Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-403/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" İKB ASC, İKB-nin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2007-ci il tarixli 07/07(İ) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 206.327 ABŞ dolları əsas borc, 59.525 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 11.02.2013-cü il tarixədək hesablanmış 1900 ABŞ dolları cərimə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli (hakim Z.Quliyev, iş №2(004)-2016/13) qətnaməsi ilə iddia təmin edilərək, 206.327 ABŞ dolları əsas borc, 59.525 ABŞ dolları faiz borcu, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 267.752 ABŞ dolları pulun ödəniş anında məzənnə üzrə Azərbaycan manatı ilə Cavabdeh tutulub iddiaçı "xxxx" İKB ASC-yə verilməsi qət edilmişdir Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, A.Nuriyeva və V.Ağayev, iş № 2(103)- 205/20) qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli, 2(004)2016/2013 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə (Hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, G.Quliyev və İ.Xələfov, iş № 2(102)-3191/21) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.11.2007-ci il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh 240 ay müddətinə, illik faiz 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 06.11.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, mənzil 34 ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06.11.2007-ci il tarixli müqaviləyə əsasən 240 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Nəsimi rayonu, 28 may küçəsi, 36 saylı evin 34 saylı mənzili iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş cədvəlinə əsasən hər ay banka 4173,77 manat ödəmişdir. Bir neçə il ödəniş etdikdən sonra maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. Banka cəmi 300000 ABŞ dolları ödəniş etməyinə baxmayaraq bank tərəfindən həmin məbləğin 93673 ABŞ dolları əsas borc kimi silinmiş, 200000 dollardan çox məbləği faiz və dəbbə pulu kimi silinmişdir. 300000 ABŞ dollarından çox ödəniş etməsinə baxmayaraq çarəsizlikdən onunla bank arasında razılıq əldə edilmiş, 29.02.2012-ci il tarixli aktla könüllü olaraq ona məxsus olan 06.11.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Nəsimi rayonu, 28 may küçəsi 36 saylı evin 34 saylı mənzili qalan qalıq borca hesablanması üçün banka təhvil vermiş və həmin mənzil borcla əvəzlənməsi üçün bank tərəfindən təhvil alınmışdır. Məhz 29.02.2012-ci il tarixdə onunla bank arasında öhdəlik münasibətlərinə son qoyulmuş və bank əməkdaşları onu bir daha axtarmamışlar. Lakin bu razılaşmadan bir ildən çox vaxt keçdikdən sonra ondan xəbərsiz olaraq hazırkı iddia ilə məhkəməyə müraciət olunmuş və iddialarında qəsdən işin obyektiv araşdırılmaması üçün obyektiv halları, xüsusən də kredit müqaviləsinin ipoteka ilə təminatlı olmasına, ipoteka predmetini borcun əvəzi olaraq əldə etmələrinə dair yazılı sənədləri və halları məhkəməyə bildirməmişlər. Məhkəmə isə 300000 ABŞ dolları məbləğində kreditin təminatsız təqdim olunması məsələsində lazımi həssas araşdırma aparmamışdır. Bank qarşısında 06.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir (ödəniş və ipoteka predmetinin banka təhvil verilməsi yolu ilə). İddiaçının nümayəndəsi X.Hüseynov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 12 iyun 2013-cü il tarixli qətnaməsi əsas və faiz borcunun tutulmasına dair hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə borcverən "xxxx" İKB ASC arasında bağlanmış 06.11.2007-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 240 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsindəki 36 saylı evin 34-cü mənzili 06 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, ipoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi 06 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 206.327 ABŞ dolları əsas borcun, 59.525 ABŞ dolları faiz borcunun və gecikdirməyə görə 11.02.2013-cü il tarixədək hesablanmış 1900 ABŞ dolları cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir və onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Cavabdehin dəlillərinə görə öhdəlik ödəniş və ipoteka predmetinin təhvil verilməsi yolu ilə tam icra edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş artıq bir dəfə apellyasiya və kassasiya baxışının predmeti olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 16.06.2021-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə, cavabdehə məxsus olmuş və banka ipoteka qoyulmuş mənzilin bankın əməkdaşlarının iştirakı ilə satılmasının kreditin ödənməsinə aidiyyətinin olmaması kimi qənaətə gəlinməsi mümkün deyil. Ona görə ki, sözügedən akt mənzilə sərəncam verilməsinə dair əqd kimi etibarlı olmasa belə, mənzilin borcun ödənilməsi məqsədilə satılmasına dair bankın iradəsinin və iştirakının olmasını təsdiqləyən sübutdur. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, aktda adları qeyd edilən Orxan Əliyev və Rasim Məmmədov, həmçinin mənzilin alqı-satqısına dair 30.06.2012-ci il tarixli müqaviləni satıcı qismində imzalamış Ramin Dünyamalıyev aktın və alqı-satqı müqaviləsinin imzalandığı tarixlərdə bankın işçiləri olmuşlar. Belə olan halda cavabdehin bankın əməkdaşlarının hərəkətlərini məhz bankın hərəkəti kimi qəbul etməsi şəraitə görə haqlı görünür. Çünki, səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də bəlli ola bilər. Bundan başqa, işdə olan 30.06.2012-ci il tarixli məktubdan görünür ki, bank mənzilin satılmasına rəsmi qaydada razılıq vermişdir. Mənzil satıldıqdan sonra da, satıcını etibarnamə ilə təmsil edən şəxsin satışdan əldə edilən vəsaiti cavabdehə verməsini təsdiqləyən mötəbər sübut da təqdim edilməmişdir. Bütün bunları nəzərə aldıqda mənzilin məhz kreditin ödənilməsi üçün bank tərəfindən satılması nəticəsinə gəlinməsi, ona görə də mənzilin həmin ərəfədəki dəyərinin kreditin ödənilməsinə silinməli olması barədə mövqe əsassız deyil. Bununla belə, sözügedən mənzilin özgəninkiləşdirilməsi müqabilində kredit borcunun tam bağlanması (öhdəliyin tam icra edilməsi) nəticəsinə gəlmək üçün işdə kifayət qədər sübutlar yoxdur. Belə ki, mənzilin ipoteka müqaviləsindəki qiyməti ilə 30.06.2012-ci il tarixli satış müqaviləsindəki qiyməti arasında xeyli dəyər fərqi vardır. Belə olan halda, həmin alqı-satqı müqaviləsində mənzilin dəyərinin düzgün əks olunub-olunmaması yoxlanılmalı, mənzilin həqiqi satış dəyəri müəyyən edilmədiyi halda onun satış anındakı real bazar qiymətinin (məbləğinin) müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi təmin edilməli, həmin məbləğin cavabdehin kredit borcuna silinməsi, bundan sonra banka hansısa məbləğdə borcun qalıb-qalmaması müəyyənləşdirilməli və nəticəsindən asılı olaraq iş üzrə yekun qərar qəbul edilməlidir. Bu qənaətə gələrkən Kollegiya nəzərə alır ki, əgər mənzilin satış dəyərinə münasibətdə vicdanlı davranmama halı olmuşdursa, bu hal cavabdehin zərərinə təfsir oluna bilməz. Çünki, mənzilin satışını cavabdeh deyil, bankın əməkdaşı həyata keçirmişdir. Ona görə də bank bu satış hesabına kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi üçün vicdanlı hərəkət etməyə borclu idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası şərh edilən göstərişlərə müvafiq olaraq alqı-satqı predmeti olmuş Nəsimi rayonu, 28 may küçəsindəki 36 saylı evin 34-cü mənzilinin 30 iyun 2012-ci ildə, yəni alqı-satqı anındakı real bazar dəyərinin müəyyən olunması məqsədilə mütəxəssis rəyi əldə etmişdir. "xxxx" MMC-nin 14 yanvar 2022-ci il tarixli rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 36 saylı evin 34-cü mənzilinin real bazar dəyəri 30.06.2012-ci il tarixinə 64500 manat təşkil etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 36 saylı evin 34-cü mənzilin mütəxəssis rəyində göstərilən real bazar dəyəri (64500 manat) ilə 30 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsindəki satış qiyməti (65000 manat) arasında hər hansı kəskin qiymət fərqi yoxdur. İş materiallarından (hesabdan çıxarışdan) göründüyü kimi, alqı-satqı müqaviləsi bağlandıqdan sonra 30.07.2012-ci il tarixdə 82411,45 ABŞ dolları məbləğində pul vəsaiti borcun ödənilməsinə yönəldilmiş (i.v.165) və iddia qaldırılarkən bu məbləğ nəzərə alınmışdır. İşin araşdırılan hallarından göründüyü kimi, həmin 82411,45 ABŞ dolları mənzilin satışından əldə olunan vəsait olmaqla 65 000 manatın həmin dövr üçün məzənnə üzrə ABŞ dolları ekvivalentinə uyğun olmuşdur. Məhkəmə kollegiyası bununla yanaşı hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan əsas və faiz borcunun məbləğini müəyyən edərkən səhvə yol vermişdir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə 206.327 ABŞ dolları əsas borcun, 59.525 ABŞ dolları faiz borcunun tutulmasını qət etsə də, ekspert rəyindən həmin məbləğlərin daha az olduğu görünür. Belə ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 24.01.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə 11.02.2013-cü il tarixə banka ödənilməli olan əsas borc 205.868,10 ABŞ dolları, faiz borcu 59.244,10 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməli və cavabdehdən tutulacaq əsas və faiz borcunun məbləği ekspert rəyinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qətnaməsi Cavabdeh iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 206 327 ABŞ dolları məbləğində əsas borcun və 59 525 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq əsas borcun məbləği 205 868,10 (iki yüz beş min səkkiz yüz altmış səkkiz dollar, on sent) ABŞ dolları, faiz borcunun məbləği 59 244,10 (əlli doqquz min iki yüz qırx dörd dollar, on sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-403/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-403/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver