Məhkəmə qərarları › İş №2(103)-4030/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4030/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4030/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli, 2(001)-8483/2013 saylı qərardadından borclu Məmmədova (Umarova) Xatirə Nakəm qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2013-cü il tarixli, 2(001)- 8483/2013 saylı məhkəmə əmri ilə Şəki şəhəri, Y.Süleymanov küçəsi 3/3 qeydiyyatda olan Cavabdeh1, ünvan 1 ünvanında qeydiyyatda olan X1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə 2250 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 21 manat məbləğində pul vəsaiti, cəmi 2271,0 manat müştərək qaydada tutulması əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli, 2(001)-8483/2013 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2013-cü il tarixli, 2(001)-8483/2013 saylı məhkəmə əmrindən borclu X2 etirazının təmin edilməməsi qərara alınmışdır. Borclu şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli, 2(001)-8483/2013 saylı qərardadının ləğv edilməsini, etirazının təmin edilərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun məhkəmə əmrindən məlumatı olmayıb, belə ki, həmin əmrdən əmək haqqından tutulma olduqda məlumatı olub, məhkəmə əmrini 09.03.2022-ci il tarixdə əldə etmiş və bu borcdan da həmin vaxt məlumatı olmuşdur, əmrə etiraz vaxtında verildiyi üçün məhkəmə tərəfindən təmin edilməli idi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli, 2(001)-8483/2013 saylı qərardadı şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi etirazın geri qaytarılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 282-ci və 283-cü (etirazın vaxtında verilməməsi) maddələrinə istinad etməklə əsaslandırmışdır. Şikayətinin dəlillərində borclu qeyd edir ki, onun məhkəmə əmrindən məlumatı olmamış, əmrdən yalnız əmək haqqından tutulmalar aparıldıqda xəbər tutmuşdur, məhkəmə isə şikayətin dəlillərini araşdırmadan, iş materiallarında olan qəbz-xəbərnaməyə istinad etməklə əmrə etirazın qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyini qeyd etmiş, lakin xəbərnamədə olan imzanın həqiqətən də Xatirə Məmmədovaya məxsus olub-olmaması məsələsinə aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.7-ci maddəsinə əsasən məhkəmə əmri məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin Məcllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələbindən görünür ki, əmrə etiraza qiymət verilərkən ilk növbədə əmrin etiraz verən şəxs tərəfindən nə vaxt alındığı müəyyən edilməli, bundan sonra həmin müddətdən etibarən 10 gün ərzində verilib-verilmədiyinə münasibət bildirilməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi məhkəmə əmrinin cavabdeh tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə nə vaxt alınmasını müəyyən etmədiyi halda, etirazın qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə verildiyi qənaətinə gəlmiş, bununla da prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə əmri tərəfin özü deyil, onunla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvü tərəfindən qəbul edilmiş olsa belə, qanunun mənasına görə rəsmi qaydada təqdim edilmə hesab edilir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqda xəbərnamədən görünür ki, məhkəmə əmri 07.12.2013-cü il tarixdə X3 şəxsən çatdırılmışdır. Xatirə Məmmədova isə həmin əmrin ona təqdim edilmədiyini bildirmişdir. Məhkəmənin gəldiyi qənaətə görə məhkəmənin əmri Xatirə Məmmədovanın şəxsən özü tərəfindən olmasa da, onunla birlikdə yaşayan ailə üzvlərindən biri tərəfindən qəbul edilmişdir. Lakin qeyd edilən xəbərnamədə əmrin şəxsən qəbul edilməsinə dair imza edilmişdir. Belə olan halda, kollegiyanın qənaətinə görə həmin imzanın Xatirə Məmmədovaya məxsus olub-olmaması araşdırılmalı, məhkəmə sənədi onun özü tərəfindən deyil, ailə üzvlərindən biri tərəfindən qəbul edilmişdirsə, həmin hala qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv olunmalı, iş qeyd edilən hallar araşdırılaraq etiraza yenidən qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli, 2(001)-8483/2013 saylı qərardadı ləğv edilsin. Mülki iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla etiraza qiymət verilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qətidir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar