Məhkəmə qərarları › İş №2(103)-4040/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4040/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4040/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6794/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxx 2017-ci il tarixində Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi əsasında iddiaçı cavabdehə 5500 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı 5500 ABŞ dolları məbləğində pulu xx xxxxxxxx 2019-cu il tarixinədək qaytaracağını öhdəsinə götürmüşdür. Öhdəliyin icra müddəti başa çatmasına baxmayaraq, cavabdeh öhdəliyi yerinə yetirməmiş, buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6794/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş, onun ünvanına bildiriş göndərilməmişdir. İddiaçı iddia etdiyi məbləğdə borcu ona verməmişdir. O, 3800 ABŞ dollar məbləğində pulu faizlə iddiaçıdan götürmüşdür. Həmin məbləğdən 2500 ABŞ dollarını ödəmiş, iddiaçıya cəmi 3000 ABŞ dolları borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmənin qəbul etdiyi qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi hər biri ayrıayrılıqda apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu, borc məbləğindən hər hansı bir ödəniş olunmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-6794/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə materiallarında olan Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış xx xxx 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 5500 ABŞ dolları məbləğində borc pul vermiş, həmin pulu Cavabdeh xx xxxxxxxx 2019-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 5500 ABŞ dolları məbləğində borc götürməsi iş materiallarında olan xx xxx 2017-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunur. Cavabdeh iddiaçıdan 5500 ABŞ dolları məbləğində deyil, cəmi 3800 ABŞ dolları məbləğində borc alması, həmin borcu faizlə qaytarmaq şərtilə alması, borcun 2500 ABŞ dolları məbləğində hissəsini qaytarması, iddiaçıya cəmi 3000 ABŞ dolları məbləğində borcunun qalması barədə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə cavabdehin apelyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişlərindən və poçt reyestrlərindən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6794/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar