Məhkəmə qərarları › İş №2(103)-4038/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4038/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4038/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə cavabdehdən 5055 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Kia Optima” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 09:00 radələrində özünə məxsus həmin avtomobillə Dilarə Əliyeva küçəsində hərəkətdə olan zaman F.Əmirov küçəsi ilə kəsişmədə X7 tərəfindən idarə edilən “Toyota Prius” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Göstərilən yolnəqliyyat hadisəsi “Toyota Prius” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomobili idarə edən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X2 təqsiri Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarla müəyyən edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Tərəfindən müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur və X7 həmin avtomobili qanuni əsas olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınına ciddi şəkildə ziyan dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddianın təmin olunmalı olması, cavabdehin nəqliyyat vaistəsinin mülkiyyətçisi kimi mülki hüquqi məsuliyyət daşıması, iddianın düzgün cavabdehə qarşı verilməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh yüksək təhlükə mənbəyi sayılan avtomobilin mülkiyyətçisidir. Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi yalnız o zaman məsuliyyət daşımır ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirsin. Hazırki vəziyyətdə isə cavabdeh avtomobili könüllü olaraq verib digər şəxsə o da qəza törədib. Belə olan halda cavabdeh mülkiyyətçi kimi məsuliyyət daşıyır ziyanla hissədə. Bununla yanaşı, qəza avtomobili etibarnamə əsasında idarə edən digər şəxsin təqsiri nəticəsində törədilsə də, qanunvericlik iddiaçıya bu cür hallarda seçim imkanı verir. Yəni, iddiaçı həm mülkiyyətçidən, həm də yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən şəxsdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin, qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Bu səbəbdən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı yazılı etirazında iddianı qəbul etməyərək, özünə məxsus “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün X1 verməsini, yol-nəqliyyat hadisəsinin də məhz X7 tərəfindən törədilməsini qeyd etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan “İnzibati xəta haqqında” ******* nömrəli İXP seriyalı xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-da “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobili idarə edən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və eyni tarixdə Bakı şəhəri DYPİ polis mayoru X3 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, X7 80 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan “Nəqliyyat vasitələrinin zədələnməsi” barədə xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı məxsus “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə saat 09:00-da X7 tərəfindən idarə olunan “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində zərər dəymişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-175475/2023 nömrəli məktubuna əlavə edilmiş kompüter çıxarışından görünür ki, “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh tərəfindən X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İşdə olan X5 (VÖEN **********) xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5055 manatdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli №3-16-16/2-9/9773/2023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “F/Ş X8 VÖEN **********” qüsur aktında olan məlumatlara əsasən 2015-ci il buraxılışlı “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4247 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli №3-16-16/2-9/3815/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “F/Ş X8 VÖEN **********” qüsur aktında olan məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hazırkı tarixə təxminən 3940 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 2480 manat, təmirbərpa işlərinin qiyməti – 1460 manat. “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin cavabdeh tərəfindən vurulması və ya sonuncunun təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması öz təsdiqini tapmamışdır. Cavabdeh özünə məxsus avtomobili öz iradəsinə uyğun olaraq hüquqauyğun şəkildə, yəni qanuni əsaslarla idarə edilməsi üçün etibarnamə ilə X1 vermişdir. Belə olan halda cavabdeh üçüncü şəxs tərəfindən törədilmiş delikt nəticəsində iddiaçıya dəymiş ziyana görə mülki məsuliyyət daşıya bilməz. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına etiraz etmiş, bu səbəbdən də məhkəmə iddiaya hazırki cavabdehə münasibətdə baxmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarına əsasən, xx.xx.2023-cü il tarixdə cavbadehin mülkiyyətində olan “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 inzibati xəta hadisəsi törədərək İddiaçı məxsus və onun tərəfindən idarə edilən “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində avtomobilə zərər dəymişdir. İddiaçı məhz avtomobilin mülkiyyətçisi olan cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müracət edərək, ondan dəymiş zərərin əvəzi olaraq 5055 manat pul vəsaitinin xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır (səbəbli əlaqə). Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı avtomobilin mülkiyyətçisinin (cavabdehin) törədilmiş yol-nəqliyyat hadisəsinə hər hansı aidiyyətinin olması müəyyən edilməmişdir. Çünki, işdə olan sübutlardan (DYP-nin arayışları, inzibati xəta haqqında protokol, qərar və s.) görünür ki, mülkiyyətçi avtomobili qanuni əsaslarla (etibarnamə) üçüncü şəxsin sahibliyinə və istifadəsinə vermişdir. İddiaçının mövqeyinə (apellyasiya şikayətinin dəlillərinə görə) görə yol-nəqliyyat hadisəsi bilavasitə cavabdeh tərəfindən törədilməsə də, sonuncu avtomobilin (yüksək təhlükə mənbəyinin) mülkiyyətçisi olduğundan Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki, Mülki Məcəllənin 1108.2-ci maddəsində qeyd olunmuşdur ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Cavabdeh isə avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirə bilməmişdir. Əksinə, etibarnamə verməklə avtomobili könüllü olaraq üçüncü şəxsin istifadəsinə vermişdir. Belə olan halda isə cavabdeh üçüncü şəxsin törətdiyi delikt nəticəsində obyektiv olaraq mülki hüquqi məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçı qeyd edilən maddi hüquq normasının dispozitiv şərtlərini düzgün təfsir etməmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt - onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Göründüyü kimi, qanunverici mülkiyyətçi sözündən deyil, yüksək təhlükə mənbəyinin sahibi terminindən istifadə etmişdir. Dolayısı ilə əgər mülkiyyətçi nəqliyyat vasitəsini qanuni əsaslarla (icarə müqaviləsi, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsi və s.) üçüncü şəxsin istifadəsinə vermişdirsə, sonuncu həmin əşyanın qanuni sahibi sayılır və delikt hadisəsi də məhz həmin üçüncü şəxs tərəfindən törədilirsə o zaman mülkiyyətçi dəymiş zərərə görə mülki hüquqi məsuliyyət daşıya bilməz. Həmçinin qeyd edilməlidir ki, hazırki işin halları baxımından üçüncü şəxs cavabdeh tərəfindən ona verilmiş müvafiq etibarnamə əsasında nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirməklə, onu idarə etməyə səlahiyyətli olmuş, eyni zamanda sürücülük hüququna (vəsiqəsinə) malik olmuşdur. Belə olan halda isə cavabdehin digər şəxsin törətdiyi delikt nəticəsində dəymiş zərərə görə mülki hüquqi məsuliyyət daşıması istisna olunur. Beləliklə, məhkəmə baxışı zamanı cavabdehin mülki məsuliyyətinin yaranması üçün MM-nin 1108.1 və 1108.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğu müəyyən olunmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına etiraz etmiş, bu səbəbdən də məhkəmə iddiaya hazırki cavabdehə münasibətdə baxmışdır. Cavabdehin təqsirsiz məsuliyyət daşıması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək Kollegiya qeyd edir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məsələn, belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir (Mülki Məcəllənin 1099-cu maddəsi). Lakin iddiaçı, üçüncü şəxslə cavabdeh arasında əmək və s. bu kimi münasibətlərin olmasını, yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsin işçi kimi cavabdehin nəzarəti altında işləri görməsini və bu kimi digər təqsirsiz məsuliyyəti ehtiva edə biləcək hər hansı sübutu, əsaslandırmanı, dəlili təqdim etməmişdir. Həmçinin, işdə olan sübutlarla (inzibati xəta haqqında protokol, qərar və s.) da cavabdehin təqsirsiz məsuliyyət daşıması ilə bağlı qeyd edilən halların mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunverijinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar