Məhkəmə qərarları › İş №2(103)-4042/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4042/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4042/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və X4 Cavabdeh oğluna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, pul vəsaitinin qanunsuz saxlanılmasına görə faizlərin tutulması, qətnamənin düzgün əsaslandırılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı (o, həm də X4 nümayəndəsidir) və Cavabdeh oğlunun iştirakları ilə İddiaçı və X4 Cavabdeh oğluna qarşı “borcun, əldən çıxmış faydanın və ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı və onun həyat yoldaşı X2 Əlisəfa Hüseyn oğluna 5000 manat vermiş (Cavabdeh bildirməsinə görə pulu ona Abdul Hüseynov vermişdir), həmin pul vəsaiti geri qaytarılmadığından İddiaçı Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nə şikayətlə müraciət etmiş, Cavabdeh polis bölməsində verdiyi izahatında İddiaçı pul almadığını, onun həyat yoldaşı “Aqqa” kimi tanıdığı şəxsin bir gün təsadüfi görüş zamanı “nə vaxt borca pul ehtiyacı olsa, ona müraciət edə biləcəyini” dediyini, tanışı Ceyhunla biznes fəaliyyəti ilə məşğul olmaq istədiyindən və Ceyhun ona 5000 manat lazım olduğunu bildirdiyindən “Aqqa”ya zəng edərək iş olduğunu, onun da xeyir götürəcəyini təklif etdiyini, “Aqqa”nın da onlara borca 5000 manat göndərdiyini, pandemiya dövrü olduğu üçün işlərinin dayandığını, bu səbəblə “Aqqa”ya olan borcu qaytara bilmədiklərini, işləri qaydasına düşərsə 5000 manat borcun qaytarılacağını bildirmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borcun və ziyanın əvəzi olaraq 7000 manatın, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, səmimi və mehriban münasibətlərdə olduğu cavabdeh 2020-ci ilin yanvar ayında ona vacib pul lazım olduğunu bildirmiş, pulu bir ay müddətində qaytaracağını demiş, həyat yoldaşı ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov 21 ünvanında onunla görüşmüş, borc istədiyi 5000 manat məbləğində pulu cavabdehə vermişdir. Bir aydan sonra pulu istəyəndə cavabdeh biraz da gözləməsini xahiş etmiş, bir ay bir ili ötmüş, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi şikayəti əsasında araşdırma aparmış, ona bildirmişlər ki, cavabdeh borc aldığını etiraf edir və qaytaracağına söz verir, buna görə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Cavabdeh ona borclu olduğu 5000 manatı qaytarmamaqla 2000 manat da ziyan vurmuşdur və bu səbəblə ondan cəmi 7000 manat, həmçinin 30 manat dövlət rüsumunun əvəzi, 1 manat xidmət haqqı xeyrinə tutulmalıdır.

4. X1 da özünün ərizəsi və İddiaçı razılığı nəzərə alınaraq iddiaçı qismində prosesə cəlb olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazında göstərmişdir ki, iddia edilən 5000 manat İddiaçı həyat yoldaşı “Aqqa” tərəfindən Salyandan göndərilmiş və “NCM” şirkətlər qrupunun direktoru X3 çatmış, bir müddət sonra Ceyhunun ofisində onun və “Aqqa”nın iştirakı ilə Ceyhun 5000 manatın ona verildiyini təsdiqləmiş, sonralar “Aqqa”nın Ceyhunla 5000 manatın geri qaytarılması ilə əlaqədar çoxsaylı telefon danışıqları olmuş, Ceyhun hər dəfə pulu geri qaytaracağına söz vermiş, lakin pandemiyaya görə işinin dayandığını və başqa müxtəlif bəhanələr gətirərək bu günə qədər qaytarmamışdır. X5 etibarından istifadə edərək ona qarşı da dələduzluq etmiş, bununla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh oğlundan 5000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq X6 və İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

7. Tərəflər arasındakı hüquq münasibətlərinin borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəldiyini, borc müqaviləsindən irəli gələn münasibətlərin Mülki Məcəllənin 37-ci fəslinin normaları ilə tənzimləndiyini, həmin fəslin normalarında borc müqaviləsinin formasının qanunverici tərəfindən müəyyənləşdirilməklə tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanmasının nəzərdə tutulduğunu vurğulayan məhkəmə, mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır.

8. Məhkəmə iddiaçıların digər tələbi ilə bağlı qeyd etmişdir ki, onlar məhkəməyə, cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü), eləcə də telefon danışıqları və Bakıya gediş-gəliş xərclərini təsdiq edən sübutlar təqdim etmədiklərindən, iddia həmin hissədə təmin oluna bilməz.

9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 324.4-cü, 329.2-ci, 385.1-ci, 390.4-cü, 442-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci, 739.1-ci, 740.1-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixi qərarına istinad etmişdir.

10. Həmin qətnamədən Cavabdeh oğlu apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, iddiaya etirazı ilə eyni məzmunda əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, borc müqaviləsinin yazılı bağlanmalı olması barədə qanunun tələbini, “Aqqa” adlı şəxsdən aldığı pulu Ceyhun Nəcəfova vermiş olduğunu və cavabdehliyin də həmin şəxsin daşıdığını nəzərə almadığını irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Abdul Hüseynov məhkəməyə gəlməmiş, İddiaçı (o, həm də Abdul Hüseynovun nümayəndəsidir) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

13. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

14. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

15. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

18. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

28. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia qismən rədd edilsə də, iddiaçılar qətnaməni mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, Cavabdeh isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etməsinə baxmayaraq, onun iradə ifadəsi faktiki olaraq qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Yuxarıda qeyd olunduğu kimi məhkəmə, qətnamənin yoxlanılan hissəsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində borc verilmiş, lakin cavabdeh həmin borcu qaytarmamışdır.

38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni müvafiq hissədə düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

39. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

41. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (Mülki Məcəllənin 740.2-ci maddəsi).

42. İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır – cavabdeh isə, İddiaçı pul almadığını, onun həyat yoldaşı “Aqqa” kimi tanıdığı şəxsin onlara (ona və Ceyhun Nəcəfova) borca 5000 manat göndərdiyini, işləri qaydasına düşərsə 5000 manat borcun qaytarılacağını bildirmişdir.

43. Göründüyü kimi, tərəflərin etibarlı borc müqaviləsi bağlamış olmalarından bəhs etmək mümkün deyildir və beləliklə də məhkəmə, qətnamənin mübahisələndirilən hissəsində tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etmişdir.

44. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

45. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə yoxlanılan hissədə ləğv olunmalı, həmin iddia tələbinin qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

46. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehdən, əhəmiyyətsiz əqd üzrə əldə etdiyi 5000 manat Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən X4 xeyrinə tutula bilər – belə ki, o, məhz Abdul Hüseynovdan həmin məbləğdə pulu aldığını faktiki olaraq etiraf etmişdir.

48. Həmin pul vəsaitini Abdul Hüseynovdan alıb Ceyhun adlı şəxsə verdiyi və buna görə də pulun Ceyhundan tələb edilməli olduğu barədə cavabdehin arqumentini isə kollegiya əsassız hesab edir – belə ki, onun Ceyhun Nəcəfovla münasibəti, müvafiq iddia tələbinin həlli baxımından əhəmiyyət kəsb etmir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2022 saylı iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh oğlundan 5000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq X6 və İddiaçı ödənilməsi” hissəsində ləğv olunsun və müvafiq hissədə yeni qətnamə çıxarılsın. Həmin iddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan əsassız varlanma obyekti olan 5000 manat, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı, yəni cəmi 5031 (beş min otuz bir) manat tutularaq X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar