Məhkəmə qərarları › İş №2(103)-404/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-404/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-404/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Zilfalı oğlunun Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və cavabdehin özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında 29.05.2013-cü il tarixdə bağlanmış və Bakı Şəhəri 21 saylı Notariat Kontorunda (hazırda 49-cu Notariat Kontoru) rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsi” üzrə notarius tərəfindən 11.05.2015-ci il tarixdə verilmiş “cavabdehdən 1.500.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə icra qeydinin” ləğv edilməsi, “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 1.500.000 manat məbləğində əsas borcun və 450.000 manat məbləğində faiz borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanılmışdr. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.08.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, notarius tərəfindən 11.09.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsini, cavabdehdən iddiaçının xeyrinə 1.500.000 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamənin iddianın təmin edilməməsi barədə hissəsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 27.11.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 13471/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bundan sonra, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qətnamə (İş № 2(103)-6808/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin həmin apellyasiya icraatına aid olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdehin verdiyi kassasiya şikayətinə əsəsən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 11.06.2021-ci il tarixli qərar (İş № 2(102)-2999/2021) ilə cavabdehin kassasiya şikayətini təmin edilməsini, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli qətnamənin ləğv edilməsini və cavabdehin apellyasiya şikayətinə əsasən işə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu səbəbdən işə, cavabdeh tərəfindən mübahisələndirilən hissədə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Hazırki apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış və Notariat Kontoru tərəfindən qeydə alınmış 29.05.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçıdan 1.500.000 manat məbləğində pulu borc almışdır. Müqavilənin şərtinə görə, borc, 15.06.2013-cü il tarixdə qaytarılmalı idi. Buna və iddiaçı tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh, müxtəlif bəhanələri əsas gətirməklə borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən, iddiaçı, 11.09.2015-ci il tarixdə həmin Notariat Kontoruna müraciət etmişdir. İddiaçının müraciəti əsasında notarius tərəfindən “1.500.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə icra qeydi” verilmiş və icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borc ödənilməmiş qalmışdır. Buna görə də, notarius tərəfindən verilmiş “İcra qeydi” ləğv edilməli və cavabdehin iddiaçıya olan borcu cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.08.2019-cu il tarixli qətnamə ilə bu tələbləri əsaslı hesab edərək onları təmin etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi “29.05.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 1.500.000 manat məbləğində pulun tutulması barədə tələbinin təmin edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi həqiqətən də cavabdeh ilə iddiaçı arasında bağlanmış və Notariat Kontoru tərəfindən qeydə alınmış 29.05.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdeh iddiaçıdan 1.500.000 manat məbləğində pulu borc almışdır. Müqavilənin şərtinə görə, borc, 15.06.2013-cü il tarixdə qaytarılmalı idi. Buna və iddiaçı tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh, müxtəlif bəhanələri əsas gətirməklə borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən, iddiaçı, 11.09.2015-ci il tarixdə həmin Notariat Kontoruna müraciət etmişdir. İddiaçının müraciəti əsasında notarius tərəfindən “1.500.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə icra qeydi” verilmiş və icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borc ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 18.02.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19.08.2019cu il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “11.09.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda cavabdehdən 1.500.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə” tələbin təmin edilməsi ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra qeydi icra qeydi aparılmış tələb tələbkar tərəfindən deyil, yalnız borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki iş üzrə iddiaçı, tələbkar olaraq, onunla cavabdeh arasında 29.05.2013-cü il tarixdə bağlanmış və notariat qaydasında rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsi” üzrə notarius tərəfindən 11.05.2015-ci il tarixdə verilmiş “cavabdehdən 1.500.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə icra qeydinin ləğv edilməsi barədə” tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil, bu kimi tələbin tələbkar tərəfindən irəli sürülməsinin hüquqi əsası yoxdur. Məhkəmə iş üzrə artıq gəldiyi həmin mövqeyi nəzərə alaraq daha sonra qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 8.2-ci maddəsinin mənasına görə, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxıla bilməzdi. MPM-nin 20-ci fəsilənə aid olan 261.0.1-ci maddəsinin mənasına görə işə bu halda iş üzrə icraata xitam verilməli idi. Lakin, Rayon Məhkəməsi iddiaya iddia icraatı qaydasında baxmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-nin 384.0.5-ci maddəsinin tələbinə görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 365, 391, 384 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə “29.05.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Zilfalı oğlunun xeyrinə tutulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar