Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4036/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2(003)-1362/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(003)- 3688/2018 nömrəli qətnaməsinə əsasən 18 sentyabr 2018-ci il tarixdən başlayaraq 05 iyul 2006-cı il təvəllüdlü X4, 05 mart 2009-cu il təvəllüdlü X5 və 28 sentyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, 18 sentyabr 2018-ci il tarixdən başlayaraq 05 iyul 2006-cı il təvəlltdlü X4 xəstəliyi ilə bağlı Cavabdeh hər ay 50 manat məbləğində əlavə xərc kimi X1 xeyrinə tutulması qət edilmişdir.
2. Cavabdeh 15 yanvar 2009-cu il tarixdən etibarən “X12 Kompani S.A." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir. Hal hazırda o, idarənin Baş energetik, Energetika xidmətində elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru vəzifəsində çalışır və orta aylıq əmək haqqı 1268 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(003)-3688/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat və 05 iyul 2006-cı il təvəllüdlü X4 xəstəliyi ilə bağlı əlavə xərcin məbləği artırılaraq hər ay 100 manat məbləğində müəyyən edilməsi, 28 sentyabr 2010-cu il təvəllüdlü X6 xəstəliyi ilə bağlı hər ay 100 manat məbləğində əlavə xərc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, aliment məbləğinin və əlavə xərcin müəyyən edildiyi 2018-ci il tarixdən bu yana istehlak qiymətləri artmış, uşaqlar böyümüş və onların maddi tələbatının həcmi də artmışdır, əlavə olunan sənədlərdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X10 da baş beynin xəstəliyindən əziyyət çəkir və ona hər ay dərmanlar alınmalıdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2(003)- 1362/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 05 iyul 2006-cı il təvəllüdlü X4, 05 mart 2009-cu il təvəllüdlü X5 və 28 sentyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanununun 5, 13, Ailə Məcəlləsinin 17, 75.1, 76, 78, 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin müəyyən olunmuş miqdarını dəyişərkən Ailə Məcəllsinin 112-ci maddəsinin tələblərinə düzgün hüquqi qiymət verməmiş, atanın yüksək əmək haqqı aldığına, minimum alment məbləğinin 235 manat olmalı olduğuna hər hansı hüquqi qiymət verilməmişdir. Maddi hüquq normaları pozularaq 190 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinini pozaraq uşaqların xəstəliyinə görə əlavə xərc hissəsində iddianı təmin etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnamə çıxararkən cavabdehin etirazının əsası kimi istinad etdiyi halların sübut edilmədiyini nəzərə almamış, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış. Maddi hüquq normalarına və prosessual hüquq normalarına uyğun qətnamə çıxarılmamışdır. Bundan başqa əlavə xərc hissəsində uşağın xəstəliyi nəzərə alınmamış və məhkəmə bu barədə hər hansı araşdırma aparmadan iddianı təmin etməmişdir. İş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə uşaqların xərclərinin hər il artdığına, atanın əmək haqqının kifayət qəsəd yüksək olduğuna, ananın işləmədiyinə, uşaqların ikisinin xəstə olduğuna dair sübutlar olmasına baxmayaraq uşaqların xəstəlik sənədlərini nəzərə almamış, öz qətnaməsini bu hissədə kifayət qədər əsaslandırmayaraq həmin hissədə iddia tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə 190 manat aliment tutulması nəticəsinə gəlsə də bu işin hallarına uyğun deyil. Uşağın birinin 18 yaşına çatdığı nəzərə alınmalı, həmçinin cavabdehin işləyərək 1268 manat əmək haqqı alsa da uşaqların minimum yaşayış xərci 235 manatdan başlasa da məhkəmə özünün gəldiyi nəticədə bu halların heç birinə düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən tutulan alimentin ödənilməsinin də onun maddi vəziyyəti üçün çətinlik yaratdığını bildirmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, cavabdeh tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləği hissədə dəyişdirilməlidir.
21. Uşaqların xəstəliyi ilə əlaqədar çəkilməli olan xərclərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər, əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Normanın məzmununa görə bu xərcin tutulması üçün iddiaçı ilk növbədə həmin xərclərin mövcudluğunu sübut etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə həmin xərclərin nədən ibarət olması, nə qədər təşkil etməsi barədə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, uşaqların xəsitəliyi ilə bağlı əlavə xərclərin ödənilməsi hissəsində iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır və bu hissədə qətnamənin ləğv olunması və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Alimentin məbləğinin artırılması ilə bağlı birinci instansiya məhkəməsi hər bir uşaq üçün 190 manat məbləğində alimentin tutulması qənaətinə gəlmişdir və bu məbləğdə alimentin tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. Qətnamə isə hal – hazıra kimi qüvvəyə minməmişdir, mübahisələndirilən məbləğ 5000 manatdan aşağı olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gün qətnamə qanuni quvvəyə minir.
23. Uşaqlardan biri 05 iyul 2006-cı il təvəllüdlü X9 hal – hazırda yetkinlik yaşına çatmışdır, yəni, ona münasibətdə alimentin məbləği artırıldıqda belə bu artırılmış məbləğin tutulması mümkün deyildir. Bu xüsusat isə Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulduğu kimi “alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması” halını yaradır, yəni, cavabdeh 1 uşaq yetkinlik yaşına çatdığından ona münasibətdə aliment ödəmək öhdəliyindən azad olur. Bu xüsusat isə alimentin müəyyən olunmuş miqdarını dəyişilməsi üçün əsasdır.
24. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən – hər bir uşağın saxlanılması üçün alimentin miqdarının 235 manat həddində müəyyən olunması hissəsində əsaslıdır, 05 mart 2009-cu il təvəllüdlü X5 və 28 sentyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulmalıdır.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə cavabdehdən tutulan alimentin məbləği hissədə düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə qismən əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada qismən ləğv edilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, e- 2(003)- 1362/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, e- 2(003)- 1362/2024 nömrəli qətnaməsi yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmalı olan alimentin məbləğinin artırılması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(003)- 3688/2018 nömrəli qətnaməsinə əsasən 05 mart 2009-cu il təvəllüdlü X5 və 28 sentyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan alimentin məbləği dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 05 mart 2009-cu il təvəllüdlü X5 və 28 sentyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.