Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4039/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh MMC-nin direktoru X3 və MMC-nin vəkili X1 iştirakları ilə ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törətməməsi və cavabdeh təfərindən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh MMC adından X3 xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsinin ləğv olunmasını, işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(011)- 5987/2019 saylı qətnaməsindən Cavabdeh MMC adından X3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər, apellyasiya şikayətinə imza səlahiyyətlərini təsdiq edən sənədlərin əlavə edilməməsi və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə görə geri qaytarılmışdır. Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə təkrararən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsinin ləğv olunmasını, işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti vaxtında verilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin direktoru A.Hüseynov şikayəti müdafiə edərək qeyd etdi ki, onlar məhkəmənin xx.xx.2019-ci il tarixli qətnaməsinin surətini rəsmi şəkildə almamış, qətnamənin surətini xəbərnaməyə imza etməklə alan “xxxx” soyadlı şəxs MMC-nin əməkdaşı deyil, daha sonra qətnamənin alınması üçün məhkəməyə müraciət edib xəbərnamədəki imzanın saxta olduğunu bildirsə də, heç bir nəticə əldə edə bilməmiş, dəfələrlə məhkəmə baxış iclaslarının keçirilməsinə baxmayaraq onların iştirakı təmin olunmamışdır. Əlavə olaraq o bildirdi ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadında bundan əvvəl şikayətinin mümkünlüyünə prosessual müddətin bərpası barədə vəsatət verildiyi halda baxılmasının mümkün olması şikayətçinin diqqətinə çatdırıldığını qeyd etsə də, xx xxxxxx 2020-ci il tarixli qərardadında bu məsələ bağlı bir xüsusat qeyd olunmamışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin vəkili A.İsgəndərov şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, cavabdeh tərəfindən məhkəmənin 2(011)-5987/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin icraata qəbulu məsələsinə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, məhkəmənin 2(011)-5987/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixində “xxxx” soyadlı şəxs tərəfindən Cavabdeh MMC adından təhvil alınmışdır (i/v 51). Məhkəmə kollegiyasının iclasında MMC-nin direktoru A.Hüseynov izahatında göstərmişdir ki, “xxxx” soyadında onların əməkdaşı yoxdur, bu səbəbdən cavabdeh rayon məhkəməsinin qətnaməsini rəsmi şəkildə almış hesab olunmalı deyil. Bundan başqa, iş materiallarından görünür ki, A.Hüseynov xx.xx.2019-ci il tarixli qətnamənin surətini almaq üçün Xətai Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etməsinə baxmayaraq, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli məktubunda ilə onun səlahiyyətli olmaması və qətnamənin surətinin təkrarən alınması üçün rüsumun ödənilməməsi göstərilmişdir (i/v 59 və 63). Daha sonra A.Hüseynov məhkəməyə eyni məsələ ilə bağlı xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə yenidən müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli apellyasiya şikayəti məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması və prosessual müddətin buraxılması əsasları ilə geri qaytarılmışdır. Bundan sonra, A.Hüseynov MMC-nin direktoru olması ilə bağlı səlahiyyətlərini təsdiq edən sənədlər qoşmaqla verdiyi apellyasiya şikayəti məhkəmə tərəfindən xx xxxxxx 2021ci il tarixli qərardadı ilə prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən, rayon məhkəməsi qərardaddan verilmiş şikayətə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmalı idi. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərin iştirakı olamadan baxmışdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364-cü maddələrinə əsasən icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5987/2019 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364-cü maddələrinə əsasən icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4039/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4039/2021
07.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver