Məhkəmə qərarları › İş №2(103)-4046/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4046/2024

25.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4046/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneçiliyin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-215/2024 nömrəli 18 mart 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus 0.0221 ha torpaq sahəsi üzərində olan tikililərin dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin və digər təşkilatların mütəxəssislərinin həmin torpaq sahəsinə və həmin sahə üzərində yerləşən tikililərə daxil olmasına və onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə, torpaq sahəsinə daxil olub-çıxmasına maneə törətməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə onların onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-215/2024 nömrəli 18 mart 2024cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, hazırlıq iclası təyin edilməklə cavabdehlərin yeni iddia tələbinə dair öz etirazlarını, mülahizələrini və digər tələblərini təqdim etmələrinə şərait yaradılmasının təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, qərardad icraatın dayandırılması hissəsində qanunsuz və əsassızdır. Məhkəmə öz sübutlarını, dəlillərini təqdim etməyə şərait yaratmamış, ona qarşı qaldırılmış iddiaya qarşı öz müdafiəsini həyata keçirməsini təmin etməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə ekspertiza təyin edildiyindən icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Şikayətdə isə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsas göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-215/2024 nömrəli 18 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar