Məhkəmə qərarları › İş №2(103)-4041/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4041/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4041/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı 4 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1280/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 3.491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3.543,24 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 8,40 manat hissəsi iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin 86 manat hissəsi Cavabdeh, 14 manat hissəsi isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamədən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olması təsdiq olunmuşdur.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,4 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün 5% olmaqla illik 2.960,92 manat, 2 (iki) illik 5.921,84 manat zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (ümumilikdə 6.451,84 manat) pul məbləğinin ona ödənilməsi qət edilmişdir.

4. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021ci il tarixli qərardadı ilə borclu Cavabdeh 4.132,54 manat indeksasiya məbləğinin xeyrinə tutulması qət edilmiş və icraya yönəldilərək Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icraatına qəbul olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3.669 manat tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olması təsdiq olunmuşdur. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,4 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün 5% olmaqla illik 2.960,92 manat, 2 (iki) illik 5.921,84 manat zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (ümumilikdə 6.451,84 manat) pul məbləğinin ona ödənilməsi qət edilmişdir. Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və bu günədək icra olunmamışdır. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh 4.132,54 manat indeksasiya məbləğinin xeyrinə tutulması qət edilmiş və icraya yönəldilərək Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icraatına qəbul olunmuşdur. Bunlarla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh 2.349,10 manat xeyrinə tutulması qət edilmiş və icra sənədi icraya yönəldilərək Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinə verilmişdir. Göründüyü kimi, hazırki vaxtadək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 634/2020 saylı xx.xx.2020-ci il tarixdi qətnaməsi ilə tanınan 6.451,84 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunan 2.349,10 manat, ümumilikdə isə 59.248,4+6.451,84+4.132,54+2.349,10 = 72.181,88 manatın 2024-ci il üçün Cavabdeh tərəfindən ödənilməsi geçikdirilməklə geri qaytarılmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi məhkəmə qərarlarını mülki iş materiallarına əlavə etməmiş, hazırlıq iclaslarında iştirak etməməklə yanaşı, əlavə sübutlar təqdim etməyərək məhkəmə qətnaməsinin qəbul edilməsini məhkəməyə bildirmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. İddaçının müxtəlif məhkəmə qərarları ilə qət edilmiş ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3.609 manat maddi zərərin tələb etməsi əsassızdır. məhkəmə araşdırması zamanı cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat (indeksasiya məbləği) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ödənilməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manat məbləği üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.

9. Eyni zamanda məhkəmə cavabdehin maddi və ailə vəziyyəti, cavabdehdən tutulacaq borc pul məbləğinin mütəmadi indeksasiya edilməsi, ümumi məbləğlər üzrə artıq 5% gecikdirilmə məbləğinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinin cavabdehin maddi cəhətdən həddindən artıq ağır vəziyyətə düşməsinə, məhkəmə qərarlarının icrasının gecikdirilməsinə və müəyyən mənada sui-istifadə hallarına şərait yaradacağını qeyd etmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin təmin edilməsini hazırki işin halları baxımından qanuni, ədalətli və ağlabatan olduğunu hesab etməmişdir. Əsas borc məbləğinə hesablanmış faiz borcu məbləğinə yenidən faiz hesablanmalı olmadığını vurğulamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 445.1, 445.7, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1534/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual qanunvericiliyi kobud qaydada pozaraq işin həqiqi hallarına uyğun olmayan əsassız və maddi hüquq normaların şərtlərinə cavab verməyən nəticəyə gəlmişdir. Belə ki, işə baxan məhkəmə onun Azərbaycan Respublikası Konstitusiyası, habelə mülki-sahəvi qanunvericiliklə qorunan hüquqlarının pozulmasının qarşısını almaq və son 8 (səkkiz) il müddətində açıq-aşkar davam edən pozuntunu aradan qaldırıb, hüquqları bərpa etmək əvəzinə iş üzrə faktiki cavabdehin vəkili qismində iştirak etmişdir. Hakimin subyektiv yanaşması, işin faktiki hallarına aid olmamış, məhkəmə aktında mülki qanunvericliyin tələblərinə, Konstitusiya Məhkəməsinin aidiyyəti qərararlarına, Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsi ilə bağlı qərarların mahiyyətinə cavab verməyən mübahisəli məhkəmə aktında məhkəmənin birtərəfli mövqeyi sərgilənmiş, əsassız dəyərləndirmə ilə məhkəmə aktı zənginləşdirilmiş və işə mahiyyəti üzrə baxılması pozulmuş hüququn bərpasına deyil tez-tələsik məhkəmənin yekunlaşdırmasına xidmət etmişdir. Məhkəmənin “öhdəliyin borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməməsi” gənaəti, habelə qanunla verilən tələb hüquqlarından (indeksasiya və vurulmuş zərər tələbini) hər il üzrə istifadə etməyi “cavabdehin maddi cəhətdən həddində artıq ağır vəziyyətə düşməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi” kimi dəyərləndirilməsi işə baxan hakimin obyektiv, qərəzsiz, birtərəfli olan şəxs yox sanki cavabdehin səlahiyyətli nümayəndəsi və hüquqi yardım göstərmək niyyəti olan yaxını kimi qəbul etməsinə əsas verir. Məhkəmənin tərtib etmiş olduğu mübahisəli qətnamədə tələb üzrə məhkəmə qərarlarını mülki iş materiallarına əlavə edilməməsini nöqsanı (iddianın sübut edilmədiyi) kimi məhkəmənin qiymətləndirdiyi halda, onların real olaraq mövcudluğuna məhkəmə aktında şübhə ilə yanaşılmasına baxmayaraq aktın digər bəndində (eyni məhkəmə aktının digər hissəsində) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1280/2022 saylı, 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli, 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh hər hansı ödəniş edib-etməməsini müəyyən etmək mümkün olmadığını” məhkəmə vurğulamışdır. Deməli bir tərəfdən hakim deyir ki, qətnamə və məhkəmələrin digər aktları iddia ərizəsinə əlavə edilməyibsə iddia tələbi əsassızdır, iddiaçı sübut etmənin öhdəsindən gələ bilmir, digər tərəfdən belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi məhkəmə aktları üzrə cavabdehin ödəməli olduğu vəsaitdən ödənişin icra edilib-edilməsini müəyyən etmək mümkün deyil, belə olduğu halda iddaçının tələb etdiyi müxtəlif məhkəmə qərarları ilə qət edilmiş ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3609 manat maddi zərərin tələb etməsi əsassızdır. Məhkəmə “şəxsi düşüncələrinin” davamı olaraq yazır “iddia tələbinin təmin edilməsi cavabdehin maddi və ailə vəziyyətini, işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə almaqla, cavabdehdən tutulacaq borc pul məbləğinin mütəmadi indeksasiya edilməsi, ümumi məbləğlər üzrə artıq 5% gecikdirilmə məbləğinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, cavabdehin maddi cəhətdən həddində artıq ağır vəziyyətə düşməsinə, məhkəmə qərarlarının icrasının gecikdirilməsinə və müəyyən mənada sui-istifadə hallarına şərait yaradacaq.” Bu səbəbdən də hesab edir ki, iddia tələbinin təmin edilməməsi işin halları baxımından qanuni, ədalətli və ağlabatandır. Yuxarıda əksini tapmış dəyərləndirməni təhlil edib hesab edir ki, məhkəmənin işin hallarının göstərilən tərzdə dəyərləndirməsi, məhkəmənin qərəzsiz və obyektiv olmasını şübhə altına almaqla, məhkəməyə inamsızlığa zəmin yaratmasına təkan vermiş, ədalətli məhkəmə araşdırması hüququnun təməl stunlarının sarsıdılmasına, məhkəmə hakimiyyətinin rolunun və nüfuzunun azalmasına şərait yaratmışdır. Birinci instansiya məhkəməsində bu yanaşma nəticəsində iddia etmək, qanunvericiliyə söykənən iddianın təmin olunmaq hüququm pozulmuş və mübahisəli məhkəmə aktı qanunvericiliyin tələblərinə cavab verməmişdir. Qətnamənin məzmunundan görünür ki, hakim Cavabdeh İddiaçı qarşısında olan öhdəliklərinin mövcudluğunu qəbul edir, lakin Cavabdeh hərəkətlərində əsasən qərəz müəyyən etmir, habelə iddiaçının sübutlarını natamam bilir və zərər tələbinin təmin edilməsini Cavabdeh mənafeyi baxımından uyğun saymır. Deməli: 1. Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, 2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi - 6.451,84 manat 3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı - 4.132,54 manat 4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi - 2.349,10 manat, yəni ümumilikdə 4 (dörd) məhkəmə aktı üzrə Cavabdeh pul öhdəlikləri var və danılmazdır, Cavabdehla bağlı 72.181,88 manat öhdəlik tanınır və aydındır ki, qanunvericiliyə görə öhdəliyin icra edilməməsi mülki hüquq pozuntusudur, məsuliyyətə səbəb olmalıdır. Aşkardır ki, 2024-cü il üçün 4 (dörd) öhdəlik üzrə Cavabdeh tərəfindən aktiv hərəkətlər icra olunmamış, yalnız vədlər verilmiş, nəticədə icradan və icra prosesindən yayınma halları yaranmişdir. Qanunverici (MM-nin 445.7-ci maddəsi) kreditora münasibətdə borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi hallarda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququnu müəyyən etmişdir. Belə olduğu halda, 2024-cü il üçün 4 (dörd) məhkəmə aktı ilə bağlı borclu Cavabdeh gecikdirməyə yol verdiyindən ümumilikdə 72.181,88 manata münasibətdə gecikdirilmiş vaxt üçün zərər məbləği olaraq 5% ödənilməsini tələb etmək hüququ ona məxsusdur və kimsə də hüquqi əsas olmadan tələb hüququnu məhdudlaşdıra bilməz. 72.181,88 manat məbləğində öhdəlik varsa və icra mərhələsində vaxtında icra edilməyibsə, onun icrasız saxlanılması aşkardır və bu vəziyyətdə təqsirinin olub-olmamasına əlavə müəyyənləşdirlməsinə zərurət yoxdur. Nəzərə alınmalıdır ki, qanunverici tərəfindən xüsusi mexanizm müəyyən olunmuş, gecikdirilmiş öhdəliyə görə vurulmuş zərərin əsas məbləğə münasibətdə qanunda faizlə ifadə edilməsi müqavilə üzrə olan faiz borcu kimi qəbul olunmamalıdır və qanunla birbaşa geyd olunan zərər pul vəsaitindən istifadə haqqının (faizlərin) hesablanması ilə eyniləşdirilməməlidir. Digər tərəfdən diqqətə çatdırılmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalşadırılması ilə bağlı Plenum Qərarları, habelə formalaşmış təcrübədən məlumatsız olmasını aşkar qaydada nümayış etmiş və səbəbli əlaqə olaraq məhkəmə təcrübəsinə zidd olan məhkəmə aktı qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.399.3 və 399.4-cü maddələrinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 22.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 25.445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası). 26.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 27.528-ci maddələrinə əsasən, öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

30.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (4.1-ci maddə). 31.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 33.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 34.Tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. 36.Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat (indeksasiya məbləği) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ödənilməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manat məbləği üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. 37.Eyni zamanda məhkəmə cavabdehin maddi və ailə vəziyyəti, cavabdehdən tutulacaq borc pul məbləğinin mütəmadi indeksasiya edilməsi, ümumi məbləğlər üzrə artıq 5% gecikdirilmə məbləğinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinin cavabdehin maddi cəhətdən həddindən artıq ağır vəziyyətə düşməsinə, məhkəmə qərarlarının icrasının gecikdirilməsinə və müəyyən mənada sui-istifadə hallarına şərait yaradacağını qeyd etmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin təmin edilməsini hazırki işin halları baxımından qanuni, ədalətli və ağlabatan olduğunu hesab etməmişdir. Əsas borc məbləğinə hesablanmış faiz borcu məbləğinə yenidən faiz hesablanmalı olmadığını vurğulamışdır. 38.Hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının məhkəməyə bildirdiyi faktiki halların istinad etdiyi qanuni əsasın (Mülki Məcəllənin 445.7-ci maddəsi) dispozisiya şərtlərinə uyğun olub-olmaması baxımından aparılmalıdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən qətnamənin vaxtında (2024-cü il üzrə) icra edilməməsi nəticəsində məruz qaldığı zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 39.Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kreditor, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3cü maddəsindən irəli gəlir. 40.Beləliklə, öhdəliyin əmələ gəlməsinə əsas olan qətnamənin icrasının gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 41.İddia ərizəsindən də göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinə istinadən cavabdehdən pulun tutulmasını xahiş etmişdir. 42.Hazırkı halda da nəzərə alınmalıdır ki, yaranma əsasından asılı olmayaraq öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddə zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. 43.Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsi, qanunsuz hərəkət (hərəkətsizlik) ilə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. 44.İş materiallarından görünür ki, borcalan-cavabdeh məhkəmə qətnaməsini, könüllü icrası üçün icra məmuru tərəfindən ona verilmiş müddət bitdikdən sonra edilən xəbərdarlıqlara, vurulmuş zərərin ödənilməsi ilə bağlı çox saylı məhkəmə aktlarının mövcudluğuna baxmayaraq pul məbləğinin ödəməsini gecikdirir. Bunun nəticəsində iddiaçının-kreditorun, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən pul məbləğinin ödənilməsinin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, hər hansı əsasla yaranmış pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. 45.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Məhkəmə kollegiyası məhkəmənin mübahisələndirilən qətnamədə sərgilədiyi hüquqi əsaslandırmasına münasibətdə qeyd etməyi zəruri sayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən könüllü icra edilməməsi, yəni həmin qətnamə üzrə yaranmış öhdəliyə əməl etməməsi, bunun nəticəsində iddiaçının vəsaitindən yenidən istifadə edə bilməməsi səbəbindən ziyana uğraması işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh qeyd edilənləri təkzib edə bilən hər hansı sübutu təqdim etməməklə, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallara etirazını bildirməmişdir. 46.Beləliklə də, baxılan işdə birinci instansiya məhkəməsi iddiaçının pul məbləğinin ödənilməsinin gecikdirildiyi üçün zərərə uğradığını sübuta yetirə bilmədiyini qeyd edərək, iddia tələbinin təmin edilməsinin cavabdehin maddi cəhətdən həddindən artıq ağır vəziyyətə düşməsinə, məhkəmə qərarlarının icrasının gecikdirilməsinə və müəyyən mənada sui-istifadə hallarına şərait yaradacağına dair nəticəyə gələrkən yuxarıda qeyd olunmuş xüsusatları nəzərə almamış, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, ümumiyyətlə MM-in 445.7-ci maddəsinin dispozisiya şərtləri üzrə işin faktiki hallara dair hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının məhkəmədə istinad etdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu müəyyən edilir. 47.Belə olan halda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 48.Bununla belə kollegiya vurğulayır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. 49.Bu səbəbdən Mülki Məcəllənin 18-ci maddəsində mülki hüquqların müdafiəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilməli olması təsbit edilmişdir. 50.Məhkəmə kollegiyası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan 6.451,84 manat, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə tutulan 4.132,54 manat (indeksasiya məbləği) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulması qət edilən 2.349,10 manat məbləğlərinin ödənilməsinin gecikdirdirildiyi vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, kreditor öhdəliyin pozulması halında onun yaranma əsaslarından (müqavilə, digər əqdlər, zərər, əsassız varlanma və ya Mülki Məcəllədə göstərilən sair əsaslar) asılı olmayaraq digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. 51.Bununla belə Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin gecikdirilmiş icrası üçün faizlərin tətbiqi imkanı bəzi hallarda istisna olunur. Belə ki, pul öhdəliyinin icrasını gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olsa da nəzərə alınmalıdır ki, pozulmuş hüququn qorunması tədbirləri bir tərəfin digərinin hesabına varlanmasına şərait yaratmamalı, bu tədbirlər həyata keçirilərkən mülki məsuliyyətin öhdəliyin pozulmasının nəticələrinə mütənasib olması prinsipinə uyğun olmalıdır. Beləliklə faiz üzrə faiz hesablanması yolverilməzdir. 52.İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh məhkəmə aktı ilə tutulması müəyyən edilmiş 59.218,4 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin qaytarılmasının gecikdirildiyi üçün dəymiş zərərin məbləği illik 5% olmaqla 2.960,92 manat təşkil etdiyi müəyyən edilmişdir. 53.Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək, pul öhdəliyinin icra edilməməsi nəticəsində 2024-cü il üzrə iddiaçıya dəymiş zərər olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 2.960,92 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 54.Həmçinin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş (60+30) 90 manatın 74 manatı məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 55.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 56.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Zərər olaraq 2.960,92 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş (60+30) 90 manatın 74 manatı məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar