Məhkəmə qərarları › İş №2(103)-4039/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4039/2020

04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4039/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(008)-9342/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, birgə nikahdan doğulmuş 10 oktyabr 2004-cü il təvəllüdlü X5, 07 iyun 2010cu il təvəllüdlü X6 və 18 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 480 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının gedişində İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(008)-9342/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, birgə nikahdan doğulmuş 10 oktyabr 2004-cü il təvəllüdlü X5, 07 iyun 2010cu il təvəllüdlü X6 və 18 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)- 1216/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(008)-9342/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılmışdır. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 oktyabr 2004-cü il təvəllüdlü X5,07 iyun 2010-cu il təvəllüdlü X6 və 18 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, ümumilikdə 510 (beş yüz on)manat alimentin ləğv edilməsini və Sabunçu rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(008)-9342/2016 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Sabunçu rayon Məhkəməsinin 2(008)-9342/2016 saylı 16.09. 2016-cı il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimenti çox çətinliklə ödədiyini, hazırda heç yerdə işləmədiyini, işə düzəlməklə bağlı müvafiq dövlət orqanına müraciət etsə də, hələlik işə düzələ bilmədiyini qeyd etmişdir (Bununla bağlı Sabunçu rayon Məşğulluq Mərkəzindən verilmiş arayışı təqdim edir). Buna görə də o, məhkəmənin təyin etdiyi hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat alimenti ödəməsinin qeyri mümkün olduğunu bildirir. Bundan əlavə o, yenidən ailə qurub və ailəsi ilə birlikdə kirayədə qalır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin tam təmin edilməsi hissəsində ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16.09.2016-cı il tarixli 2(008)-9342 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasındakı nikaha xitam verilmiş, tərəflərin birgə nikahından doğulmuş 18 yanvar 2012-ci il təvəllüdlü X3, 07 iyun 2010-cu il təvəllüdlü X6 və 10 oktyabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla cəmi 351 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi uşaqların təminatının mümkün qədər maksimal saxlanılması imkanlarını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflaysiyanı və diqqətəlayiq digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. Bu zaman məhkəmə 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun 170 manat məbləğində müəyyən edilməsini əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğinin miqdarını müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hazırda ödənilən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 4 ildən artıq müddət ərzində böyüməsi ilə əlaqədar təlabatı artmış minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olan 3 uşağın saxlanılması üçün zəruri xərclərin artması, bununla da iddiaçının maddi vəziyyətində pisləşməyə doğru dəyişiklik olduğuna dair iddiaçının dəlillərini inandırıcı hesab edir. Bununla yanaşı iddiaçı, cavabdehdən hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin alimenti iddia edilən miqdarda ödəməsi üçün zəruri qazanca malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf aliment məbləğinin artırılmasına dair iddiasını hər uşağa görə ödənilən 117 manat məbləğin uşaqların saxlanmasına kifayət etməməsi ilə yanaşı, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 170,00 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 170,00 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilən mövqedən çıxış edərək Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin, nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmiş, bu cür maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola biləcəyini vurğulamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Konstitusiya məhkəməsinin bu qərarında müəyyən edilmiş «qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulması» müddəasını rəhbər tutaraq, hazırkı mübahisəni həll edərkən məhkəmə nəzərə alır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə müəyyən edilmiş 117 manat aliment məbləği «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu ilə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 170,00 manat məbləğindən əhəmiyyətli dərəcədə fərqlənir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iş üzrə cavabdeh eyni zamanda üç uşağın saxlanması üçün aliment ödəyir. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə alimentin məbləği müəyyən edilərkən xeyrinə aliment tutulan uşaqların üstün mənafeyi ilə yanaşı, aliment ödəyən cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsi alimentin aylıq qazancın (başqa gəlirlərin) müəyyən hissəsi kimi tutulmasını müəyyən edərkən ( 1 uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə -qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı), aliment ödənilməli olan uşaqların sayının artması ilə alimentin ümumi məbləğinin müəyyən qədər azalmasını tənzimləməklə, hər iki tərəfin maddi mənafelərinin təmin edilməsində müəyyən tarazlığa nail olunmasına çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə oxşar münasibətləri nizama salan bu prinsipdən alimentin sabit məbləğdə tutulması zamanı da istifadə edilməsi tərəflərin, ilk növbədə aliment ödəyən valideynin və xeyrinə aliment tutulan uşaqların qanunla qorunan mənafelərinin təmin edilməsinə xidmət etmiş olar. Həmin mövqedən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə bir uşaq uşaqlar üçün 170,00 manat həddində müəyyən edilsə də, xeyrinə aliment tutulan uşaqların sayının çox olması ilə aliment ödəyən valideynin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün iki və ya daha çox uşağa görə sabit aliment məbləği tutularkən həmin məbləğ uşaqların sayına müvafiq olaraq və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən etdiyi prinsiplər nəzərə alınmaqla ağlabatan həddə artırılmalıdır. Məhkəmə, qanunvericiliyin yuxarıda şərh edilən müddəalarını rəhbər tutaraq, həmçinin işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1216/2016 saylı 12 fevral 2016-cı il tarixli qətnaməsi ilə 18 yanvar 2012-ci il təvəllüdlü X3, 07 iyun 2010-cu il təvəllüdlü X6 və 10 oktyabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 130 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyi baxımından mübahisənin qanuni və ədalətli həlli olardı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının aliment olaraq tələb etdiyi kimi, hər uşağa görə hər ay 170 manat pulun cavabdehdən tam olaraq tutulması onun özünü maddi çətinlik qarşısında qoymuş olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qeyd olunan halları tam və hərtərəfli araşdırmamış və alimentin tutulması hissəsində iddianın tam təmin etməklə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1216/2020 saylı mülki iş üzrə qəbul etdiyi 12 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi hissəsində ləğv edilsin, iddia qismən təmin olunsun. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1216/2016 saylı 12 fevral 2016-cı il tarixli qətnaməsi ilə 18 yanvar 2012-ci il təvəllüdlü X3, 07 iyun 2010-cu il təvəllüdlü X6 və 10 oktyabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 130 manat həddində olmaqla, cəmi 390 manat həddində müəyyən edilsin. Qətnamə əvvəlki qətnamə ilə tutulmalı olan məbləğin artırılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar