Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-403/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı QSC “xxxx” Kommersiya Bankının cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimələrin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(009)-501/2005 saylı qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı QSC “xxxx” KB-nın cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimələrin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun, cəmi 1.959.404,92 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, “xxxx” MMC-dən 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə 622.920,62 manat əsas, 64.815,93 manat faiz, 12.000 manat cərimə borcunun, cəmi 699.739,55 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, ilkin satış qiyməti 646.295 manat müəyyən edilməklə qeyd edilən hər iki kredit müqavilələri üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 501-ci məhəllədə yerləşən 15 saylı evə yönəldilməsi, həmin əmlakın boşaldılması, onun açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 verilməsi, hər iki kredit müqavilələri üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 165.300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi və qalan pul vəsaitinin Cavabdeh2 verilməsi, hər iki kredit müqavilələri üzrə yuxarıda göstərilən pul məbləğlərinin ipoteka ilə yüklü edilmiş “xxxx” MMC-nə məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, 0,60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869,9 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 934.900 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, qalan vəsaitin “xxxx” MMC-yə verilməsi, 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 112.300 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qalan vəsaitin Cavabdeh2 verilməsi, 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 66/68 saylı evin 42-ci mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 147.300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və qalan məbləğin Cavabdeh2 verilməsi, 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 130.400 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi və ipoteka predmetləri olan sözügedən əmlaklar açıq hərracdan satıldıqdan sonra, həmin yaşayış və qeyri-yaşayış sahələrinin ən geci 1 ay ərzində boşaldılaraq ipoteka saxlayan iddiaçı təşkilata təhvil verilməsi və orada yaşayanların çıxarılması qət edilmişdir. “xxxx” MMC-nin direktoru Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə ipoteka predmetlərinin açıq hərracdan satışı ilə əlaqədar guya ilkin satış qiymətlərini müəyyən etmişdir. Məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərini iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqavilələri üzrə ilkin razılaşma qiymətlərinə istinad etmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3.3-cu maddəsinə görə, (ipoteka predmetinin ilkin satış qiyməti) ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclaslarında cavabdeh “xxxx” MMC ipoteka predmetlərinin ilkin satış qiymətlərini konkret sübutlar təqdim edərək vəsatətlə mübahisələndirməyinə baxmayaraq məhkəmə naməlum səbəblərdən nəzərə almamış və hüquqi qiymət verməmişdir. İpoteka predmetləri Şabran rayonu, Gəndob kəndi, ümumi sahəsi 237.2 kv.m.olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və həmin ərazidə yerləşən 0,12 ha torpaq sahəsi və həmin kəndə yerləşən 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.m. olan əmlak kompleksi qiymətləndirmə fəaliyyəti həyata keçirən “xxxx” MMC-nin 03.10.2014-cü il tarixli Hesabatına əsasən ******* (üç milyon altı yüz qırx iki min bir yüz) manat dəyərində qiymətləndirmişdir. Habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “AYAN-A”xxxx” MMC-nin 18.09.2014-cü il tarixli Hesabatına görə Şabran rayonu, Gəndob qəsəbəsində “xxxx” MMC-nin kənd təsərrüfatı emal müəssisəsinin tikinti-quraşdırma işlərinin dəyəri 3.873.112,91 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi 2012-ci il tarixli ipoteka müqaviləsi ilə 2014-cü il tarixlərində qiymətləndirmə məbləğləri arasında kifayət qədər böyük fərqlər vardır. Buda özlüyündə ziddiyyət təşkil etməklə mübahisə yaradır. Lakin məhkəmə iş üzrə məhkəmə ekspertizası təyin etməklə keçirməli olduğu halda təyin edilməmiş, cavabdehin vəsatətinə məhkəmənin yekun aktında heç bir hüquqi qiymət verilməmişdir. Buna baxmayaraq, Bankla Cəmiyyət arasında tələb olunan borc məbləğində fərqlər yaranır. Bununla bağlı, cəmiyyət tərəfindən 13.06.2014-cü il tarixli 155-SO nömrəli məktubla Banka müraciət olunmuşdur. İddia tələbində 61020,91 manat məbləğ fərqi yaranmışdır. Həmin məbləğin faiz və ya əsas kredit borcundan silinməsini müəyyən etmək mümkün olmamışdır. Buna dair sübutu təqdim edir. Çünki məhkəmədən Cəmiyyətə açıqlama verilməmişdir. Bu zərurətlə əlaqədar iddia tələbi üzrə borc məbləği mütəxəssis dəvət edilməklə və ya məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə müəyyən olunmalıdır. Bununla bağlı təqdim edilmiş etirazda qeyd olunmasına baxmayaraq yenə də araşdırılmamışdır. Eyni zamanda, 09.11.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit vəsaiti hissə-hissə verilməsinə baxmayaraq, hər dəfə ayrılmış kredit məbləği üçün ipoteka predmetləri ilə yüklü edilməmişdir. Ona görə də, iddiaçı Bankın tam borc məbləğləri üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etmək tamamilə əsassız və mövcud ipoteka qanunvericliyinə ziddir. Nəzərə alınmalıdır ki, hər iki kredit müqaviləsi üzrə kredit vəsaitindən ümumilikdə 1.490.000 manat məbləğində kredit təminatlı – ipoteka ilə yüklü edilmişdir.İpoteka qanunvericiliyinin tələbinə görə borc tələbi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi həmin borc məbləğinin ipoteka predmeti ilə qanuna müvafiq şəkildə təmin edilməsini şərtləndirir. Bununla bağlı iddiaçı QSC “Bank Standart” KB məhkəməyə sübut təqdim edə bilməmişdir. Daha sonra, məhkəmə ipoteka predmetlərinin açıq hərracdan satıldıqda, həmin yaşayış və qeyri-yaşayış sahələrinin ən geci 1 ay ərzində boşaldılaraq ipoteka saxlayana təhvil verilməsini qət etmişdir. Bu da qeyri-müəyyənlikdir. Çünki ipoteka predmetlərinin açıq hərracdan ipoteka saxlayan tərəfindən alnması məlum deyildir. Bunu məhkəmə qabaqcadan necə müəyyən etməsi məlum deyil ??? Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli qətnaməsi “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadı ilə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə “xxxx” MMC-nin ərizəsi təmin edilməmişdir. “xxxx” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 iyun 2017-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və bu işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 oktyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadı ləğv edilmiş, “xxxx” MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsinə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibində yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin əlavə kassasiya şikayəti təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2015-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1384/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, «xxxx» KB QSC ilə «xxxx» MMC arasında bağlanmış 21 iyun 2010-cu il tarixli 170/00/349/10 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 622.920,62 manat əsas, 64.815,93 manat faiz, 12.000 manat manat cərimə, ümumilikdə isə 699736,55 manatın «xxxx» məhdud məsuliyyətli cəmiyyətindən tutulub iddiaçıya ödənilməsi, tutmanın ilk növbədə «xxxx» MMC-yə məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869.9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ilkin satış qiymətinin 2 542 728 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh «xxxx» MMCyə qaytarılması, tutmanın Cavabdeh2 məxsus Şabran rayonu, Gəndob kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 240 272 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, tutmanın Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 646.295 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83-də yerləşən qeyri yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 112.300 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 66/68 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 147.300 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Zorqe küçəsi, 13-də yerləşən qeyri yaşayış sahəsinə (44 saylı ayaqqabı emalatxanasına) yönəldilməsi, ilkin satış qiymətinin 130.400 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3 qaytarılması, ipoteka predmetləri olan qeyri yaşayış sahələrinin, fərdi yaşayış evi və mənzillər açıq hərracda satıldıqdan sonra, ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılması, Şabran rayonu, Gəndob kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, 28 May küçəsi, ev 66/68-də yerləşən 42 saylı mənzil açıq hərracda satıldıqda Cavabdeh2 həmin evdən və mənzildən ən geci 1 ay ərzində çıxarılması, cavabdeh “xxxx” MMC-dən iş üzrə keçirilmiş ekspertiza xərci - 245 manatın, alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-568/2020 saylı, 10 fevral 2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsi “cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulub, ipotekaya yönəldilməsinin rədd edilməsi” hissəsində ləğv edilərək, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin, nümayəndə bildirmişdir ki, iddiaçı tərəfə bu dəfə də kifayət qədər vaxt verilmişdir. Onların bankaborcu yoxdur. Girovların içərisindəki ən bahalı girov məhz Bankın verdiyi məktub əsasında girovdan azad olunub. Bank məktubunda qeyd etmişdi ki, borcun bir qismi ödənildiyindən girovdan azad olunmağa etiraz etmirlər. Hazırda qarşı tərəfin təqdim etdiyi qeyri-müəyyən bir hesabdan çıxarışdır. Çünki, həmin sənədə müdaxilə edilməsi halı mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinin yuxarıdaki məzmununa uyğun izahat vermişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla qismən ləğv etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi 4140 saylı 09 iyul 2019-cu il tarixli ekspert rəyinin verilməsinə əsas kimi yalnız X3 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materialına əlavə edilmiş rəsmi məlumatlara istinad olunmasına düzgün hüquqi qiymət verməmiş, Bankdan tələb edilən hesabdan çıxarışların ekspertizadan sonra məhkəməyə təqdim edildiyini və təkrar ekspertiza barədə vəsatət verilməsinə baxmayaraq, iddiaçı tərəfin Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olması kimi səhv qənaətə gəlmiş, təqdim edilmiş sənədlərə əsasən təkrar ekspertiza keçirilməsinin məqsədəmüvafiqliyinə düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, ekspert tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin tələb olunması barədə 20 fevral 2019-cu il tarixdə verilmiş vəsatət bir neçə dəfə həm iddiaçı təşkilata, həm də ləğvediciyə təqdim edilsə də onlar tərəfindən bu vəsatət əsasında “hesabdan çıxarış” adlanan sənədi təqdim etmişlər. İddiaçı tərəf həmin sənədlərin təqdim edərkən bununla bağlı müzakirələr zamanı hesabdan çıxarışların sistemdən verilməsini və onların sistemə müdaxilə etmələrinin mümkün olmamasını göstərmişdir. Halbuki, ekspertiza keçirilməsi barədə vəsatətdə məhz kredit müqavilələri üzrə hesabdan çıxarışların verilməsi tələb edilmişdir. Həmin vəsatətdə göstərilən ödəniş qəbzlərini təqdim etmək isə bankın deyil, borclunun vəzifəsi olmuşdur. Təqdim edilən həmin hesabdan çıxarışlar əsasında kredit məbləğinin hesablanmasının mümkün olub-olmamasını müəyyən etmək isə ekspertin səlahiyyətində olan məsələdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçınin nümayəndəsinin izahatında göstərilənləri nəzərə almadan həmin sənədlərin bir neçə vərəqdən ibarət olan, mötəbərliliyi hər hansı formada təsdiq edilməmiş sübut kimi qiymətləndirsə də, məhkəmənin bu mövqeyi təkrar ekspertizanın keçirilməsindən imtinaya əsas sayıla bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə kreditin alınaraq istifadə edilməsi borcalan tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, həmin müqavilə üzrə kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsini sübut etmək üçün cavabdehlər tərəfindən də məhkəməyə heç bir sübut, ödəniş qəbzləri təqdim edilməmişdir..”. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının “cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulub, ipotekaya yönəldilməsi” hissəsində yoxlanılması təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini məhz həmin hissələrdə ləğv edərək yeni baxışa göndərmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə “cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı QSC «xxxx» KB ilə cavabdeh «xxxx» MMC arasında 09.11.2007-ci il tarixdə ********** №-li Kredit Müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən, QSC «xxxx» KB, cavabdeh «xxxx» MMC-yə 12 ay müddətinə illik 18%-lə 420000 manat məbləğində kredit xətti açmışdır. 23.11.2009, 04.12.2009, 03.11.2010, 05.04.2011, 08.04.2011, 23.05.2011, 25.10.2011, 27.12.2011, 20.04.2012, 30.04.2012, 08.11.2012, 11.04.2013, 26.08.2013, 21.10.2013, 08.11.2013, 09.01.2014, 04.04.2014-cü il tarixli əlavə Sazişlərlə 09.11.2007-ci il tarixli ********** №-li Kredit Müqaviləsinə edilmiş dəyişikliklərə əsasən, QSC «xxxx» KB tərəfindən «xxxx» MMC-yə açılmış kredit xəttinin məbləği 1.950.000 manatadək artırılmışdır. Bundan başqa, kreditin ödənilməli olduğu son tarix 09.11.2014-cü il tarixədək uzadılmış, kreditin illik faizi isə 15% olaraq göstərilmişdir. İddiaçının maliyyə arayışında qeyd olunur ki, 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi üzrə «xxxx» MMC-nin 28.11.2014-cü il tarixinə əsas borc üzrə 1.810.021,00 manat, faiz borcu üzrə 139.363,92 manat, cərimə borcu üzrə 27.703,38 manat, ümumilikdə isə 1.977.088,30 manat borcu mövcuddur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əvvəlki apellysiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 09 noyabr 2007-ci il tarixli KXHŞ ********** kredit müqaviləsi üzrə borcalanın öhdəliyi yoxdur. Ekspert bu qənatə gələrkən X3 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materialına da əlavə edilmiş rəsmi məlumatlarından da istifadə etmişdir. Çünki, həmin qurumlara da bu barədə rəsmi məlumatlar məhz iddiaçı tərəfindən təqdim edilmişdir. Təkrar apellyasiya baxışı zamanı qətnaməni bir hissədə ləğv edərək təkrar apellyasiya baxışına göndərən Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında qeyd edilənlər nəzərə alaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2021-ci il tarixli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən QSC “xxxx” KB ilə “xxxx” MMC arasında 09.11,2007-ci il tarixdə rəsmiləşdirilmiş ********* №-li Kredit müqaviləsi (həmin müqavilə dəyişikliklər nəzərə alınmaqla) üzrə müvafiq sənədlər - ödəniş qəbzləri, kassa məxaric orderi, QSC “xxxx” KB ilə “xxxx” MMC arasında bağlanmış 09.11,2007-ci il tarixli KXHŞ********** saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13,14 15, 16, 17, 18 saylı Əlavə sazişlər üzrə hesabdan çıxarış (bu müqaviləyə aid olan məxaric və mədaxil olan vəsaitin hesabları göstərilməklə), o cümlədən kredit müqaviləsi üzrə hesab nömrələri dəyişdiyindən, ödənişlərin hansı kreditə aid olduğunu əks etdirən məlumat təqdim edilmədiyindən, borcalanın banka olan borcun olmasını müəyyən etmək olmadı. Kollegiya xüsusilə qeyd edir ki, ekspert tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin tələb olunması barədə 30 dekabr 2020-ci il tarixdə verilmiş vəsatət iddiaçı təşkilata təqdim edilsə də onlar tərəfindən nəinki vəsatətdə göstərilən sənədlər təqdim edilmiş, ümumiyyətlə nə vəsatətə, nədəki məhkəmənin müraciətinə əhəmiyyət verilməmiş, məhkəmənin ekspert vəsatətinə əsasən sorğusuna cavabı (yenədə yalnız bir neçə vərəqdən ibarət olan, mötəbərliliyi hər hansı formada təsdiq edilməyən hesabdan çıxarışı) məhkəməyə aprel ayında, yəni iş ekspertizadan qayıdandan, iş üzrə icraat təzələnəndən və məhkəmə baxışına təyin edilməsindən sonra göndərmişdir. Bununla bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəf Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olmuşdur. Digər tərəfdən iş materiallarında olan və keçirilmiş ekspert rəylərindən görünür ki, rəy X3 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materiallarına əlavə edilmiş rəsmi məlumatlarından da istifadə etməklə vermişdir. kollegiya iş üzrə yekun qənaətə gələrkən məhkəmə mühasibatlıq ekspertizasının rəyini hazırki iş üzrə 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Göstərilənlərə əsasən kollegiya ehsab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun, cəmi 1.959.404,92 manat pulun tutulub iddiaçı ödənilməsini qət etsə də, bu qənatə hansı mötəbər sübutlar əsasında gəldiyini qətnamədə əsaslandırmamışdır. Belə ki, iddia tələbinin bu hissəsi üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulması” hissəsində ləğv olunmalı və iddia həmin hissələrdə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid olunmalı, təkrar apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci isə iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(009)-501/2005 saylı qətnaməsi qismən - “QSC «xxxx» KB ilə «xxxx» MMC arasında bağlanmış 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsinə əsasən yaranmış 1.810.021 AZN məbləğində əsas, 139.363,92 AZN məbləğində faiz, 10.000 AZN cərimə və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsi, ümumilikdə isə 1.959.404,92 AZN məbləğində pul vəsaitinin cavabdeh «xxxx» MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı QSC «xxxx» KB-yə ödənilməsi” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilməsin Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid olunsun. İddiaçı Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankından iş üzrə keçirilmiş ekspertiza xərci - 200 (iki yüz) manat, alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-403/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-403/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver