdən 2 ədəd mərmərin (plintus və 2 ədəd mərmər) sonradan iddiaçı tərəfindən alınaraq quraşdırıldığını bildirdi. Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479 manat 30 qəpik məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə sadalanan rəylərdə və iş materiallarında göstərilənləri nəzərə alıb hesab etdi ki, yenidən iş üzrə xüsusi bilik tələb olunan sualı izah etmək zərurəti yarandığından əlavə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməli, ekspertiza qarşısında Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı rəyində göstərilən Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479.30 manat və ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may- 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 42.499 manat müəyyən olunduğu dedikdə, qeyd olunan məbləğlər ayrıayrı məbləğlər sayılır yaxud 42.499(qırx iki min dörd yüz doxsan ) manat 118.479.30(yüz on səkkiz min, dörd yüz yetmiş doqquz manat, otuz qəpik ) manatın tərkib hissəsinə daxildir? sualı qoyulmalıdır.

31. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/63xxxx/5981/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin tikinti-təmir işlərinə və təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may- 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə sərf olunmuş ümumi dəyəri 160.978,3 manat müəyyən edilmişdir, o cümlədən: təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə ümumi dəyəri təxminən 42.499,00 manat, həmin mənzilin tikinti-təmir işlərinə sərf olunmuş vəsaitin ümumi dəyəri 118479,3 manat. Qeyd: istifadədə olmamış və quraşdırılmış vəziyyətdə olan mebellərin ümumi dəyəri olan 42.499,00 manat (qırx iki min dörd yüz doxsan) məbləğ, təmir-tikinti işlərinə sərf olunmuş 118479,30 (yüz on səkkiz min, dörd yüz yetmiş doqquz manat, otuz qəpik) manat məbləğin tərkib hissəsi deyil.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir ki, sözügedən mənzildə aparılmış təmir işləri ilə əlaqədar işdə 6 rəy mövcuddur. Bu rəylərdən ikisi mütəxəssis(qiymətləndirici) rəyi, dördü isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləridir. Düzdü mütəxəssis(qiymətləndirici)rəylərindən biri kağız formatında iş materialına əlavə edilməyib. Çünki həmin rəy iddiaçının müraciəti əsasında cinayət təqibi zamanı aparılan araşdırma zamanı alınmışdır. Ancaq işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda(bax.i.v.11; 2-ci abzas) bu rəy barədə (müstəqil ekspertiza mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 513/514 saylı rəyi ilə təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyərinin 124834 (yüz iyirmi dörd min səkkiz yüz otuz dörd manat olması) məlumat qeyd olunub. Bu rəyin mövcudluğunu tərəflər mübahisələndirmir. «X3» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyi isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilib. Digər 4 məhkəmə ekspertiza rəyi isə üçü birinci, sonuncu isə apellyasiya instansiyası tərəfindən alınmışdır. Göstərilən rəylərin nəticə hissələri yuxarıda tam qeyd olunmuşdur.

33. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis -texniki ekspertizasının rəylərində göstərilənləri nəzərə almadan və bu rəy üzrə hər hansı bir formada hüquqi dəyərləndirmə aparmadan iddianı qismən təmin etməklə açıq-aşkar səhv nəticəyə gəlmişdir. Çünki məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis -texniki ekspertizasının birgə rəyi olan bu rəylə həm də əvvəlki rəydə göstərilən bütün qeyri müəyyənliklərə tam aydınlıq gətirilmişdir. Başqa sözlə, ekspertiza rəyləri ilə təmir işlərinə iddiaçı tərəfindən cavabdehlərə verilmiş 160000(yüz altmış min) manatdan da artıq vəsait sərf olunduğu təsdiq olunur. Üstəlik bu rəylə əvvəlki ekspert rəylərində göstərildiyi kimi podratın həm keyfiyyət, həm də kəmiyyətcə qüsursuz icra olunduğu da öz təsdiqini tapmışdır. Bütün bunlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş əlavə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının sonuncu rəyi ilə də demək olar ki, hər hansı bir müəyyən edilməyən hal qalmadı. Demək ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi açıq-aşkar təsdiq olundu.

34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

35. Şərh olunanlara əsasən, apellyasiya şikayətləri qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia həmin hissədə də təmin edilməməli; Ekspertiza tədqiqatının dəyəri - 370(üç yüz yetmiş) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 370(üç yüz yetmiş) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar